AZ

Türk birliyi yeni mərhələdə: Qəbələdə vacib istiqamətlər bəyan edildi - ŞƏRH

BAKI, 8 oktyabr. TELEQRAF

XXI əsrdə beynəlxalq münasibətlər sistemi yeni geosiyasi reallıqlar, regional əməkdaşlıq mexanizmlərinin inkişafı və çoxtərəfli diplomatik təşəbbüslərin genişlənməsi ilə səciyyələnir. Bu şəraitdə Türk Dövlətləri Təşkilatı (TDT) ortaq tarix, mədəni və mənəvi dəyərlər əsasında formalaşan, eyni zamanda, siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirən mühüm beynəlxalq platforma kimi fəaliyyətini uğurla davam etdirir.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə görüşü Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində mühüm mərhələ oldu: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri, Macarıstanın Baş naziri, Türkiyə Respublikasının vitse-prezidenti, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti və TDT-nin Baş katibi tərəfindən iştirak edilən toplantı təşkilat çərçivəsində siyasi həmrəyliyin və strateji əməkdaşlığın inkişafına yeni impuls verdi. Bu prosesin məntiqi davamı kimi, 2025-ci ilin 7 oktyabr tarixində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin ali səviyyəli nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatının rəhbər şəxsləri iştirak eediblər. Qəbələ Zirvəsində Türk dövlətləri arasında iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi, TDT-nin institusional imkanlarının artırılması və üzv ölkələr arasında strateji koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə olunub”.

Komitə sədri bildirib ki, dövlət başçıları Türk dövlətlərinin qlobal iqtisadi və siyasi sistemdə vahid mövqedən çıxış etməsinin, qarşılıqlı dəstək və birgə inkişaf prinsipinin qorunmasının əhəmiyyətini vurğulayıb: “Toplantı zamanı qəbul edilən qərarlar Türk dünyasının regional sabitlik və beynəlxalq təhlükəsizlik sistemindəki rolunun daha da möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında TDT-nin siyasi, iqtisadi və mədəni potensialının reallaşdırılmasının zəruriliyini qeyd etmiş, bu birliyin sülh, sabitlik və inkişafın təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Həmçinin Azərbaycan TDT çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsi, nəqliyyat-kommunikasiya marşrutlarının genişləndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal transformasiya proseslərinin həyata keçirilməsi istiqamətində səylərini davam etdirəcəkdir. Ölkəmizin başçısının çıxışındakı əsas istiqamətlər enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Zəngəzur dəhlizinin açılması və Transxəzər nəqliyyat dəhlizinin inkişafı türk dünyasının iqtisadi və logistik əlaqələrinin genişləndirilməsi ilə bağlı olub”.

Siyavuş Novruzov hesab edir ki, Zirvə görüşünün sonunda qəbul edilən Qəbələ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin strateji əsaslarını müəyyən edən mühüm sənəddir: “Bəyannamədə üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya təşviqi, nəqliyyat və enerji layihələrinin birgə icrası, rəqəmsal transformasiya, eləcə də humanitar əməkdaşlığın dərinləşdirilməsi istiqamətləri təsbit olunub. Qəbələ Bəyannaməsi Türk dünyasının vahid siyasi iradəsini, qarşılıqlı etimad və həmrəylik prinsipini təsdiq etməklə yanaşı, təşkilatın qlobal səviyyədə mühüm strateji aktor kimi mövqeyini daha da möhkəmləndirib”.

Seçilən
11
6
teleqraf.com

7Mənbələr