AZ

Hayların seçki savaşı: sülhsevərlər, yoxsa revanşistlər?

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistanda demokratik yolla iqtidara gələ bilməyəcəklərini yaxşı anlayan radikal müxalifət nümayəndələri mənfur niyyətlərini zorakı yollarla – hakimiyyəti qəsb etməklə həyata keçirmək istəyirlər. Bu metod onlara çox doğmadır. Onlar uzun illər məhz bu üsullardan istifadə edərək, seçkiləri saxtalaşdıraraq, qan tökərək, zor işlədərək hakimiyyətdə qalıblar.

Bu qüvvələrin başında dayanan Robert Koçaryanın 1998-ci ildə ölkənin ilk prezidenti Levon Ter-Petrosyanı istefaya məcbur etməsi, 2008-ci ildə Serj Sarkisyanla birgə İrəvanın mərkəzi meydanında qan tökməsi, 2018-ci ildə yenə Sarkisyanın baş nazir kimi hakimiyyətinin ömrünü uzatması üçün siyasi oyunlar qurması yaxşı xatirimizdədir. Onlar hakimiyyətdə olduqları müddətdə inzibati resurslarını öz maraqları naminə səfərbər edərək rəqiblərinə təzyiq göstəriblər. İctimai rəyin formalaşmasında əsas rola malik media üzərində nəzarəti vasitəyə çeviriblər.

Məhz bu səbəbdən demokratik institutlar zəifləyib, seçki prosesinə etimad azalıb. İndi isə eyni taktikanı zorakı etirazlar və təxribatlar vasitəsilə davam etdirməyə çalışırlar. Bu yanaşma onların ölkəni yenidən avtoritar idarəçiliyə qaytarmaq niyyətindən xəbər verir.

Bu il iyunun sonlarında Ermənistan İstintaq Komitəsinin əlinə “Müxalifətin çevriliş planı” adlandırıla biləcək bəzi sənədlər keçdi. Plan Nikol Paşinyan hökumətinin devrilməsi üçün mərhələli fəaliyyəti nəzərdə tuturdu. Əvvəlcə müxalifətin nəzarətində olan kütləvi informasiya vasitələri və ictimai rəyin formalaşdırılması ilə məşğul olan şəxslər bir neçə ay ərzində “emosional dalğa” yaratmalı idilər. Sonra etiraz aksiyalarına hərbi rəhbərlər, məşhur artistlər, monastır ordenlərinə sahib şəxslər və Erməni Apostol Kilsəsinə və digər kilsələrə etiqad edən xristian möminlər, Azərbaycana qarşı işğalçı müharibədə ölənlərin anaları və nəhayət, Ermənistanın keçmiş liderləri R.Koçaryan və S.Sarkisyan da qoşulacaqmış.

Plana görə, sentyabrın ortalarına qədər cəmiyyət Paşinyan və onun müttəfiqlərinin hakimiyyətdən uzaqlaşdırılmasını tələb etməli, çevrilişin özü isə sentyabrın 21-də – Ermənistanın müstəqillik günündə baş verməli imiş. Planda yüksək dövlət vəzifələri də bölünübmüş. 2001-ci ildə parlament seçkiləri ərəfəsində seçicilərə təzyiq göstərdiyinə görə şərti cəzaya məhkum edilmiş, tanınmış həkim və parlamentin keçmiş deputatı Armen Çarçyanın keçid dövrü hökumətinin baş naziri seçilməsi nəzərdə tutulubmuş.

Həmçinin odlu silahlar, döyüş sursatı, fəaliyyət planları, “verbovka” olunanların siyahıları, radioəlaqə avadanlıqları, pilotsuz uçuş aparatları və narkotik maddələrə bənzəyən preparatlar aşkar edildi. İstintaq habelə iddia edilən hakimiyyətin ələ keçirilməsindən sonra qanunsuz hərəkətlərin planlarını, iş qrafikini və vəzifələrə potensial təyinatların siyahısını əks etdirən sənədləri də ələ keçirdi. N.Paşinyan cəsarətli addım ataraq onları zərərsizləşdirdi.

Bununla belə məlum qüvvələr yenə də iş başındadırlar. Hakimiyyət hərisliyi, bu yolla kapital toplama, korrupsiya ilə məşğul olmaq bu şəxslərin gözünü elə örtüb ki, indi də kütləvi iğtişaşlar törətməyə, qan tökməyə hazırdırlar. Onlar cəmiyyətin narazı ovqatını süni şəkildə qızışdıraraq kortəbii, adda-budda etirazları kütləviləşdirməyə çalışır, xüsusilə sosial-iqtisadi problemlərdən istifadə edərək hökumət əleyhinə etimadsızlığı dərinləşdirməyə səy göstərirlər. Müxalifət liderləri revanşist şüarlarla həm seçiciləri, həm də müxtəlif silahlı qrupları hərəkətə gətirməyə cəhd edirlər. Bununla yanaşı, xarici havadarların dəstəyinə ümid edərək hakimiyyətin legitimliyini sarsıtmaq planı güdürlər. Bu qüvvələrin əsas məqsədi ölkədə sabitliyi pozaraq siyasi böhran yaratmaqdır. Nəticədə Ermənistanın daxili təhlükəsizliyi risk altına düşəcək, qonşu dövlətlərlə münasibətləri gərginləşəcək.

