AZ

Problemlərin həlli nazirliyi yaradılsın - TƏKLİF

Fazil Mustafa : "AYNA 4 hərfdən ibarətdir, amma məmnunluq baxımından ASAN öndədir"

Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 13 məsələ daxil edilib. Çıxış edən deputatlar bir sıra problemləri gündəmə gətiriblər. Millət vəkili Sayyad Salahlı ərizə və şikayətlərə 30 gün ərzində cavab verilməsinə narazılıq edib: "Azərbaycanda ərizə və şikayətlərə niyə 30 gün ərzində cavab verilsin? Bununla bağlı normativ hüquqi aktlara bənd əlavə edək ki, Azərbaycanda ərizə və şikayətlərə 10 gün ərzində cavab verilsin". Onun sözlərinə görə, maraqlı cəhət odur ki, ayın 1-dən məktub yazırsan, qəsdən gözləyib ayın 30-31-də cavab verirlər. Şikayətlərə vaxtında və dürüst cavab verilməlidir. Səlahiyyətli orqanlar bu məsələləri daha ciddi yanaşmalıdır: "Məsələn, səbəb torpaq mübahisəsidir. Bunu 30 gün düşünmək, nələrisə araşdırmaq nəyə lazımdır? Buna konkret cavab verilsin ki, məsələ nədir və şikayətçi də rahat olsun". 

"Problemlərin həll edilməsi nazirliyi yaradılsın" 

Millət vəkili Fazil Mustafa təklif edib ki, ayrıca bir nazirlik yaradılsın - problemlərin həll edilməsi nazirliyi: 

"Çünki ayrı-ayrı nazirlik, dövlət komitələri arasında səma rəqsində olduğu kimi dövr edən Azərbaycan vətəndaşlarının bir çox hallarda asan məsələləri həll etməkdə nə qədər vaxt itirdiyinin şahidi oluruq. Ancaq ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan ASAN xidmət modelinin yaranmasından sonra vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunduğu mexanizmini əldə edə bildik. Bu model insanları bir çox hallarda korrupsiyadan xilas etdi. Artıq adi məsələləri həll etmək üçün saatlarla gözləməyə ehtiyac yoxdur. Eyni adla, məsələn, AYNA 4 hərfdən ibarətdir. Amma məmnunluq baxımından ASAN xidmət hər zaman öndədir".

"Azərbaycanda Türkologiya Akademiyası yaradılsın!"

Millət vəkili Hikmət Babaoğlu parlamentin plenar iclasında çıxışı zamanı deyib ki, 2026-cı ildə Türk Dövlətləri Təşkilatı üzvlərinin iştirakı və dəstəyi ilə Azərbaycanda Türkologiya Akademiyasını da yaratmaq olar: "Orada təkcə türk dili ailəsi yox, fin-uqor ailəsinə daxil olan bütün xalqların ortaq dilinin inkişafı ilə bağlı mühüm tədqiqatlar aparıla bilər". 

"Türk Müdafiə Alyansı” qurulsun!"

Deputat Vasif Qafarov deyib ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün bir sıra strateji istiqamətlər xüsusi əhəmiyyət kəsb edir. O qeyd edib ki, ortaq müdafiə və təhlükəsizlik sisteminin yaradılması vacibdir: 

“Bu məqsədlə gələcəkdə “Türk Müdafiə Alyansı”nın formalaşdırılması və vahid hərbi planlaşdırma sisteminin qurulması böyük əhəmiyyət daşıyır. Müasir dövrdə artan kibertəhlükələr fonunda “Türk Ortaq Kibermüdafiə Mərkəzi”nin yaradılması informasiya suverenliyimizin təmin olunmasına xidmət edəcək. Qlobal informasiya məkanında səsimizin daha aydın eşidilməsi üçün “Türk Dünyası Media Platforması”nın qurulması da vacibdir. Bu təşəbbüs vahid informasiya strategiyası ilə türk dövlətlərini media sahəsində birləşdirəcək”.

"Mikayıl Müşfiqin adına 4-5 küçə var"

Deputat Məlahət İbrahimqızı deyib ki, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi həm onların ailələri, həm də ictimaiyyət tərəfindən daim müzakirə olunan mühüm məsələdir: 

"Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də bu mövzuya ən yüksək tribunalarda, o cümlədən BMT Baş Assambleyasının 80-ci sessiyasında və Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Sammitində çıxış edərək, şəhidlərimizin xatirəsinin əbədi olaraq xalqımızın qəlbində yaşayacağını vurğulayıb. Bu gün müzakirə edilən qanun layihəsində təklif olunan dəyişikliklərdən də göründüyü kimi, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi həmin ərazinin əhalisinin rəyi və dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanları prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya adlarının dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanını gün müddətində məlumatlandırır. Bu baxımdan hesab edirəm ki, sözügedən dəyişikliklərin qəbul olunması mövcud problemlərin həllinə ciddi töhfə verəcək". 

M.İbrahimqızının sözlərinə görə, son yüz il ərzində, xüsusilə Bakı şəhərində küçələrin adlandırılmasında müəyyən boşluqlar və ziddiyyətlər müşahidə olunur: 

"Bakı vahid inzibati ərazi vahidi olsa da, elə şəxsiyyətlər var ki, onların adları şəhərin müxtəlif rayonlarında 3-4 dəfə əbədiləşdirilib. Şübhəsiz ki, Azərbaycanda Heydər Əliyev kimi elə tarixi şəxsiyyətlər mövcuddur ki, onların adları ölkəmizin hər bölgəsində yaşadılmalıdır. Lakin bu kimi istisna hallar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumları Bakının bütün küçə, prospekt və meydanlarının adlarını yenidən nəzərdən keçirməlidirlər. İnternetdə Bakı şəhərinin küçə, prospekt və meydanlarının adları üzrə aparılan monitorinqlər də göstərir ki, bu sahədə hələ də kifayət qədər boşluqlar qalmaqdadır. Mikayıl Müşfiq hər birimizin sevdiyi şair olsa da, şəhərdə onun adına 4-5 küçə var".
Seçilən
28
sherg.az

1Mənbələr