Naxçıvan, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Naxçıvan Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi Bakı Politoloqlar Klubunun təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda panel müzakirəsi keçirilib.
Universitetinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə Milli Məclisin və Ali Məclisin deputatları, professorlar, ziyalılar, ali təhsil ocağının müəllim və tələbə heyəti iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi Əziz Qasımovun moderatorluğunda keçirilən tədbirdə konstitusiya və suverenlik anlayışının sosial-hüquqi mahiyyəti, dövlət suverenliyi və milli birliyin sarsılmaz dayaqları barədə məlumat verilib, eləcə də, müstəqillik illərində Azərbaycanın inkişaf strategiyasında xüsusi yer tutan dövlət gənclər siyasətində ideoloji əsaslara dair suallar ünvanlanıb və fikir mübadiləsi aparılıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu il xüsusilə əlamətdardır, çünki ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının 5-ci, müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun isə 30-cu ildönümü qeyd edilir. Rektor qlobal informasiya müharibələrinin, ideoloji təxribatların və hibrid təhlükələrin artdığı bir dövrdə milli birliyin möhkəmlənməsində bu kimi maarrifləndirmə tədbirlərinin təşkilinin önəmli olduğunu qeyd edib. Xüsusilə sərhədyanı və strateji bölgələrdə, o cümlədən Naxçıvanda belə görüşlərin olmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
“Ali təhsil ocağında keçirilən bu cür elmi-ideoloji müzakirələr gənclərin milli şüurunun formalaşmasına, onların dövlətçilik prinsiplərinə sədaqətinin güclənməsinə və milli ideoloji immunitetin möhkəmlənməsinə xidmət edir”- deyə, Elbrus İsayev əlavə edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 30 illiyini və Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin 5 illiyini özündə səciyyələndirir. Bu Sərəncam həm də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlətçilik ənənələrinin, milli maraqların, strateji hədəflərin ümumilikdə konsepsiyasını təşkil edir.
Arzu Abdullayev qeyd edib ki, dövlət suverenliyinin qorunması yalnız siyasi və hüquqi müstəvidə deyil, eyni zamanda mənəvi və ideoloji baxımdan da olduqca mühüm məsələdir. Bu çərçivədə hər bir vətəndaş, xüsusilə gənclər milli dəyərlərin, tarixi yaddaşın və vətənpərvərlik ruhunun qorunması üçün fəal mövqe sərgiləməlidirlər. Sədr müavini bu kimi müzakirələrin gənc nəslin milli dəyərlərə, tarixi irsə və dövlətçilik ideallarına bağlılığını möhkəmləndirmək üçün olduqca uğurlu fəaliyyət adlandırıb. O, gəncləri müasir informasiya məkanında ayıq-sayıq olmağa, milli kimliyimizi, mənəvi bütövlüyümüzü və dövlət maraqlarını qorumağa çağırıb.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə ideoloji çağırışlar, informasiya təhlükəsizliyi və dövlətin ideoloji siyasətinin həyata keçirilməsi mexanizmləri barədə ətraflı danışıb. Vurğulanıb ki, Azərbaycan xalqı və dövləti uzun əsrlərdən sonra tarixi ədaləti bərpa edərək işğala son qoyub, ərazi bütövlüyünü təmin edib. Bu nailiyyətlər təkcə hərbi qələbə ilə məhdudlaşmayıb, həm də diplomatik, siyasi və iqtisadi sahələrdə aparılan kompleks siyasətin nəticəsi olaraq qazanılıb. Vüqar Rəhimzadə hazırda informasiya müharibələrinin geniş vüsət aldığı şəraitdə Azərbaycan dövlətinin həyata keçirdiyi ideoloji və media siyasətinin milli maraqların müdafiəsində mühüm rol oyndığını diqqətə çatdırıb. Milli Məclisin deputatı gənc nəslin milli ideologiyaya sadiq, vətənpərvər və informasiya savadlılığına malik şəkildə yetişdirilməsinin dövlətin uzunmüddətli strateji məqsədlərindən biri olduğunu əlavə edib.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov hazırki çağırışlar fonunda milli birliyin vacib amil olduğunu və bu kimi görüşlərin həmsərhəd bölgələrdə keçirilməsinin siyasi–ideoloji mahiyyətindən söz açıb. Politoloq qloballaşma dövründə informasiya məkanında baş verən proseslərin təkcə sosial şüura deyil, həm də dövlətlərin siyasi sabitliyinə birbaşa təsir göstərdiyini qeyd edib. O, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ideoloji siyasətin əsas istiqamətlərindən bəhs edərək, ölkəmizin bu mövzuda dünyada özünəməxsus yer tutduğunu xüsusilə vurğulayıb. Eləcə də, vətəndaş–dövlət həmrəyliyi kimi dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb və gələcəyimiz olan gənclərin özlərində fəal vətəndaşlıq mövqeyi formalaşdırması gərəkdiyini vurğulayıb.
Sonra panel müzakirədə qeyd olunan mövzulara dair tədbir iştirakçılarının sualları cavablandırılıb.