AZ

Elşad Məmmədov: “İqtisadi inkişafın dayanıqlığı innovasiyalarla bağlıdır”

İqtisad elmləri doktoru, professor Elşad Məmmədov QHT.az-a innovativ iqtisadi inkişafın əhəmiyyətindən danışarkən bildirib ki, innovativ tutumlu iqtisadi inkişaf ölkənin iqtisadi rəqabət imkanlarını genişləndirir və dayanıqlılığın əsasını formalaşdırır.

Professorun sözlərinə görə, elmi-texniki tərəqqi iqtisadiyyatın uzunmüddətli və sabit inkişafında mühüm rol oynayır:

“Təbii ki, innovativ tutumlu iqtisadi inkişafın reallaşdırılması bir çox istiqamətlər üzrə ölkənin iqtisadi rəqabət imkanlarını genişləndirmiş olur və ümumiyyətlə, iqtisadi inkişafın dayanıqlığı zənnimcə, məhz innovasiyalarla bağlıdır. Elmi-texniki tərəqqinin inkişafı iqtisadiyyatda dayanıqlı inkişafın zəminini təşkil edir. Bu prosesdə insan kapitalına yönəlik siyasətin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. İqtisadi cəhətdən müvəffəqiyyət qazanan ölkələrdə insan kapitalına sərmayə qoyuluşu prioritet sahə kimi qəbul olunur. İnsan kapitalı ilə bağlı olan sahələr son onilliklərin trendləri göstərir ki, iqtisadi baxımdan uğurlu ölkələrdə bu istiqamət ön plandadır.”

Professor əlavə edib ki, Azərbaycanda son illər sosial yönümlü siyasətin rolu artıb və bu, sosial-iqtisadi müstəviyə müsbət təsir göstərir:

“Bu siyasət həm əhalinin alıcılıq qabiliyyətinin artmasına, həm də daxili bazarın stimullaşdırılmasına səbəb olur. Eyni zamanda, insan kapitalına yönəlik yanaşma milli iqtisadiyyatda texnoloji və innovativ inkişaf üçün daha böyük imkanlar yaradır.”

Sonda Elşad Məmmədov vurğulayıb ki, ölkədə ardıcıl və balanslaşdırılmış iqtisadi siyasətin həyata keçirilməsi dayanıqlı və müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq.

 

Pərvanə Fərhadqızı

Seçilən
25
qht.az

1Mənbələr