AZ

Bakıda toz basmış, paslanmış 10 milyonluq “ağıllı sistem” – REPORTAJ

Bakı dayanacaqlarında toz basmış, pas içində qalan monitorlar illərdir nə bir söz deyir, nə də bir görüntü göstərir. Bu səssizlik milyonlarla dolların itkisinin sanki simvoluna çevrilib.

Paytaxtın mərkəzi küçələrində hər gün minlərlə insanın yanından ötüb keçdiyi dayanacaqlarda bir vaxtlar “ağıllı nəqliyyat” dövrünün başlanğıcı kimi təqdim edilən monitorlar indi sadəcə bərbad mənzərə yaradır.

Ekranlar qaralıb, bəzi yerlərdə naqillər sallanır, pas və toz avadanlıqları tanınmaz hala salıb. Bəziləri illərdir bu monitorların işlədiyi günü xatırlamır, bəziləri isə elə ilk gündən onları yalnız “bəzək” kimi görüb.

Yurd.Media-nın əməkdaşları bu “ağıllı” avadanlıqların vəziyyətini yerindəcə müşahidə edib, bir neçə ərazidə çəkiliş aparıblar.

Yalnız şəhərin mərkəzi ərazisi olan Səbail rayonu Şeyx Şamil, Lermontov, İstiqlaliyyət küçələrində, Yasamal rayonu Azərbaycan prospekti, Şıxəli Qurbanov küçəsində müşaiyət aparmaq kifayət etdi ki, eyni mənzərə olduğu dəqiqləşsin – hər bir monitor toz içində, ekranı çatlamış, ya da tamamilə qaranlığa qərq olmuş vəziyyətdədir.

Sakinlər deyir ki, “illərdir bu ekranlara baxmaqdan bezmişik, amma heç kim nə sökür, nə də təmir edir”.

 

10 milyon dollarlıq səssizlik

2008-ci ildə Cənubi Koreyanın “SK C&C” şirkəti ilə bağlanan müqavilə çərçivəsində Bakıdakı dayanacaqlara 611 ədəd informasiya monitoru quraşdırılıb. Layihənin dəyəri 10 milyon ABŞ dollarından çox olub.O zaman bu, müasir şəhər nəqliyyatına keçid kimi təqdim edilirdi. Amma planlar gözəl olsa da, nəticə qısaömürlü olub. Quraşdırmadan az sonra monitorlarda texniki nasazlıqlar yaranıb və sistem tamamilə sıradan çıxıb.İndi bu avadanlıqlar nə sərnişinlərə informasiya verir, nə də şəhər görünüşünə yaraşır. Əksinə, milyonluq layihənin uğursuzluğunu hər kəsə xatırladır.

 

 

AYNA da öz yeni layihələri ilə gəlir

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, dayanacaqlardakı monitorlar texniki problemlər səbəbindən illər öncə fəaliyyətini dayandırıb.

Qeyd olunub ki, hazırda əsas diqqət rəqəmsal nəqliyyat sisteminin inkişafına yönəlib:

“AYNA tərəfindən MaaS (Mobility as a Service) adlı mobil tətbiq hazırlanır. Bu tətbiq vasitəsilə vətəndaşlar avtobusların gəliş vaxtını real vaxtda izləyə biləcəklər. Layihə hazırda test mərhələsindədir və yaxın zamanda ictimaiyyətə təqdim olunacaq”, – qurumdan bildirilib.

Bundan başqa, “Map AYNA” platformasının da yeniləndiyi, məlumat axınının daha səmərəli təşkil olunduğu qeyd edilib.Lakin monitorların sökülməsi və ya bərpası ilə bağlı konkret plan açıqlanmayıb.

 

 

Köhnə açıqlama, yeni səssizlik

Xatırladaq ki, AYNA-nın mətbuat katibi Tural Orucov bir neçə il əvvəl verdiyi açıqlamada bildirmişdi ki, bu monitorlar 2011-ci ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) layihəsi olub, 2016-cı ildən isə Bakı Nəqliyyat Agentliyinə təhvil verilib.

O zaman deyilmişdi ki, “avadanlıqlar təyinatına uyğun fəaliyyət göstərmədiyi üçün istifadədən çıxarılıb və mərhələli şəkildə söküləcək”.

Amma bu “mərhələlilik” illərdir baş vermir. Monitorlar hələ də dayanacaqlarda asılı vəziyyətdə qalır.

Seçilən
14
moderator.az

1Mənbələr