Türkiyə çempionatının 8-ci turu birdən-birə iki məşqçi istefasına səbəb olub. Debütant ''Kocaelispor''a uduzan ''Eyüpspor''da Səlcuk Şahinin istefa verdiyini xəbər vermişdik. Bu dəfə məşqçisi ilə yollarını ayıran klub ''Kayserispor''du. ''Sarı-qırmızılar''da Markus Gisdol dönəmi rəsmən başa çatdı.
Bunu gözləmək olardı. Çünki Kayseri təmsilçisi ilk 8 turdan sonra aktivində qələbə olmayan yeganə kollektiv idi. Son turda kayserililər Trabzon səfərində 4 cavabsız qolla darmadağın oldular. Klub prezidenti Nurəddin Açıkalın yeni məşqçinin adını ən qısa müddətdə açıqlayacaqlarını bildirib.
Bu, Gisdolun Türkiyədə ikinci dönəmi idi. Daha öncə ''Hoffenhaym'', ''Hamburq'', ''Köln'', ''Lokomotiv'' kimi klubları çalışdıran 56 yaşlı almaniyalı mütəxəssis Türkiyədə ilk dəfə 2023/24-də ''Samsunspor''da işləmişdi. Həmin vaxt o, debütant statusunda olan Samsun təmsilçisini sonuncu pillədə qəbul edərək dirçəltməyi bacarmışdı. Amma bu dəfə o, uğursuzluğa düçar oldu. ''Kayserispor'' bu məşqçi ilə keçirdiyi 8 oyundan 5 heç-heçə, 3 məğlubiyyətlə ayrıldı.
Gisdolun illik maaşı 1 milyon avro idi və bunun 400 min avrosu artıq ona ödənilmişdi. Ona görə də bu məşqçiyə 600 min avro təzminat ödəniləcək.
Onu da bildirək ki, Gisdolun ayrılması ilə bu mövsüm superliqada məşqçi istefalarının sayı 6-ya yüksəldi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta