AZ

“Suverenlik və Konstitusiya ili” çərçivəsində NDU da tədbir keçirildi Fotolar

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Politoloqlar Klubu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda panel müzakirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Dövlət Universitetində baş tutan tədbirdə Milli Məclisin, Naxçıvan MR Ali Məclisinin deputatları, yerli professorlar, ziyalılar, ali təhsil ocağının müəllim və tələbə heyəti iştirak ediblər.  

Naxçıvan Ali Məclisinin deputatı, NDU-nun “Ümumi hüquq” kafedrasının müəllimi Əziz Qasımovun moderatorluğunda keçirilən tədbirdə konstitusiya və suverenlik anlayışının sosial-hüquqi mahiyyətindən, dövlət suverenliyi və milli birliyin sarsılmaz dayaqlarından, eləcə də, müstəqillik illərində Azərbaycanın inkişaf strategiyasında xüsusi yer tutan dövlət gənclər siyasətində ideoloj əsaslara dair panel iştirakçılarına çıxış üçün suallar ünvanlanıb və mövzular ətrafında geniş fikir müzakirəsi aparılıb.  

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu il xüsusilə əlamətdardır, çünki, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının 5-ci, müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun isə 30-cu ildönümünü qeyd edirik. Rektor qlobal informasiya müharibələrinin, ideoloji təxribatların və hibrid təhlükələrin artdığı bir dövrdə milli birliyin möhkəmlənməsində bu kimi maarriflənmə tədbirlərinin təşkilinin mühüm aktuallıq daşıdığını qeyd edib.

Xüsusilə sərhədyanı və strateji bölgələrdə, o cümlədən Naxçıvanda belə görüşlərin olmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb: “Ali təhsil ocağında keçirilən bu cür elmi-ideoloji müzakirələr gənclərin milli şüurunun formalaşmasına, onların dövlətçilik prinsiplərinə sədaqətinin güclənməsinə və milli ideoloji immunitetin möhkəmlənməsinə xidmət edir”. 

Naxçıvan Ali Məclisinin sədr müavini Arzu Abdullayev çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 30 illiyini və Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin 5 illiyini özündə səciyyələndirir. Bu Sərəncam həm də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlətçilik ənənələrinin, milli maraqlarının, strateji hədəflərinin ümumilikdə konsepsiyasını təşkil edir. 

A.Abdullayev bildirib ki, dövlət suverenliyinin qorunması yalnız siyasi və hüquqi müstəvidə deyil, eyni zamanda mənəvi və ideoloji baxımdan da olduqca mühüm məsələdir. Bu çərçivədə  hər bir vətəndaş, xüsusilə gənclər milli dəyərlərin, tarixi yaddaşın və vətənpərvərlik ruhunun qorunması üçün fəal mövqe sərgiləməlidirlər. Sədr müavini bu kimi müzakirələrin gənc nəslin milli dəyərlərə, tarixi irsə və dövlətçilik ideallarına bağlılığını möhkəmləndirmək üçün olduqca uğurlu fəaliyyət adlandırıb. O, gəncləri müasir informasiya məkanında ayıq-sayıq olmağa, milli kimliyimizi, mənəvi bütövlüyümüzü və dövlət maraqlarını qorumağa çağırıb.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə ideoloji çağırışlar, informasiya təhlükəsizliyi və dövlətin ideoloji siyasətinin həyata keçirilməsi mexanizmləri barədə ətraflı çıxış edib. Vurğulayıb ki, Azərbaycan xalqı və dövləti uzun əsrlərdən sonra tarixi ədaləti bərpa edərək işğala son qoyub, ərazi bütövlüyünü təmin edib. Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə hazırkı çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi görüşlərin həmsərhəd bölgələrdə keçirilməsinin siyasi – ideoloji mahiyyətindən söz açıb. Politoloq qloballaşma dövründə informasiya məkanında baş verən proseslərin təkcə sosial şüura deyil, həm də dövlətlərin siyasi sabitliyinə birbaşa təsir göstərdiyini qeyd edib. 

Sonra panel müzakirədə qeyd olunan mövzulara dair tədbir iştirakçılarının sualları cavablandırılıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
qafqazinfo.az

2Mənbələr