AZ

Gələcəyin qaranlıq başlanğıcı

Erkən nikahlar təkcə fərdi taleləri deyil, bütöv cəmiyyətin inkişafını əngəlləyir

"16 yaşım vardı nikaha daxil olanda. Nişanlım məndən 9 yaş böyük idi. Toya qədər cəmi bircə dəfə görmüşdüm. O da valideynləri, qohumları bizə elçi gələndə. Həyətdə qardaşlarımla söhbət edirdi. Nə qədər istəmirəm desəm də, günlərlə ağlasam da, atam fikrindən dönmədi. Deyirdi ki, boş-boş evdə oturana qədər get ailəni qur, öz evin olsun. Evdə oturmağı özüm seçmişəm kimi... Atam qardaşlarımla bir olub məni 9-cu sinifdə məktəbdən çıxartdılar, təhsilimi davam etməyə qoymadılar. Dərslərimi yaxşı oxuyurdum, həkim olmaq istəyirdim. Müəllimlərim, məktəb direktorumuz nə qədər desələr də, atama kar eləmədi. İndi 23 yaşındayam. İki qızım, bir oğlum var. Evli olduğum müddətdə eşitmədiyim təhqir, görmədiyim şiddət qalmadı. Daha dözə bilmədim, ötən il boşandım. Atamın baxışlarından peşman olduğunu görürəm. Amma bir ömrü məhv eləmiş addımın peşmanlığından nə fayda. Anamdan isə, ümumiyyətlə, incimirəm. Həmişə tərəfimdə olsa da, heç nə edə bilmirdi. Evdə onun söz haqqı yox idi. Heç vaxt olmamışdı da. Taleyi taleyimə bənzəyirdi. Amma mən bu zənciri qırdım. Övladlarım mənim yaşadığımı yaşamayacaq. Onların yaxşı təhsil alması, Vətənə xeyirli övlad olmaqları üçün var gücümlə mübarizə apa

Biz birini dinlədik, gördük. Amma onlar yüzlərlə, minlərlədir. Erkən nikahlar bu gün də cəmiyyətimizin qanayan yaralarından biri olaraq qalır. Bu problem təkcə fərdi taleləri deyil, bütöv cəmiyyətin inkişafını da əngəlləyir. Qız uşaqlarının uşaq yaşda ərə verilməsi onların təhsildən, sağlamlıqdan və şəxsi inkişafdan məhrum qalması ilə nəticələnir.

Hər il dünyada 12 milyon qız uşağı 18 yaşına çatmamış evliliyə məcbur edilir

Erkən nikahlar gender zorakılığının ən dağıdıcı formalarından biri hesab edilir. BMT-nin məlumatına görə, hər il dünyada 12 milyon qız uşağı 18 yaşına çatmamış evliliyə məcbur edilir, onlardan 2 milyonu isə hətta 15 yaşından əvvəl ərə verilir. Bu problem dünya üzrə hər beş qızdan birinə təsir göstərir. Təşkilatın hesablamalarına görə, indiyə qədər uşaq nikahlarının azaldılması sahəsində əldə olunan irəliləyişə baxmayaraq, problemin tam aradan qaldırılması üçün hələ 300 il lazım olacaq. Uşaq nikahlarının sayının azalmasında ən böyük irəliləyiş Cənubi Asiyada müşahidə olunub, lakin ən çox hal da məhz burada baş verir. 18 yaşına çatmamış ərə verilən qız və qadınların təxminən 45 faizi burada yaşayır, onların üçdəbiri isə Hindistanın payına düşür.

Son illər gender zorakılığının aradan qaldırılması istiqamətində əldə edilən irəliləyiş ciddi təhlükə altına düşüb. Yoxsulluğun artması, silahlı münaqişələr və iqlim böhranı milyonlarla qız uşağını daha həssas vəziyyətə salır. Üstəlik, böhran dövrlərində gender zorakılığı artır, ailələr qızlarını məktəbə göndərməkdən imtina edir və ya onları evləndirməyə üstünlük verirlər. Azərbaycanda da bu problem bəzi bölgələrdə özünü daha qabarıq göstərir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə nikah yaşı 18 olsa da, bir çox hallarda erkən nikahlar rəsmi qeydiyyata alınmır, sadəcə dini kəbinlə kifayətlənilir. Bu isə qızların hüquqlarının qorunmasını çətinləşdirir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, erkən nikah problemi yalnız uşaqların hüquqlarına deyil, bütövlükdə ailələrin rifahına, cəmiyyətin sosial sabitliyinə və ölkənin gələcək inkişaf potensialına ciddi şəkildə zərər vurur. Rəsmi statistik göstəricilərdə azalma müşahidə olunsa da, bu problemin tamamilə öz həllini tapdığını demək olmaz. Dövlət Komitəsində erkən nikahla bağlı 2023-cü ildə "Tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında uşaq evliliklərinin aşkarlanması" mövzusunda analitik araşdırma aparılıb, həmçinin hazırda "Erkən nikahın inzibati ərazi bölgüsü üzrə risk xəritəsinin formalaşdırılması"na dair təhlilin aparılması üzərində iş gedir.

