AZ

Allahşükür Paşazadə BMT Baş katibi Azərbaycana səfərə dəvət edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində BMT Baş katibi Antonio Quterreş tərəfindən təşkilatın Baş Qərargahında qəbul olunub.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, Şeyxülislam Allahşükür Paşazadənin Antonio Quterreşin BMT Baş katibi vəzifəsində olduğu 9 ilə yaxın müddət ərzində BMT Baş Qərargahında qəbul etdiyi ilk dini liderdir. Görüşün əvvəlində Şeyxülislam BMT Baş katibinə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb.

QMİ sədri bu yaxınlarda ABŞ prezidentinin rəhbərliyi ilə Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanması münasibətilə öz dərin məmnuniyyətini bildirib, sülhün bərqərar olmasında BMT Baş Katibinin səylərinin olduqca təsirli olduğunu qeyd edərək buna görə Quterreşə Azərbaycan dindarları adından və öz adından təşəkkürünü ifadə edib.

QMİ sədri qeyd edib ki, Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy verdikləri hazırkı vəziyyətdə erməni kilsəsi və erməni diasporu bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.

“Bu, qəbuledilməzdir”, - Quterreş cavab verib.

QMİ sədri BMT baş katibinə Azərbaycanın azad olunmuş ərazilərində mənşəyindən asılı olmayaraq, bütün dini və mədəni obyektlərin genişmiqyaslı bərpa prosesi, Azərbaycanda mövcud unikal dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti, dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə məlumat verib.

Azərbaycanda məzhəblər arasında anlaşmanın uğurlu modelinin İslam dünyasında nümunə olaraq qəbul edildiyini diqqətə çatdıran QMİ sədri gələn il Azərbaycanda Müsəlman Ağsaqqalları Şurası, BMT Sivilizasiyalar Alyansının həmtəşkilatçılığı ilə İslamdaxili dialoq və İslamofobiya ilə mübarizəyə həsr olunmuş mötəbər tədbirin keçiriləcəyini BMT Baş katibinin diqqətinə çatdırıb. O, Quterreşi bu tədbirə dəvət edib.

BMT baş katibi öz növbəsində, QMİ sədrini BMT Sivilizasiyalar Alyansının bu ilin dekabr ayında Səudiyyə Ərəbistanında keçirəcəyi növbəti Qlobal forumunda iştirak etməyə dəvət edib.

Şeyxülislam Quterreşi Azərbaycanda görmək və ona layiqli qonaqpərvərlik göstərmək arzusunda olduğunu dilə gətirib. BMT baş katibi Azərbaycanı daha əvvəllər, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı olduğu dövrdə bir neçə dəfə ziyarət etdiyini, ölkəmiz barədə ən xoş təəssüratlarının olduğunu qeyd edərək, orada yenidən olmaqdan məmnun olacağını deyib.

Allahşükür
Seçilən
15
8
apa.az

10Mənbələr