AZ

Xankəndidə QHT Forumu: Vətəndaş Cəmiyyəti Yeni Mərhələyə Qədəm Qoyur

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Oktyabrın 20-də Xankəndi şəhərindəki Konqres Mərkəzində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilir. Forumda təxminən 300 QHT iştirak edir.

Forum çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, ““Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər”, “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirələri təşkil olunacaq.

Forum bədii hissə ilə başa çatacaq.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, QHT-lərin Xankəndi Forumu vətəndaş cəmiyyəti üçün yeni çağırışları nəzərdə tutur:

“Keçiriləcək Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu ərəfəsində vətəndaş cəmiyyətinin gələcəyi barədə düşünmək, onun yeni inkişaf mərhələsindəki rolunu yenidən dəyərləndirmək zərurəti daha aydın görünür. Qələbədən sonrakı dövrdə artıq təkcə layihə icra etmək deyil, ictimai proseslərə davamlı təsir göstərmək, idarəetmənin fəal iştirakçısına çevrilmək ehtiyacı yaranır.

Uzun illər ərzində QHT-lərin fəaliyyəti layihə prinsipi üzərində qurulub. Bu model sosial sahələrdə müəyyən nəticələr versə də, dayanıqlı sistem yaratmaq gücünə malik olmayıb. Layihələr başa çatdıqdan sonra əldə olunan təcrübə çox vaxt davamlı təsirə çevrilməyib. Halbuki cəmiyyətin inkişafı bir dəfəlik tədbirlər və epizodik təşəbbüslərlə deyil, ardıcıl proseslər, formalaşmış mexanizmlər və davamlı sosial əlaqələr vasitəsilə təmin olunur.

@Layihə yönümlü fəaliyyətin yerini proses yönümlü sistem tutmalıdır” fikri təkcə texniki yanaşma kimi deyil, vətəndaş cəmiyyətinin özünütəşkil modelinə dair strateji çağırış kimi səslənir. Layihə müəyyən məqsədin ifadəsidirsə, proses həmin məqsədin daimi idarəetmə mexanizminə çevrilməsidir. Belə bir baxış vətəndaş cəmiyyətini layihə icraçısı rolundan çıxararaq, ictimai sistemin intellektual və etik hissəsi səviyyəsinə yüksəldir”.

Əliməmməd Nuriyev qeyd edib ki, yeni mərhələdə QHT-lər qərarların hazırlanmasında bilik və məlumat istehsalçısına çevrilməli, sosial analiz aparmalı, dövlət və vətəndaş arasında etimad körpüsünü gücləndirməlidir.

“Rəqəmsal dövrdə fəaliyyət göstərən təşkilatlar üçün etik idarəetmə və şəffaflıq prinsipləri artıq əlavə meyar deyil, davamlılığın əsas şərtinə çevrilib. Eyni zamanda, fəaliyyət milli prioritetlərlə uzlaşdırılmalı, donor gündəminin deyil, milli maraqların ifadəsinə xidmət etməlidir.

Layihələr keçici nəticə verir, proseslər isə dəyərlərin davamlılığını təmin edir. Azərbaycan vətəndaş cəmiyyəti indi bu keçidi reallaşdırmağa daha yaxındır. Müşahidəçilik mərhələsi arxada qalır; cəmiyyətin dəyişikliklərə yön verən, ictimai proseslərin tərkib hissəsinə çevrilən yeni sistemi formalaşır. Bu mərhələ həm dövlətin ictimai dayaqlarını möhkəmləndirir, həm də vətəndaş təşəbbüslərinin özünütəşkil qabiliyyətini artırır — nəticədə yeni keyfiyyət mərhələsi başlayır”-deyə Ə. Nuriyev fikirlərini yekunlaşdırıb.

Gununsesi.info-ya danışan “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri, Milli QHT Forumunun İdarə Heyətinin üzvü Xatirə Vəliyeva bildirib ki, Xankəndində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının bir araya gəlməsi təkcə bir tədbir deyil, həm də bir tarixdir:

“Forumun əsas məqsədi Qarabağın mərkəzində vətəndaş cəmiyyətinin yeni mərhələsini qurmaq, QHT-lər arasında əməkdaşlığı və qarşılıqlı etimadı gücləndirməkdir. Mən Xankəndi sakini kimi qürurla deyə bilərəm ki, bu gün bu şəhər təkcə azadlığın deyil, həm də vətəndaş birliyinin rəmzinə çevrilib

2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycanın hüquqi dövlətçiliyinin və milli birliyinin təntənəsidir. Xankəndidə keçirilən bu forum həmin suverenliyin canlı ifadəsidir. Artıq burada — Xankəndidə — dövlətin qanunları, vətəndaş cəmiyyəti və humanist dəyərlər yan-yana, bir yerdə fəaliyyət göstərir.

Forumun ağacəkmə aksiyası ilə başlanması çox dərin rəmzi məna daşıyır. Biz Xocalı rayonunun Ballıca kəndində ağac əkərkən, əslində sülhün, ümidin və yenidənqurmanın toxumlarını əkirdik. Bu, həyatın geri dönüşünü, torpağın yenidən nəfəs almasını ifadə edir.

Hər əkilən ağac – bir şəhidin xatirəsinə, bir uşağın gələcəyinə, bir xalqın köklərinə bağlanmış simvoldur”.

Xatirə Vəliyeva fikrincə, Xankəndidə QHT-lərin bir araya gəlməsi dövlətlə vətəndaş arasında qarşılıqlı inamın möhkəmlənməsi deməkdir:

“Mən bir Xankəndi sakini kimi bu günü təkcə bir forum kimi deyil, illərlə gözlədiyimiz mənəvi dönüş nöqtəsi kimi yaşayıram. Bu forum göstərdi ki, Xankəndi artıq təkcə coğrafi yox, həm də mənəvi baxımdan Azərbaycan cəmiyyətinin ayrılmaz parçasıdır.

Mənim üçün bu forum – doğma Xankəndimdə həyatın, sülhün və birliyin yenidən qurulmasının simvoludur.

İllər öncə tərk etdiyimiz, amma heç vaxt unutmadığımız şəhərdə bu gün vətəndaş cəmiyyətinin səsi yüksəlir. Bu, həm bir qadın, həm bir ictimai fəal, həm də Xankəndi sakini kimi mənim üçün ən böyük qürurdur. Biz ağac əkdiyimiz torpaqda bu dəfə sülh, inkişaf və milli həmrəylik cücərir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
121
33
icma.az

10Mənbələr