AZ

Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...


Akif Nəsirli: “...Praktiki baxımdan real deyil”

“Düşünürəm ki, təxminən 5-10 ildən sonra Ermənistan qazdan elektrik enerjisi istehsal etmək üçün istifadə etməyəcək və günəş elektrik stansiyalarına keçəcək”. Bunu Ermənistan Mədənçilər və Metallurqlar İttifaqının rəhbəri, Zəngəzur Mis-Molibden Kombinatının (ZCMK) baş direktorunun birinci müavini Vardan Canyan oktyabrın 3-də “Mining Armenia Forum 2025” çərçivəsində jurnalistlərlə söhbətində deyib.

O qeyd edib ki, şirkətin günəş enerjisindən istifadə ilə bağlı böyük planları var. “Bu, təkcə ekoloji cəhətdən sağlam deyil, həm də iqtisadi cəhətdən məqsədəuyğundur, çünki bu gün Ermənistanda ən ucuz elektrik enerjisi günəş elektrik stansiyaları tərəfindən istehsal olunur” deyə Canyan qeyd edib.

Bu nə qədər inandırıcıdır ki, Ermənistan elektrik enerjisinin istehsalında daha qaz sərf etməyəcək, bütün elektrik enerjisi ancaq alternativ mənbələrdən əldə ediləcək?

“Bunun üçün ölkənin həm texnoloji bazası, həm də maliyyə resursları...”

Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın 5-10 ilə qazdan imtina etməsi məsələsi real plandan çox siyasi bəyanat xarakteri daşıyır. “Ermənistanın gələcək enerji siyasəti ilə bağlı səslənən bəyanatlar regionda maraqla qarşılanıb. Rəsmi dairələr və bəzi ekspertlər bildirirlər ki, 5–10 ildən sonra ölkə elektrik enerjisi istehsalında qazdan istifadə etməyəcək, bütün enerji tələbatı bərpa olunan mənbələrdən təmin olunacaq. Ancaq mövcud vəziyyət bu iddianın reallıq payını şübhə altına alır.

Ermənistanın enerji balansında qazla işləyən istilik stansiyaları hələ də əsas pay sahibidir. Ümumi elektrik istehsalının təxminən 40–45 faizi bu stansiyalardan, 35–40 faizi Metsamor Atom Elektrik Stansiyasından, 15–20 faizi isə bərpa olunan mənbələrdən (əsasən su və günəş enerjisi) gəlir.

Yəni ölkənin enerji sisteminin yarıdan çoxu hələ də qaz və atom enerjisinə əsaslanır”.

A.Nəsirlinin sözlərinə görə, Ermənistanın elektrik sisteminin əsas dayaqları sayılan İrəvan və Razdan istilik stansiyaları təbii qazla işləyir: “Onların başqa yanacaq növünə uyğunlaşdırılması və ya yeni texnologiyalarla əvəzlənməsi milyardlarla dollar investisiya tələb edir.

Bundan başqa, Metsamor AES-in fəaliyyəti 2036-cı ilə qədər uzadılıb. Bu stansiyanın bağlanması və onun yerinə yeni reaktorun tikilməməsi ölkəni bərpa olunan enerjiyə daha çox yönəldə bilər, lakin bu, enerji sabitliyini risqə atar.

Ermənistan günəş enerjisi potensialına görə Cənubi Qafqazda ən əlverişli ölkələrdən biridir.

2024-cü ilə qədər artıq 300 meqavatdan çox günəş enerjisi gücü istifadəyə verilib, hökumət isə 2030-cu ilə qədər 1 giqavat gücə çatmağı planlaşdırır.

Bununla belə, günəş enerjisinin fasiləli xarakteri - gecə və buludlu hava zamanı istehsalın dayanması - ölkəni hələ uzun müddət ərzində sabit enerji mənbələrindən asılı saxlayacaq”.

A.Nəsirli qeyd etdi ki, Ermənistan qazı əsasən Rusiyadan “Qazprom Armenia” vasitəsilə idxal edir:“Bu, bir tərəfdən asılılıq yaradır, digər tərəfdən isə sistemin sabitliyini təmin edir. İranla enerji mübadiləsi (elektrik əvəzində qaz) mexanizmi olsa da, bu marşrut hələ strateji alternativ kimi formalaşmayıb.

Yəni Ermənistanın 5-10 il ərzində qazdan tam imtina etməsi praktiki baxımdan real deyil. Bunun üçün ölkənin həm texnoloji bazası, həm də maliyyə resursları kifayət deyil. Lakin bərpa olunan enerji mənbələrinin payının artırılması və qaz asılılığının tədricən azaldılması mümkündür.

Canyanın açıqlaması, daha çox, strateji niyyət və siyasi mesaj xarakteri daşıyır, real iqtisadi proqnoz deyil”.

İradə SARIYEVA

Seçilən
63
50
baki-xeber.com

10Mənbələr