AZ

Britaniyanın Baş naziri Qəzza sülh planı ilə bağlı Misirdə keçiriləcək sammitdə iştirak edəcək

London, 13 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Misirdə keçiriləcək beynəlxalq sülh sammitində iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, sammitdə Qəzza zolağı üçün sülh planının imzalanacağı gözlənilir. Bu barədə Britaniya hökumət başçısının ofisi Daunin Strit məlumat yayıb. Bildirilib ki, K.Starmer Şarm əl-Şeyxdə keçiriləcək tədbirdə ABŞ Prezidenti Donald Trampa xüsusi təşəkkürünü bildirəcək.

Xatırladaq ki, ABŞ Prezidentinin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında razılaşdırılan atəşkəs və girovların qaytarılması üzrə sazişin birinci mərhələsi cümə günü qüvvəyə minib. Razılaşmanın növbəti mərhələləri hələ müzakirə olunmaqdadır. Sammitə ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah Əs-Sisi rəhbərlik edəcək, tədbirdə 20-dən çox ölkənin liderlərinin iştirakı gözlənilir.

Razılaşmaya əsasən, HƏMAS bazar ertəsi saat 12:00-a qədər bütün israilli girovları azad etməlidir. Bundan əlavə, İsrailin təxminən 250 fələstinli məhbusu və Qəzzadan 1700 nəfəri azad etməsi, həmçinin bölgəyə daha çox humanitar yardımın buraxılması nəzərdə tutulur.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
29
3
azertag.az

4Mənbələr