Bakı, 13 oktyabr, AZƏRTAC
Tibbi xidmətə əlçatanlığın artırılması, bu sahədə xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumat verib.
O bildirib ki, bu çərçivədə TƏBİB-in tabeliyindəki Nərimanov Tibb Mərkəzinin (5 nömrəli Şəhər Kliniki Xəstəxanası) yenidən qurulması istiqamətində həyata keçirilən işlər başa çatmaq üzrədir. İlin sonuna qədər bu tibb müəssisəsinin pasiyentlərin istifadəsinə verilməsi nəzərdə tutulur: “Təmirdən sonra tibb müəssisəsi çoxprofilli stasionar və ixtisaslaşdırılmış poliklinik xidmət göstərən tibb müəssisəsi olaraq fəaliyyətini davam etdirəcək. Təmirlə yanaşı, mərkəzin daha müasir və effektiv tibbi avadanlıqlarla təchiz olunması da nəzərdə tutulur. Son müalicə metodu ilə vətəndaşlara yeni növ tibbi xidmətlər təqdim ediləcək. Yenidənqurma işlərindən sonra pasiyentlərin müraciətlərinin də kifayət qədər artacağı gözlənilir. Nərimanov Tibb Mərkəzinin 1 saylı poliklinika şöbəsinin əsaslı təmiri də aparılır”.
Zamirə Ədilova, həmçinin deyib ki, Respublika Klinik Xəstəxanasının Cərrahiyyə və Terapiya korpuslarında təmir-tikinti işləri aparılır. Yaxın zamanlarda həmin korpusların da istifadəyə verilməsi planlaşdırılır.
Bundan başqa, hazırda Ağdamda və Füzulidə yeni xəstəxanaların tikintisi işləri həyata keçirilir. “İşğaldan azad edilmiş ərazilərdə bir neçə modul tipli xəstəxana, ailə sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Xankəndi şəhəri də daxil olmaqla, həmin ərazilərdə fasiləsiz tibbi xidmət təşkili olunub", - deyə departament rəhbəri vurğulayıb.