Portuqaliya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Luiş Nani İngiltərə Premyer Liqasında karyerasının başlanğıcında yaşadığı çətinliklərdən danışıb.
90deqiqe.Az "O Jogo"ya istinadən xəbər verir ki, o, bildirib ki, 2007-ci ildə “Sportinq” klubundan ayrılaraq “Mançester Yunayted”ə gəldiyi zaman baş məşqçi Aleks Ferqyuson idi və onun ilk problemi ingilis dilini bilməməsi olub:
“Ferqyuson danışanda mən bir söz də başa düşmürdüm. Sadəcə üz ifadəsinə baxırdım. Düzünü desəm, bu məni qorxudurdu. Kriştiano Ronaldoya nə dediyini soruşurdum, o isə deyirdi ki, bunu bilməməyim yaxşıdır.”
Nani əlavə edib ki, ingilis dilini öyrəndikcə Ferqyuson onu tez-tez tənqid edirmiş:
“Mən həmişə çətin xasiyyətli olmuşam. Xarakterim səbəbindən həmkarlarım mənimlə mübahisəyə girəndə sakit qala bilmirdim. Ferqyuson gəlir, qışqırır və deyirdi: ‘Nani, bunu bir daha etsən, artıq oynaya bilməyəcəksən, hətta B komandası üçün də yox. Səni Portuqaliyaya göndərəcəyəm, təyyarəyə mindirəcəyəm.’”
Nani “Mançester Yunayted”də 2015-ci ilə qədər çıxış edib, komandada 240 oyun keçirib, 41 qol vurub və 65 məhsuldar ötürmə edib.