AZ

Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq - VİDEO

Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm İncəsənət Festivalı keçiriləcək.

Day.Az xəbər verir ki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.

Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.

Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv yaddaşı təcəssüm etdirən su, "Art Weekend"in əsas elementi kimi seçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoquna töhfə verəcək.

Tədbirlərdən biri Bakının qədim hissəsində - İçərişəhərdə, XVII əsrə aid Yeraltı hamamda keçiriləcək. Burada "Axar yaddaş" adlı kollektiv sərgi təqdim olunacaq - bu ekspozisiya hamam mədəniyyətinin müasir yozumudur. Layihədə əməkdar rəssam Səbinə Şıxlinskaya, gənc istedadlar Nərgiz Əsgərova, Aliyə Bayramova və Timur Zaripoviç iştirak edirlər.

Sərginin kuratoru Mənsurə Məmmədəliyeva bildirib ki, ekspozisiya təkcə ənənələri tərənnüm etmir, həm də Azərbaycanın hamam mədəniyyəti və tarixinin çoxqatlı semantikasını su, yaddaş və təmizlik prizmasından araşdırır:

 

"Sərgi çərçivəsində hamam yalnız fiziki məkan kimi deyil, həm də sosial münasibətlərin, şəxsi xatirələrin və mədəni varisliyin daşıyıcısı kimi təqdim olunur. Rəssamların əsərləri hamamı axar yaddaşın, nəsilləri və təcrübələri birləşdirən, kollektiv kimliyi formalaşdıran və tarixi-mədəni irsi yenidən dəyərləndirən bir məkan kimi göstərir", - Mənsurə Məmmədəliyeva Trend-ə bildirib.

Səbinə Şıxlinskaya isə "Hamam" adlı video-installasiyanı təqdim edəcək. Bu əsər 2006-cı ildə yaradılıb və bu illər ərzində müxtəlif versiyalarda təxminən on beş ölkədə uğurla nümayiş etdirilib. Rəssam bu işdə sufi təmizlənmə ritualını araşdırır. İnteraktiv installyasiya Xalq artisti, bəstəkar Fərac Kərayevin "Nostalgiya" əsəri ilə müşayiət olunur.

"Hamam tarixən təkcə fiziki deyil, həm də mənəvi saflaşmanı simvolizə edib və insanın kainatın sirlərinə yaxınlaşmasına şərait yaradıb. Installasiyada su, təmizlik və transformasiyanı ifadə edən vizual obrazlar ənənəvi rituaların meditativ atmosferi ilə birləşir. Mənim işim həm də milli irsin qorunmasına, ona sevgi və diqqətlə yanaşmağa yönəlib",- deyə Səbinə Şıxlinskaya vurğulayıb.

Nərgiz Əsgərova "Su kimi ol" adlı unikal nano video-art əsərini təqdim edəcək. Bu əsər suyun mədəni və simvolik qatlarını araşdırır. Rəssam üçün su təkcə həyat mənbəyi deyil, həm də mədəni yaddaşın daşıyıcısı, təmizlənmə, yenilənmə və çevrilmə rəmzidir. Nano-art texnologiyalarından istifadə edərək müəllif suyun kimliyi qoruyan transformasiya gücünü ön plana çəkir və simvolizmlə innovasiyanı birləşdirir.

Giriş sərbəstdir. Qeydiyyat üçün bu ünvana daxil olun! https://bakuartweekend.az/az/register/

Seçilən
10
4
day.az

5Mənbələr