AZ

Hüquq və azadlıqlara zəmanət verən Ali Sənəd

Konstitusiya hər bir ölkədə Əsas Qanun kimi ali hüquqi qüvvəyə malikdir. Dövlətin təməl prinsiplərini, siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit edən bu ali sənəd vətəndaşların hüquq və azadlıqlarına  zəmanət verir, ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirir. Bütövlükdə cəmiyyət həyatının mühüm sahələrində dövlət siyasətinin ümumi istiqamətlərini təsbit edən Konstitusiya ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir.

Tarixdən məlum olduğu kimi, yeni yaranan, müstəqilliyə qovuşan və ya köklü siyasi-iqtisadi dəyişikliklərin həyata keçirildiyi ölkələrdə 3 mühüm vəzifədən biri məhz dövrün tələblərinə uyğun Konstitusiyanın qəbulu olmuşdur. 1991-ci il oktyabr ayının 18-də qəbul edilən "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı"nda ölkəmizin yeni Konstitusiyasının hazırlanması ilə bağlı müddəa öz əksini tapmışdır. Azərbaycanda yeni Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Azərbaycan Respublikasının Konstitusiya Günü - dövlətçiliyimizin hüquqi əsaslarının formalaşmasını, xalqın suveren iradəsinin təcəssümünü və müstəqil dövlət quruculuğu prosesinin mühüm mərhələsini ifadə edən tarixi bir gündür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş  Azərbaycan Respublikasının Konstitusiyası  ölkəmizin siyasi, iqtisadi və sosial həyatında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Bu sənəd Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının bünövrəsini təşkil etmiş, insan hüquq və azadlıqlarının təminatına yönəlmiş mütərəqqi prinsipləri ilə seçilmişdir.

Konstitusiyanın qəbul edilməsi Azərbaycan xalqının dövlətçilik iradəsinin və azad seçiminin parlaq təzahürüdür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və xalqın müzakirəsinə təqdim edilmiş bu ali hüquqi sənəd müstəqilliyimizin hüquqi təminatını möhkəmləndirmiş, dövlət hakimiyyətinin təşkilinin, vətəndaş cəmiyyətinin qurulmasının əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Konstitusiyanın qəbulu təkcə hüquqi hadisə deyil, həm də milli ideologiyanın, demokratik dəyərlərin və vətəndaş məsuliyyətinin inkişafında dönüş nöqtəsi olmuşdur. Bu sənədin əsasında insan hüquqlarına hörmət, qanunun aliliyi, bərabərlik, dövlət suverenliyi, siyasi plüralizm və ədalət prinsipləri dayanır.

Müstəqillik və suverenlik millətlərin sahib ola biləcəyi ən qiymətli sərvətdir. Hər bir millətin müstəqillik salnaməsi və suverenlik yolu məhz onun malik olduğu dövlətçilik ənənələrindən, azadlıq düşüncəsindən, milli-mənəvi irsindən, tarixi keçmişindən və intellektual potensialından asılı olaraq əldə edilir və yaşadılır. Azərbaycan xalqı tarixboyu müstəqillik uğrunda və öz suverenliyini qorumaq üçün müxtəlif mübarizələr aparmışdır. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olmasına baxmayaraq, xalqımızın dövlətçilik iradəsini nümayiş etdirərək öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut etmişdi. Lakin bolşevik işğalı nəticəsində bu müstəqillik və suverenlik cəmi 23 ay davam etmiş və 70 il ərzində Azərbaycan SSRİ-nin tərkibində qalmışdı.

1991-ci ildə SSRİ-nin süqutundan sonra həmin il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, ilk illərdə ölkəmiz ciddi siyasi böhran, iqtisadi tənəzzül və çətinliklərlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, daxili siyasi qeyri-sabitlik və idarəetmə böhranı Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə və təhdidlər yaratmışdı.

Respublikamızın müstəqilliyinin elan edildiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik, qanunsuz silahlı dəstələrin özbaşınalığı, hakimiyyət uğrunda zorakılığa söykənən mübarizə, vahid siyasi iradənin olmaması, anarxiya yeni Konstitusiyanın qəbulunu mümkünsüz edirdi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdışınadək Azərbaycan vətəndaş müharibəsi astanasına sürüklənmiş, milli dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzbəüz qoyulmuşdu. 

