“Hamiləlik dövründə qidalanma yalnız ana üçün deyil, gələcək körpənin sağlamlığı və normal inkişafı üçün də həyati əhəmiyyət daşıyır. Bu dövr ərzində qadın orqanizmi həm öz ehtiyaclarını, həm də böyüyən dölün qida və enerji tələbatını qarşılamalı olur. Əsas hədəf yalnız kilo almaq deyil, körpənin sağlam inkişafını dəstəkləyən zəruri maddələri optimal şəkildə qəbul etmək olmalıdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Sahilə Vəliyeva bildirib.
Onun sözlərinə görə, hamilə qadının gündəlik rasionunda yer almalı olan əsas maddələrdən biri fol turşusudur və B qrupuna aid olan bu vitamin xüsusilə hamiləliyin ilk aylarında dölün sinir borusu sisteminin düzgün formalaşması üçün vacibdir. Həkim əlavə edib ki, fol turşusu çatışmazlığı sinir borusu qüsurlarına, ciddi doğuş anomaliyalarına səbəb ola bilər. Sezar pizza
“Dəmir isə həm ananın, həm də körpənin sağlam qan dövranı üçün əvəzsizdir. Hamiləlik zamanı qanın həcmi artdığı üçün ananın dəmir ehtiyacı da yüksəlir. Dəmir çatışmazlığı nəticəsində inkişaf edən qan azlığı anada yorğunluq, halsızlıq və infeksiya riskinin artması ilə yanaşı, körpədə inkişaf geriliyinə səbəb ola bilər. Həmçinin doğuş zamanı qan itkisi ehtimalı da nəzərə alındıqda, dəmir depolarının dolu olması həyati əhəmiyyət daşıyır”, - deyə S.Vəliyeva qeyd edib.
Mama-ginekoloq vurğulayıb ki, kalsium həm ananın sümük və diş sağlamlığı üçün, həm də körpənin skelet sisteminin normal formalaşması üçün vacibdir:
“Əgər gündəlik kalsium tələbatı qida ilə ödənilməzsə, döl bu elementi ananın sümük toxumasından alır və bu da analarda sümük əriməsi və diş problemlərinə səbəb ola bilər. Gündəlik kalsium tələbatı təxminən 1000-1200 mq təşkil edir. Bu miqdar süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və bəzi balıq növləri ilə təmin edilə bilər.
Zülal, yəni protein isə, dölün hüceyrə və toxuma quruluşunun əsas tikinti materialıdır. Bu maddə həm əzələ, orqan və dəri kimi toxumaların formalaşmasında, həm də immun sisteminin güclənməsində əhəmiyyətlidir. Hamilə qadın üçün gündəlik zülal tələbatı təxminən 70-100 qramdır. Bu miqdar yumurta, ət, süd məhsulları, paxlalılar və qoz-fındıq kimi məhsullarla təmin edilə bilər”.
Həkim deyib ki, bu maddələrin təmin olunması üçün hamilə qadınların gündəlik qida menyusunda təzə meyvə və tərəvəzlərə geniş yer ayrılmalıdır:
“Həmin məhsullar həm vitamin, həm də lif baxımından zəngindir, eyni zamanda həzm sisteminin sağlam işləməsinə və qəbizlik kimi problemlərin qarşısının alınmasına kömək edir. Tam taxıllar – yulaf, kinoa, qəhvəyi düyü – enerjini tədricən verən, liflə zəngin məhsullar olmaqla yanaşı, qan şəkərinin stabilliyini də qoruyur. Süd və süd məhsulları kalsium, D vitamini və zülal mənbəyi kimi gündəlik menyuda mütləq yer almalıdır. Hamilələr üçün az yağlı yoqurt, kefir və pendir tövsiyə olunur. Yağsız ət, yumurta və paxlalılar zülal və dəmirin əsas mənbəyi olaraq, əzələlərin möhkəmlənməsinə və qanazlığının qarşısının alınmasına kömək edir. Qoz-fındıq, badam və balıq növləri, xüsusilə də Omeqa-3 ilə zəngin balıqlar, beyin və sinir sisteminin inkişafında mühüm rol oynayır”.
S.Vəliyeva onu da qeyd edib ki, bir sıra qidaların hamiləlikdə istifadəsi tövsiyə olunmur:
“Bəzi qidalar hamiləlik dövründə ciddi şəkildə qadağan edilməli və ya məhdudlaşdırılmalıdır. Xam ət və balıq kimi qidalar infeksiyalarla yoluxma riski daşıdığına görə istisna olunmalıdır. Kofeinin gündəlik dozanın 200 mq-dan çox olmaması tövsiyə edilir. Kofeinin yüksək dozası düşük və ya aşağı çəkili körpə riski yarada bilər. Alkoqol və siqaret istifadəsi isə dölün beyin inkişafını zəiflədə, doğuş qüsurlarına, erkən doğuş və hətta hamiləliyin itirilməsinə səbəb ola bilər.
Digər tərəfdən, konservantlarla zəngin məhsullar, çox duzlu və şəkərli qidalar orqanizmdə iltihabi prosesləri artıra, qanda şəkərin səviyyəsini yüksəldə və artıq çəkiyə səbəb olur. Belə məhsulların tərkibində olan trans yağlar və süni qatqılar körpənin inkişafına mənfi təsir göstərə bilər”.
Aytac Əliyeva
Telegram kanalımız