Məlumatda qeyd edilib ki, öz səlahiyyətləri daxilində komitə tərəfindən mütəmadi olaraq ölkə üzrə maarifləndirmə tədbirləri keçirilir, xüsusilə qız uşaqlarının təhsildən yayınması kimi problemlər aidiyyəti qurumlarla birgə araşdırılır. Komitənin bir sıra rayonlarda Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir və regionlarda bu və digər problemlər baş verən zaman aidiyyəti orqanlarla birlikdə əməkdaşlıq çərçivəsində məsələ araşdırılır. Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının qorunması, uşaq iştirakçılığının artırılması, cəmiyyətdə baş verən mənfi hallardan onların müdafiəsi, erkən nikah və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və digər istiqamətlər üzrə təlimlər, seminarlar və konfranslar, monitorinq və ailə səfərləri təşkil edilir, ailələr və uşaqlarla profilaktik iş aparılır.

Dövlət Komitəsinin 860 "Gender əsaslı zorakılıqla bağlı" dəstək xətti və 116111 "Uşaq Qaynar Xətti" fəaliyyətini davam etdirir və bütün müraciətlərə dərhal reaksiya verilir. Vətəndaşlardan daxil olan müraciətlər əsasında hüquqi və psixoloji yardım göstərilir, təcili müdaxilə hallarında müvafiq orqanlarla koordinasiya təmin olunur. Komitənin layihəsi əsasında artıq 5 ildir ki, Uşaq Səfirlər Məclisi fəaliyyət göstərir. Məclisin Azərbaycanın bütün bölgələrini əhatə edən nümayəndələri və fəalları var. Onların vasitəsilə ən ucqar rayonlarda, kəndlərdə belə uşaqlara əlçatanlıq mövcud olur. Məclisin nümayəndələri vasitəsilə ölkə üzrə bütün uşaqlar maarifləndirilir, həmçinin uşaq hüquqlarının pozulması faktları ilə bağlı məclisin nümayəndələri tərəfindən məlumat daxil olduqda, aidiyyəti qurumlarla birgə dərhal araşdırma aparılaraq tədbirlər görülür".

Erkən evlilik hallarına yol verilməsinin qarşısını almaq, uşaqların və gənclərin hüquqlarını müdafiə etmək, habelə qohum nikahlarından qaynaqlanan genetik və sosial risklərin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilərək 1 iyul 2025-ci il tarixindən  qüvvəyə minib. Dəyişikliklərə əsasən, nikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilib, yaxın qohumlarla nikahın bağlanması qadağan olunub. Həmçinin yetkinlik yaşına çatmayanları erkən nikaha məcbur edən şəxs müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunur. Qanunvericiliyə edilən bu dəyişikliklər erkən evlilik və qohum nikahlarına qarşı effektiv addım olaraq cəmiyyətin sağlam gələcəyi üçün müstəsna əhəmiyyətə malikdir, gələcək nəsillərin sağlam formalaşmasına xidmət edir. Bu qanunvericilik dəyişiklikləri yalnız hüquqi müstəvidə deyil, həm də ictimai məsuliyyət və maarifləndirmə baxımından mühüm əhəmiyyət daşıyır. Erkən nikahlarla mübarizə gələcək nəslin sağlam və təhlükəsiz formalaşması ilə yanaşı, cəmiyyətin dayanıqlı inkişafı baxımından da strateji əhəmiyyət kəsb edir.

Fərd kimi formalaşmadan valideyn və ya ailə başçısı roluna daxil olurlar

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə,  erkən nikahların əsas səbəbləri sosial, iqtisadi, mədəni və psixoloji amillərin kəsişməsində yaranır: "Azərbaycanda bu hallar daha çox ənənə, mentalitet, təhsilsizlik və namus anlayışı ilə əlaqələndirilir. Əsasən kənd yerlərində və bəzi şəhərətrafı bölgələrdə qız uşaqlarının tez ərə verilməsi uzun illərdən bəri formalaşmış ənənəvi dəyərlərlə izah olunur. "Qız uşağının evdə çox qalması ayıbdır", "Bir an əvvəl ərə getsin" kimi düşüncələr hələ də bəzi ailələrdə üstünlük təşkil edir. Təhsil səviyyəsinin aşağı olması və ailələrin erkən nikahın fəsadları barədə maariflənməməsi bu problemin davam etməsinə şərait yaradır. Əgər qızlar təhsildən kənar qalırsa, valideynlər tezliklə onların ailə həyatı qurmasını çıxış yolu kimi qəbul edirlər. Bəzən iqtisadi sıxıntı yaşayan ailələr də erkən nikahı maddi yükdən qurtuluş vasitəsi kimi görürlər. Qızlarını daha "təminatlı" bir ailəyə ərə vermək arzusu ilə onların taleyini riskə atırlar. Bəzi ailələr yeniyetmə qızlarının gələcəkdə "nə isə baş verə bilər" qorxusu ilə erkən ailə qurmasına çalışırlar. Bu, xüsusilə patriarxal düşüncə tərzi üstün olan bölgələrdə "namusu qorumaq" adı altında aparılan sosial nəzarətin nəticəsidir".

