AZ

Fiziki SIM kartların sonu? Yeni iPhone eSIM dövrünü yaxınlaşdırır

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Bir müddət öncə Apple şirkəti yeni iPhone Air smartfonunu təqdim etdi.

Bu cihazın fərqləndirici xüsusiyyəti yalnız ultra-nazik dizaynı deyil, həm də ənənəvi SIM kart üçün slotun olmamasıdır.

Mütəxəssislər hesab edirlər ki, bu qərar bütün sənaye üzrə fiziki SIM kartların sonunu yaxınlaşdıra bilər.

Apple artıq uzun müddətdir ki, eSIM texnologiyasını dəstəkləyir: 2022-ci ildən ABŞ-da yalnız elektron kartlardan istifadəni nəzərdə tutan telefonlar satır.

Lakin iPhone Air ənənəvi SIM kart slotu olmayan şirkətin qlobal bazara çıxardığı ilk cihazdır.

Bu yanaşmanın üstünlüyü ondan ibarətdir ki, istifadəçilərə artıq provayderi və ya mobil əlaqə planını dəyişmək üçün SIM kart slotunu açmağa ehtiyac qalmır.

CCS Insight şirkətindən analitik Kester Mann hesab edir ki, Apple-ın bu açıqlaması "fiziki SIM kartın sonunun başlanğıcını" bildirir.

Amma istifadəçilərin tamamilə ənənəvi SIM kartlardan imtina etməsinə nə qədər vaxt lazım olacağı və bunun ümumilikdə telefon istifadəsinə necə təsir edəcəyi hələ də sual olaraq qalır.

SIM kart slotu ilə vidalaşma vaxtı çatdı?

SIM - Subscriber Identity Module sözlərinin abreviaturasıdır, yəni "Abunəçi İdentifikasiya Modulu".

Bu çip mobil operatora qoşulmağa imkan verir və onsuz telefonun əsas funksiyalarından istifadə etmək mümkün deyil.

eSIM halında isə bütün bunları birbaşa telefona quraşdırılmış mikroçip təmin edir: operator və ya digər funksiyalar dəyişdirildikdə onu yenidən proqramlaşdırmaq mümkündür.

Son illərdə eSIM ənənəvi SIM kartlara alternativə çevrilib: bəzi telefonlarda həm fiziki, həm də elektron kartlardan istifadə etmək mümkündür.

Apple hələlik fiziki SIM kartlardan tamamilə imtina etməyə hazır deyil, baxmayaraq ki, bu həftə təqdim edilən digər yeni iPhone modelləri (17, 17 Pro, 17 Pro Max) dünyanın bəzi bazarlarında yalnız eSIM dəstəyinə malik olacaq.

Əksər ölkələrdə isə şirkət ənənəvi plastik kartdan istifadə imkanını saxlayacaq.

Samsung və Google kimi digər iri smartfon istehsalçıları da eSIM texnologiyasından seçim variantı kimi istifadə etsələr də, dünyanın əksər ölkələrində hələ də fiziki SIM kartları dəstəkləyirlər.

Lakin mütəxəssislərin fikrincə, istehsalçıların hansı istiqamətə doğru irəlilədiyi ilə bağlı heç bir şübhə yoxdur.

CCS Insight şirkətinin son proqnozuna görə, 2024-cü ilin sonuna qədər istifadədə artıq 1,3 milyard eSIM-li smartfon var idi.

Gözlənilir ki, 2030-cu ilə qədər bu rəqəm 3,1 milyarda çatacaq. (Ümumilikdə dünyada təxminən 7 milyard smartfon istifadədir.)

"Vaxt keçdikcə, SIM kart slotu tamamilə yox olacaq", - deyə PP Foresight şirkətinin texnologiya analitiki Paolo Peskatore bildirib.

eSIM-in üstünlükləri nələrdir?

Paolo Peskatore bildirir ki, eSIM-ə keçid "çoxsaylı üstünlüklər" verir və bunların ən açıq-aşkarlan olanı telefonun içində əlavə yerə qənaət etməsidir ki, bu da daha iri batareyaların quraşdırılmasına imkan yaradır.

Ekspert, həmçinin vurğulayır ki, eSIM üçün ətraf mühiti çirkləndirən plastik material tələb olunmur. Bundan başqa, belə kartlar xaricə səyahət zamanı operatorlar arasında daha geniş seçim imkanı yarada bilər və bu da "şokedici hesabların" qarşısını almağa kömək edir.

Kester Mann hesab edir ki, bütün bunlar istifadəçiləri "mobil operatorlarla qarşılıqlı əlaqə üsullarını tədricən dəyişməyə" məcbur edəcək.

Məsələn, SIM kartla bağlı məsələni həll etmək üçün daha az insan şəxsən mağazaya getməli olacaq.

Bununla belə, Mann xatırladır ki, digər bütün dəyişikliklər kimi, bu da hamının xoşuna gəlməyə bilər.

"Bu yenilik yaşlı insanlar və ya texnologiyadan çox yaxşı başı çıxmayanlar üçün ciddi problemə çevrilə bilər. İstehsalçılar eSIM-dən necə istifadə etməyi izah etmək üçün mümkün olan hər şeyi etməlidir", - deyə Mann bildirib.

Seçilən
22
bbc.com

1Mənbələr