AZ

MDB + nə vəd edir ?

2025-ci il 10 oktyabr tarixində Düşənbədə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası baş tutub. Prezident İlham Əliyevin sammitdə iştirakı və keçirdiyi yüksək səviyyəli görüşlər Azərbaycanın Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan geniş bir regionda çoxvektorlu və praqmatik diplomatiyasının davamlılığını nümayiş etdirir.

Prezident Əliyevin Düşənbə səfəri üzv ölkələr arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir tədbirdir. Bununla yanaşı Sammitdə qəbul edilən “MDB plyus” əməkdaşlıq modeli Birliyin daha çevik, açıq və adaptiv əməkdaşlıq mərhələsinə keçidini təsdiq edir ki, bu da Azərbaycanın apardığı regional əməkdaşlıq siyasətinin paradiqmasına uyğundur.

Sözügedən təşəbbüs ilk dəfə 2024-cü ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülmüş və 2025-ci ildə rəsmən təsdiqlənmişdir. Yeni formatın əsas məqsədi üzvlük mexanizmini elastikləşdirmək və bu əsasda həm üzv dövlətlər, həm də tərəfdaş ölkələr üçün açıq və praktiki əməkdaşlıq platforması yaratmaqdır.

“BRİKS+” və “ŞƏT+” modellərinin təcrübəsinə əsaslansa da, “MDB plyus” onlardan fərqli olaraq dövlətüstü öhdəliklər tələb etmir və fəaliyyətini layihə-mərkəzli əməkdaşlıq prinsipləri üzərində qurur. Bu yanaşma MDB-nin yalnız qapalı əməkdaşlıq məkanı deyil, eyni zamanda regional və transregional dialoqa açıq strateji region kimi formalaşdırılmasına hesablanmış praqmatik bir addımdır.

İlkin mərhələdə “MDB plyus” formatının fəaliyyət çərçivəsi üç əsas istiqamət üzrə müəyyən edilmişdir.

Birinci istiqamət təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsini, o cümlədən terrorizmə qarşı birgə mübarizəni və sərhəd nəzarətinin təkmilləşdirilməsini nəzərdə tutur.

İkinci istiqamət iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlib və təchizat zəncirlərinin, rəqəmsal ticarətin, nəqliyyat-logistika əlaqələrinin inkişafını əhatə edir.
Üçüncü istiqamət isə humanitar sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsini — elm, təhsil və mədəniyyət mübadiləsinin institusional əsasda təşviqini nəzərdə tutur.
Bu istiqamətlər Azərbaycanın regional siyasət prioritetləri ilə tam uzlaşır.

Azərbaycanın Orta Dəhliz, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı kimi strateji layihələrdə oynadığı rol iqtisadi əməkdaşlıq və nəqliyyat-tranzit marşrutları sahəsində ölkəmizi “MDB plyus” formatının cazibə mərkəzinə çevirir. Bu infrastruktur şəbəkələri MDB ölkələrinə Şərq–Qərb marşrutu üzrə səmərəli inteqrasiya imkanı yaradır və Azərbaycanın geoiqtisadi əhəmiyyətinə əlavə dəyər qazandırmaqla yanaşı onun geosiyasi liderliyini də möhkəmləndirir.
Prezident İlham Əliyev öz çıxışında bunu belə ifadə edir: “Bu qəbildən olan tədbirlər MDB məkanında dostluğu, əməkdaşlığı möhkəmləndirir və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.”

Bu yanaşma Azərbaycan diplomatiyasının əsas prinsipinə — qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan xarici siyasət modelinə uyğundur. MDB-nin yeni strukturunda Azərbaycanın təcrübəsi, texnoloji imkanları və iqtisadi potensialı onun praktiki koordinasiya mərkəzi rolunu oynamasına imkan verir.
Azərbaycanın MDB çərçivəsindəki humanitar fəaliyyəti ölkəmizin “yumşaq güc” siyasətinin praktiki təzahürüdür. Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması və Gəncədə keçirilmiş III MDB Oyunları da Azərbaycanın humanitar diplomatiyasının konkret nəticələridir. Bu layihələr vasitəsilə Azərbaycan MDB məkanında mədəni inteqrasiya və postmünaqişə dövründə münasibətlərin uğurlu bərpa nümunəsini ortaya qoyur.

Düşənbədə Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon arasında keçirilən təkbətək görüş Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji inteqrasiyanın daha bir mühüm həlqəsi kimi qiymətləndirilə bilər. Görüşdə iqtisadiyyat, energetika, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və birgə layihələrin reallaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilmişdir.

Prezident İlham Əliyev bu münasibətləri belə qiymətləndirir: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir.”
Bu münasibətlər nəticəsində Azərbaycan Mərkəzi Asiyaya, Tacikistan isə Xəzər dənizi vasitəsilə Qərb bazarlarına çıxış imkanları qazanır. Beləliklə, iki ölkə arasında tərəfdaşlıq həm iqtisadi, həm də nəqliyyat-logistika baxımından qarşılıqlı tamamlayıcı xarakter daşıyır.

“MDB plyus” formatı Azərbaycanın təşəbbüskarlığı və strateji baxışı çərçivəsində müasir regional əməkdaşlıq modelinə çevrilmək potensialına malikdir. Bu model vasitəsilə Azərbaycan MDB-nin modernləşməsinə və həm də Cənubi Qafqazla Mərkəzi Asiya arasında iqtisadi və humanitar münasibətlərin inteqrativ inkişafına real töhfələr verir.

Nəticə etibarilə, Düşənbə görüşləri yalnız ikitərəfli əlaqələr kontekstində deyil, həm də yeni Avrasiya nizamının formalaşması üçün atılan addımlar kontekstində uğurlu bir istiqamət ola bilər.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı 

Seçilən
7
4
korrespondent.az

5Mənbələr