AZ

"Sarı gəlin"ə bənzəyən zəmi

Heyran olduğumuz anamız təbiətin gözəlliyinə baxanlar, bu gözəllikdən zövq alanlar, şirin-şirin xəyallara dalanlar, bənzərsizliyindən doymayanlar onu ən dahi rəssam adlandırıblar. Bu bənzətmə ilə ürəklərindəki arzularını qanadlandırıblar, təbiəti taclandırıblar. Təbiəti göylərin dərinliyinə, asimanın sonsuzluğuna, Aya, Günəşə, ulduzlara doğru hey ucaldıblar. 

Sanki istəklərinə yetiblər, diləklərinə çatıblar. Sevinclərinə sevinc, fərəhlərinə fərəh, sevgilərinə sevgi qatıblar. Ürəklərindəki dərdi, qəmi birdəfəlik çıxarıb atıblar. 

Doğrudan da, təbiətdə nə varsa gözəldir, bənzərsizdir, möhtəşəmdir. Başı qarlı uca dağlar, dərin dərələr, yaşıllığa bürünmüş meşələr, uzandıqca uzanıb gedən çöllər, sonu görünməyən düzlər sanki Tanrıdan göndərilmiş çələngdir. Bu meşələrdə, dağlarda, dərələrdə bitən güllər, çiçəklər və müxtəlif rəngli otlar, bitkilər bir-birindən ayrılmazdır, bütövdür, biri o birinin davamıdır.

Təbiətin qoynundakı təkrarsız mənzərələrdən biri də taxıl zəmiləridir.  Yolumuz yaxınlığından düşəndə bir anlıq ayaq saxlayıb baxmadan keçib getmək olmur. Bu bənzərsiz mənzərənin gözəlliyinə baxmaqdan doymaq olmur. Baxdıqca baxır, zövq aldıqca alırıq.   

Əkiləndən bir neçə gün sonra cücərib torpaqdan baş qaldıran zəmi sanki gözlərini süzə-süzə üzümüzə gülür. Yamyaşıl nazik gövdələr əsgər kimi bir-birinin yanında sıraya düzülür. Elə bil asta-asta dan yeri sökülür, qaranlıqlar işıqdan qorxub geri çəkilir. O anlar gözümüzdən yanaqlarımıza sevinc süzülür. Göydən yer üzünə şırıl-şırıl nur tökülür. 

İlk çağlarında, torpaqdan təzə boylanan kövrək vaxtlarında taxıl zəmiləri təbiətin yaşıl xalısına bənzəyir. Bir az nazlı-qəmzəli, işvəli, ədalı görünür. Küləklər göz işlədikcə uzanıb gedən taxıl sahələrinin üstünə əlini çəkib onu sığallayır, tumarlayır, sanki çala-çökək yerlərini asta-asta, usta-usta bir az hamarlayır. Elə bil zəmilərə sevinc paylayır. 

Külək yaşıl gövdələrini asta-asta tərpədəndə, tellərini oxşayanda sanırsan ki, zəmi sanki dalğalı bir dənizdir - bərəkət dənizi. Bəli, zəmi bərəkətdir, çörəkdir. Zəmi həyatdır, bolluqdur, müqəddəsdir. 

Günlər keçdikcə, havalar isindikcə, yavaş-yavaş, hiss olunmadan nazik gövdələrdəki sünbüllərin içində dənlər sıraya düzülür. Elə bil divara xırda-xırda daşlar hörülür. Vaxt gəlir ki, buğda yetişəndə, biçinə az qalanda zəmi yavaş-yavaş, hiss olunmadan yaşıllığı ilə vidalaşıb sarı rəngə bürünür. Bu rəngdə zəmi əvvəlkindən də qəşəng görünür. İndi külək də onun üstündəki dəni qoparıb yerə salmamaq üçün asta əsir. 

Bu rəngdə zəmi sarı gəlinə bənzəyir. Günlər asta-asta keçdikcə, zaman irəli dartındıqca biçinə az qalır. Məhsul bol olanda insanların üzü gülür. Sanki anamız təbiət həmin günlər fikrə gedir, xəyala dalır. Sanki dünya bir yaş da qocalır, insan bir yaş da ucalır. 

Vaxt gəlir, zaman yetişir sarı gəlinə bənzəyən zəmi biçilir. Həmin günlər sevinc sevincə qarışır, ürəklərdə arzular aşıb-daşır. Fərəh-fərəhlə, arzu-arzuyla, istək-istəklə şirin-şirin pıçıldaşır, danışır. İnsanlara çörək verdiyinə görə torpağın üzü gülür. Bundan sevinən buldular da bir müddət yağış yağdırmır, göydən çəkilir.

Çox keçmir ki, zəminin yeri yenidən şumlanır, torpaq tumarlanır, hamarlanır sonra da toxum səpilir. Torpaqdan güc alıb buğdadan çıxan zərif gövdəli sünbül sabahlara boylanır. Deməli, həyat davam edir.

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Seçilən
85
azerbaijan-news.az

1Mənbələr