Psixoloq qeyd edib ki, erkən nikahla bağlı ən böyük problem, onun insan hüquqlarını və uşağın psixoloji-fiziki inkişafını pozmasıdır. Bu, təhsildən məhrum etməklə yanaşı, yeniyetmənin müstəqil qərarvermə hüququnun əlindən alınması, gələcək karyera və sosial həyat imkanlarının məhdudlaşdırılması deməkdir. Cəmiyyətin bu məsələyə münasibəti isə problemin miqyasına birbaşa təsir edir. Əgər ictimai qınaq zəifdirsə, erkən nikahlar adi hal kimi qəbul edilir. Təəssüf ki, bəzi bölgələrdə bu cür hallar hələ də sakit qarşılanır. Cəmiyyətin müəyyən hissəsində bu məsələyə laqeyd münasibət erkən nikahların gizli və qeydiyyatsız formada davam etməsinə şərait yaradır.

Erkən yaşda ailə quran şəxslərdə geniş spektrdə psixoloji çətinliklər müşahidə olunur. Elnur Rüstəmov deyib ki, yeniyetmə yaşda evlənənlərdə əhval dəyişkənliyi, depressiya, daimi narahatlıq və özünü dəyərsiz hiss etmə halları geniş yayılıb: "Bu yaş dövrü insanın kimlik axtarışı ilə müşayiət olunur. Erkən evlilik bu axtarışa son qoyaraq şəxsin gələcək inkişafını məhdudlaşdırır. Onlar bir fərd kimi formalaşmadan valideyn və ya ailə başçısı roluna daxil olurlar. Məcburi erkən nikaha məruz qalan uşaqlar travma yaşayırlar. Onlarda özgüvən əskikliyi, sosial izolyasiya və intihara meyillilik müşahidə oluna bilər. Bu travmalar uzun illər insanın həyatına təsir göstərir, münasibət qurmaq və ailə idarə etmək bacarığını zədələyir. Yeniyetmələrin öz istəyilə erkən nikaha daxil olması da bu riski dəyişmir. Çünki bu yaşda insan emosional və intellektual cəhətdən hələ yetkin qərarvermə qabiliyyətinə malik olmur. Erkən nikahların qadınlar üzərindəki təsiri daha dərin və dağıdıcıdır. Qızlar təhsildən yayınır, iqtisadi asılı vəziyyətə düşür, kiçik yaşda ana olurlar. Bu proses onların həm fiziki, həm də psixoloji sağlamlığını zəiflədir. Oğlanlarda isə erkən yaşda ailə başçısı olmaq məsuliyyəti əlavə stres yaratsa da, onların hüquqları və inkişaf imkanları, adətən, daha az məhdudlaşdırılır". 

Psixoloqun sözlərinə görə, erkən nikahların qarşısının alınması üçün sistemli və çoxşaxəli yanaşmalar tələb olunur. Xüsusilə regionlarda psixoloqlar, sosial işçilər və müəllimlər bu prosesə cəlb olunmalıdırlar. Erkən nikahın fəsadları haqqında yuxarı sinif şagirdləri üçün interaktiv seminarlar, rollu oyunlar, videomateriallar və psixoloji biliklərə əsaslanan dərslər keçirilməlidir. Bu yanaşmaların birgə tətbiqi erkən nikah hallarının azalmasına, ailələrin və cəmiyyətin bu məsələyə daha həssas və məsuliyyətli yanaşmasına gətirib çıxara bilər.

Erkən nikahlar yalnız bir fərdin deyil, bütövlükdə cəmiyyətin rifahına və inkişafına təsir edən strateji məsələdir. Hər birimizin borcu bu problemi görmək, danışmaq və qarşısını almaq üçün mübarizə aparmaqdır. Yalnız o zaman gələcək nəsillər daha azad, savadlı və sağlam bir cəmiyyətin təməlini qura bilərlər.

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Seçilən
97
azerbaijan-news.az

1Mənbələr