Yaponiya Parlamenti Sanae Takaiçini ölkənin ilk qadın baş naziri seçib.
APA TRT Haber-ə istinadən xəbər verir ki, o, parlamentin 465 yerlik aşağı palatasında keçirilən səsvermədə 237 səslə çoxluğu əldə edib.
Yuxarı palatanın da qərarı təsdiqləməsindən sonra Takaiçi gün ərzində and içərək vəzifəsinin icrasına başlayacaq.
Seçki Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiya (LDP) ilə sağ yönümlü Yaponiya İnnovasiya Partiyası arasında dünən əldə olunan koalisiya razılaşmasından sonra baş tutub.
Yeni hökumətin əsas gündəmini artan yaşayış xərcləri və miqrasiya siyasəti təşkil edəcək. Takaiçinin rəhbərliyi altında Yaponiyanın iqtisadi və sosial siyasətlərində daha milli-mühafizəkar istiqamətə yönələcəyi gözlənilir.
***
03:34
Yaponiya parlamentinin əsas aşağı palatasının üzvləri oktyabrın 21-də açılacaq növbədənkənar sessiyada yeni baş nazir üçün səs verəcəklər.
APA xəbər verir ki, çox güman hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Sanae Takaiçi yeni baş nazir olacaq.
Bu, ölkə tarixində ilk dəfə qadının hökumətə başçılıq edəcəyi deməkdir.
Qeyd edək ki, oktyabrın 21-i səhər, parlament səsverməsinə bir neçə saat qalmış Baş nazir Şigeru İşibanın bütün hökuməti istefa verəcək.
O, 386 gün Yaponiya hökumətinin başçısı vəzifəsində çalışıb.