AZ

TBMM-in sabiq deputatı: Qəbələ Zirvəsində müzakirə olunan mövzular məhsuldar nəticələr vəd edir

Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycanın Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşündə iştirak edən liderlərin çıxışları, ikitərəfli görüşlər və aparılan müzakirələr təşkilatın inkişafı istiqamətində mühüm nəticələr ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibliyi ilə baş tutan bu əlamətdar toplantı keçmişlə bu günün qovuşmasını simvolizə edir və türk dövlətləri arasında dostluq, qardaşlıq, həmrəylik və ortaq əməkdaşlığın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Yavuz Subaşı bildirib. Prezidnet İlham Əliyevin Zirvə Görüşündəki çıxışına diqqət çəkən Yavuz Subaşı deyib: “Prezident İlham Əliyevin TDT ölkələrinin Azərbaycanda birgə hərbi təlim keçirməsi barədə irəli sürdüyü təklif olduqca mühüm təşəbbüsdür. Bu, təşkilat ölkələri arasında ortaq hərbi qüvvə yaradılmasının ilk addımı ola bilər. İlham Əliyevin ortaq tarix, etnik köklər, milli və mənəvi dəyərlərin Türk dünyasını bir ailə kimi birləşdirdiyini vurğulaması da son dərəcə önəmlidir. Onun tərəfindən irəli sürülən digər mühüm layihə isə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın davamı mahiyyətində yeni böyük bir türkoloji qurultay təşkil olunmasıdır”.

Yavuz Subaşı əlavə edib ki, TDT artıq sadəcə bir əməkdaşlıq platforması deyil, region ölkələri arasında güclü əməkdaşlıq yaradan geosiyasi mərkəzlərdən birinə çevrilib. Zirvədə “TDT+” əməkdaşlıq formatının yaradılması təşəbbüsü, TÜRKSOY-un gücləndirilməsi, regionda TDT dövlətlərinin qarşılaşa biləcəyi təhdidlər, münaqişələr və beynəlxalq hüquq pozuntuları qarşısında birgə fəaliyyət və effektiv mövqe nümayişi barədə razılıq əldə olunub. Bununla yanaşı, fövqəladə hallar və fəlakətlərin idarə olunması, elm, texnologiya, ətraf mühit və mədəniyyət sahələrində əməkdaşlıq qərarları da qəbul edilib.

“Bütün bu qərarlar Türk dünyasının birliyi və təşkilatın beynəlxalq münasibətlər sistemindəki mövqeyi baxımından olduqca vacibdir. XXI əsrin “Türk dünyası əsri” olması baxımından Qəbələ Zirvəsi məhsuldar nəticələr vəd edir. Qırğızıstan Prezidentini dövrə sədrliyini uğurla yerinə yetirdiyinə görə təbrik edir, bu mühüm missiyanı təhvil alan can Azərbaycana uğurlar arzulayıram”, - deyə sabiq deputat vurğulayıb.

Seçilən
15
3
herbiand.az

4Mənbələr