AZ

Prezident İlham Əliyevin 3 fərqli coğrafiyada 3 sammitdə iştirakı Azərbaycanın növbəti uğurlu təqdimatı oldu

Prezident İlham Əliyev son 10 gün ərzində 3 fərqli coğrafiyada 3 sammitdə – Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin toplantısı, ardınca Qəbələdə Türk Dövlətləri Təşkilatının zirvə görüşü, həmçinin Tacikistanın paytaxtı Düşənbədə MDB dövlət başçılarının sammitində iştirak etdi. Hər 3 tədbirdə Azərbaycan yüksək səviyyədə təmsil olundu və sammitlər çərçivəsində bir-birindən səmərəli görüşlər və müzakirələr aparıldı.

Bu gərgin iş qrafiki ilk növbədə Azərbaycanın təqdimatına, milli maraqlarının müdafiəsinə, yeni əməkdaşlıq perspektivlərinə xidmət etdi.

Tacikistan Mərkəzi Asiya ölkəsi kimi hər zaman Azərbaycanla əməkdaşlıqda maraqlı olub. Bu ölkə ilə ikitərəfli münasibətlərdə inkişaf dinamikası müşahidə olunmaqdadır. Bu dəfəki səfər zamanı da dövlət başçıları siyasi dialoq, həmçinin iqtisadi əməkdaşlığın yeni konturları ətrafında müzakirə apardılar.

MDB isə Azərbaycanın fəallıq nümayiş etdirdiyi regional platformalardan biridir.

Prezident İlham Əliyev sammitdə çıxışı zamanı daha çox humanitar məsələlərlə bağlı mövqeyini ifadə etdi. Azərbaycan sözügedən təşkilat çərçivəsində qarşılıqlı maraqları əhatə edən əməkdaşlığın tərəfdarıdır və ölkəmiz bu kontekstdə bütün konstruktiv təklifləri dəstəkləyir.

Prezidentin Tacikistan səfəri çərçivəsində baş verən ən önəmli hadisələrdən biri Azərbaycan–Rusiya münasibətlərindəki dinamika oldu. Belə ki, cənab Prezident İlham Əliyevlə Rusiya dövlət başçısı Vladimir Putin arasında uzun fasilədən sonra baş tutan görüşdə Bakı–Moskva münasibətlərinin normallaşması ilə bağlı mesajlar verildi. Əslində, iki ölkə arasında münasibətlərin normallaşması hər iki tərəfin xeyrinədir. Ötən ilin dekabrında baş verən təyyarə qəzası ilə bağlı Rusiya Prezidentinin mövqeyi gərginliyi azaltdı. Hesab edirəm ki, tərəflər bu və ya digər şəkildə dialoqu davam etdirməklə müsbət nəticələr əldə edə bilərlər.

Bakı–Moskva münasibətlərinin normallaşması Qərbdəki bəzi destruktiv qüvvələrin, eləcə də Rusiya daxilində olan ermənipərəst qruplaşmaların da planlarını alt-üst etdi, onların məkrli niyyəti baş tutmadı.

 

Nigar MƏMMƏDOVA,

Milli Məclisin deputatı

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr