AZ

Bakı Kitab Sərgisində “Şuşa – Tarixi-Mədəni İrs” kitabının təqdimatı keçirilib

BAKI, TurkicWorld, Nailə Babazadə

Bakı Expo Mərkəzi, XI Beynəlxalq Bakı Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən buraxılmış Elçin Əhmədovun “ Şuşa – Tarixi-Mədəni İrs” kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə TurkicWorld- ə Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib.

Təqdimatın açılışında çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova kitabın nəşrini mühüm mədəni hadisə kimi qiymətləndirərək qeyd edib ki, Şuşa şəhəri yalnız Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün müqəddəs bir məkandır. O bildirib ki, Fond tərəfindən həyata keçirilən bu nəşr layihəsi qədim Şuşanın zəngin tarixi, mədəni irsi və dünya sivilizasiyasındakı rolunun beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Təqdimatın açılışında həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, telejurnalist, rejissor, əməkdar artist Rafiq Həşimov çıxış edərək kitabın nəşrini yüksək qiymətləndiriblər. Onlar qeyd ediblər ki, əsərin işıq üzü görməsi təkcə Şuşanın tarixi və mədəni irsinin öyrənilməsi baxımından deyil, həm də bu irsin gələcək nəsillərə çatdırılması və beynəlxalq aləmdə təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Sonca çıxış edən kitabın müəllifi siyasi elmlər doktoru, professor Elçin Əhmədov, “Şuşa – Tarixi-Mədəni İrs” əsərinin yazılma prosesindən, araşdırmalarda istifadə olunan elmi mənbələrdən və Şuşa şəhərinin tarixindəki əhəmiyyətli məqamların işıqlandırılmasından bəhs edib. Professor Əhmədov, əsərin nəşrinə göstərilən dəstəyə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü ifadə edib.
Sonda qonaqlara “Şuşa – Tarixi-Mədəni İrs” nüsxələri hədiyyə olunub, xatirə fotosu çəkilib.

Seçilən
14
turkic.world

1Mənbələr