AZ

"Layiqli... səfirlərlə" görüş layihəsi başladı...


Mətləb Salahov: “Layiqli Əmək Səfirləri”nin Həmkarlar Konfederasiyası ilə sıx əməkdaşlıq qurması işəgötürən təşkilatlarda sosial məsuliyyət hissinin təşviq edilməsi üçün önəmli addımdır”

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Layiqli Əmək Səfirləri ilə görüş keçirilib. Konfederasiya ölkəmizin tanınmış və nüfuzlu simalarının təmsil olunduğu "Layiqli Əmək Səfirləri" layihəsini həyata keçirir. Layihənin məqsədi əmək hüquqlarının təbliği, bu sahədə maarifləndirmənin gücləndirilməsi və layiqli əməyin təşviqidir.

Görüşdə, həmçinin, həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verilib.

“Layiqli əməyin təşviq edilməsi üçün səy göstərmələri həm də Azərbaycandakı sosial hüquqlar və təminat keyfiyyəti barədə beynəlxalq ictimaiyyətə ən gözəl mesajdır”

Mövzu ilə bağlı fikir bildirən jurnalist-ekspert Mətləb Salahov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün Azərbaycan vətəndaşlarının sosial hüquqlarının qorunmasını müəyyən edən beynəlxalq proqram və konvensiyalardan biri məhz layiqli əməyin dəstəklənməsi ilə bağlıdır: “Bilirik ki, ölkəmizdə sosial sektorun təkmilləşdirilməsi istiqamətində olduqca mühüm qanunvericilik aktları qəbul edilib və real işlər görülüb. Əlbəttə, bir sıra sosial sahələrdə hələ də çatışmazlıq halları qalmaqdadır və bu real faktdır. Lakin görülən işləri qeyd etməmək də mümkün deyil. Xüsusilə əmək münasibətlərinin təkmilləşdirilməsi və işçilərinin hüquqlarının qorunması üçün beynəlxalq təcrübənin tətbiqi önəmli məsələlərdir.

Hələ 2007-ci ilin noyabrında Cenevrədə Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün "Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı"nı imzalayıb. Bəs bu proqramda hansı məqamlar yer alır? İlk növbədə ictimai səviyyədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xüsusilə regionlarda gəlir əldə olunması imkanlarının yaxşılaşdırılması, iqtisadi inkişafın və ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi, səhiyyə və təhsil xidmətlərindən bərabər səviyyədə yararlanmaq imkanlarının yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həlli nəzərdə tutulur.

Bəs Layiqli əməyin özü nədir?Layiqli əmək işçinin iş şəraiti ilə onun aldığı əməkhaqqının bir-birinə uyğun olmasını nəzərdə tutur. Yəni iş yerinin ixtisas tələbi ilə işçi qüvvəsinin ixtisas tələbi bir-birinə uyğun olmalıdır. Başqa sözlə, işçi qüvvəsinin özünün peşə ixtisasına, qabiliyyətinə, əməyinin keyfiyyətinə, peşəsinə uyğun, onun öz ürəyincə olan iş layiqli əmək sayılır. Burada işçinin həm də rahat iş yeri, zəruri həcmdə xidmət və məhsullarla, davamlı əməkhaqqı ilə təmin olunması kimi vacib şərtlər nəzərdə tutulur ki, bunların hamısına kompleks şəkildə yanaşılmalıdır. Göründüyü kimi, "Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı" işçinin əməklə bağlı bütün sosial hüquqlarının təminatçısı rolunda çıxış edir”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Məşğulluq Strategiyasında əks olunan "layiqli əmək" anlayışı üçün üç şərt olduqca vacibdir. Bunlardan birincisi insanın peşəsinə və ixtisasına uyğun iş yeri ilə təmin edilməsi, ikincisi işçinin zəruri həcmdə, özünü və ailəsini təmin edə biləcək səviyyədə maddi-mənəvi xidmətlərdən, məhsullardan yararlanmaq imkanlarına malik olması, üçüncüsü isə iş yerinin davamlılığıdır: “Xüsusilə işçilərin istirahət hüquqları barədə davamlı işlərin görülməsi, onların sağlamlıq və istirahət sanatoriyalarının imkanlarından keyfiyyətli şəkildə yararlanmaları prioritet məsələdir. Yəni göründüyü kimi, layiqli əmək anlayışı insanların sosial hüquqlarının qorunmasını və maddi-mənəvi xidmətlərdən daha səmərəli şəkildə yararlanmasını nəzərdə tutur.“Layiqli Əmək Səfirləri” layihəsi əsasən əmək hüquqlarının təbliği və sosial məsuliyyətin gücləndirilməsi məqsədi daşıyır. Nəzərə alsaq ki, bir sıra yerlərdə hələ də sosial məsuliyyətdən, işçilərin əmək hüququna ictimai nəzarətdən qaçan müəssisələr mövcuddur, o zaman bu layihənin önəmi daha qabarıq şəkildə hər kəsə aydın olur. Xüsusilə bu istiqamətdə Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əlaqə və işgüzar fəaliyyət minlərlə işçinin hüquqlarını qorumaq baxımından olduqca önəmlidir.“Layiqli Əmək Səfirləri”nin davamlı olaraq bu istiqamətdə görüşlər keçirmələri, əmək sektorundakı aparıcı strukturlarla işgüzar əlaqələr qurmaları, layiqli əməyin təşviq edilməsi üçün səy göstərmələri həm də Azərbaycandakı sosial hüquqlar və təminat keyfiyyəti barədə beynəlxalq ictimaiyyətə ən gözəl mesajdır”.

Günel CƏLİLOVA

Seçilən
86
baki-xeber.com

1Mənbələr