Amma Koçaryan və Sarkisyan bu qeyri-sivil mübarizədə tək deyillər. Ölkənin birinci prezidenti Levon Ter-Petrosyan da onlara qoşulub. Düşərgənin digər simaları da destruktiv davranışları ilə fərqlənir. İşxan Saqatelyan və Vahe Akopyan parlament tribunasını populist çağırışlarla hökumətə qarşı təzyiq meydanına çeviriblər. Saqatelyan son aylar küçə etirazlarını qızışdırmaq, sərhəd məsələsində gərginliyi artırmaq üçün açıq çağırışlar edir. Akopyan isə sosial-iqtisadi problemləri manipulyasiya edərək hökumətə etimadı sarsıtmaq xəttini davam etdirir.

Radikal müxalif düşərgədə mühüm rol oynayanlardan biri də Ayk Mamiсanyandır. O, sərt ritorikası və kompromissiz çıxışları ilə seçilir. Parlamentdə hökumətə qarşı daim təxribatçı çağırışlar edən Mamiсanyan destruktiv siyasətin yeni siması hesab olunur. Bu siyasətin köhnə dayaqlarından biri isə Erməni İnqilabi Federasiyası – “Daşnaksütyun” partiyasıdır. Partiyanın tanınmış fiquru Armen Rustamyan sərt revanşist mövqeyi ilə Ermənistanı yenidən militarist xəttə qaytarmaq istəyir.

Bu qüvvələr 2026-cı il parlament seçkilərinə vahid blok şəklində qatılmaq barədə gizli müzakirələr aparırlar. Məqsəd Paşinyan hökumətini zəiflətmək, payız-qış aylarında sosial narazılığı dərinləşdirərək kütləvi etiraz aksiyaları təşkil etməkdir. Hətta müxalifət daxilində “keçid hökuməti” ideyası irəli sürülür ki, bu da ölkədə sabitliyin pozulmasına xidmət edir.

Revanşist müxalifət yalnız daxili siyasətdə deyil, regionla münasibətlərdə də destruktiv xətti davam etdirir. Onlar Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxır, sərhədlərin delimitasiya prosesini pozmağa çalışır, ölkəmizə və Türkiyəyə qarşı nifrət ritorikasını gücləndirirlər. Bu isə Ermənistanın beynəlxalq imicinə zərbə vurur və iqtisadi inkişaf perspektivlərini daraldır.

Radikal müxalifətin zorakı metodlara üstünlük verməsi, küçə təxribatlarını əsas siyasi alətə çevirməsi ölkəni ciddi təhlükə qarşısında qoyur. Bu cəhdlər cəmiyyətin demokratik dəyərlərə inamını sarsıdır, qanuni seçki prosesini kölgə altına alır. Koçaryan, Sarkisyan, Saqatelyan, Akopyan, Mamicanyan və Rustamyan kimi psevdosiyasətçilərin bir məqsədi var – Ermənistanı köhnə idarəçilik modelinə qaytarmaq. Cəmiyyət revanşist ritorikanın ölkəni inkişafdan geri saldığını, sülh və sabitlikdən başqa alternativ olmadığını dərk etməlidir. Əks halda, Ermənistan yenidən xaos və təcrid dövrünə sürüklənə bilər.

Onu da qeyd edək ki, Paşinyan öz kampaniyasını aydın mesajlar üzərində qurmağa çalışır. O, seçicilərə müraciət edərkən əsasən ölkəni gərginlikdən çıxarmaq, sülh sazişi imzalamaq və iqtisadi sabitlik yaratmaq kimi tezisləri önə çəkir. Paşinyan yaxşı anlayır ki, cəmiyyət uzun illər davam edən qarşıdurmalardan və qeyri-müəyyənlikdən yorulub. Buna görə də seçki kampaniyasının mərkəzində müharibədən uzaqlaşmaq və yeni inkişaf mərhələsinə keçid dayanır. Baş nazir, həmçinin radikal müxalifətin revanşist ritorikasını təhlükəli sayır və seçicilərə xəbərdarlıq edir ki, köhnə qüvvələrin hakimiyyətə qayıdışı ölkəni yeni müharibə riskinə sürükləyə bilər.

Son illər müxtəlif sahələrdə aparılan islahatların da Paşinyanın seçki proqramında mühüm yer tutacağı şübhəsizdir. O, bu sahədə əldə olunan irəliləyişləri vurğulayaraq bildirir ki, Ermənistanın gələcəyi yalnız demokratik islahatların davam etdirilməsi ilə təmin oluna bilər. Qarabağ müharibəsindən sonrakı reallıq da Paşinyanın lehinə işləyən amildir. Nikol iddia edir ki, münaqişə səhifəsinin bağlanması ölkənin beynəlxalq aləmdə mövqeyini gücləndirib, yeni investisiya və əməkdaşlıq imkanları yaradıb. Paşinyan indidən seçicilərə vəd edir ki, radikal müxalifətin yaratmaq istədiyi xaosdan fərqli olaraq, hökumət yalnız sabitlik və təhlükəsizlik yolunu seçir. Bütün bunlar hakimiyyətin mövqeyini gücləndirən amillərdir.

Səxavət HƏMİDXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
xalqqazeti.az

2Mənbələr