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunmasında və suveren dövlət kimi formalaşmasında həlledici rol oynadı. Dahi şəxsiyyətin əsasını qoyub həyata keçirdiyi siyasi kurs nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə etibarı gücləndirildi, beynəlxalq əlaqələr möhkəmləndirildi, ölkədə siyasi sabitlik təmin edildi, hüquqi və iqtisadi islahatlar aparıldı, hüquqi dövlət quruculuğu yolunda ən mühüm addımlardan biri atıldı - müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.

Konstitusiyanın yaradılması ideyasının irəli sürülməsində, onun layihəsinin hazırlanmasında və qəbulunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Belə ki, görkəmli dövlət xadiminin hakimiyyətə qayıdışından sonra Konstitusiyanın qəbul edilməsi ön plana çəkilmişdir. 1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edilmişdi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, peşəkar hüquqşünaslar daxil olmuşdu. Komissiyanın sədri isə Ulu Öndər Heydər Əliyev seçilmişdi.

Ümummilli Lider yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edərək demişdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun".

 Yaradılmış komissiya tərəfindən çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, Azərbaycan Respublikasının Konstitusiyasının layihəsi hazırlanıb 1995-ci il oktyabrın 15-də ictimai müzakirəyə təqdim olundu.

Beləliklə, 30 il öncə - 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək preambulasında təsbit olunmuş - Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə ilk Milli Konstitusiyasını qəbul etmişdir. 

Konstitusiya həmçinin suverenlik anlayışını əsas prinsip kimi təsbit edərək məhz ön sırada - Əsas Qanunun 2-ci maddəsində əks etdirərək, Azərbaycanın daxili və xarici siyasətdə müstəqil qərarlar qəbul etməsini təmin edən hüquqi çərçivə yaratmışdır.

Cəmiyyət inkişaf etdikcə meydana çıxan yeni ictimai münasibətlərin hüquqi tənzimi məqsədilə bir qayda olaraq qanunlar qəbul edilir. Bəzən bu, Konstitusiyaya əlavələrin və dəyişikliklərin edilməsinə də səbəb olur. Bu zərurət daim inkişafda olan ictimai həyatın obyektiv tələblərindən doğur. Qəbulundan sonra qanunvericilik sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün 2002-ci il, 2009-cu il və 2016-cı ildə keçirilmiş referendumlar vasitəsilə Konstitusiya daha da təkmilləşdirilərək ona əlavə və dəyişikliklər edilmişdir. Bu yeni müddəalar da öz növbəsində insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, hüquqi islahatların daha effektiv həyata keçirilməsinə xidmət etmişdir.       

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi təxribatlara və növbəti hərbi təcavüzünə cavab olaraq torpaqlarımızın işğaldan azad olunması məqsədilə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti və Prezident İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi qələbə, eləcə də Azərbaycan Respublikasının konstitusiya quruluşunu bərpa etmək məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən, cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınan sərhədləri, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi tam bərpa edilmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, 2024-cü il sentyabrın 19-da imzaladığı "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncamla hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsini qərara almışdır.

Azərbaycan xalqının Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü, müstəqil dövlət üçün əsas şərtlərdən olan suverenliyin bərpa edilməsi, 30 il əvvəl ilk Konstitusiyanın qəbulunun ölkənin müstəqillik tarixinin mühüm hadisələrindən biri kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edildi.

Xalq olaraq biz bu əlamətdar tarixləri Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, Ali Baş Komandanın güclü iradəsi və qəhrəman ordumuzun şücaəti sayəsində yaşayırıq.

Konstitusiya dövlətin yaddaşı, xalqın qüruru, azadlığın səsidir. Konstitusiya ili gənclərə, müəllimlərə, ziyalılara və bütün vətəndaşlara bir vəzifəni xatırladır: dövlətin qanunlarına hörmətlə yanaşmaq, ədalət duyğusunu yaşatmaq və azərbaycançılıq ideyalarına sadiq qalmaq. 

Konstitusiya xalqın ruhundan doğan, dövlətin yolunu işıqlandıran ali sənəddir. Onun hər bir maddəsində azadlığın nəfəsi, ədalətin səsi, insan ləyaqətinin izləri var.

Bu sənəd yalnız hüquqi çərçivə deyil, həm də milli kimliyimizin, birliyimizin və gələcəyə inamımızın ifadəsidir.

                                       

Aynur ƏLİYEVA,

"Göy qurşağı" uşaq jurnalının redaktoru

Seçilən
39
azerbaijan-news.az

1Mənbələr