AZ

“1993-cü ildə xalqın doğru seçimi Azərbaycanı xilas etdi” – Könül Nurullayeva

“1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Böyük şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıdışı əsl xilaskarlıq missiyası idi. Xalqımızın doğru seçimi nəticəsində Azərbaycan tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxdı, dünya miqyasında müstəqil siyasət yürüdən dövlət kimi tanındı və beynəlxalq aləmdə layiqli mövqe qazandı. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidməti məhz dövlətçiliyimizi xilas etməsi idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputatın sözlərinə görə, müstəqil Azərbaycan məhz Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün siyasi kurs sayəsində beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tuta bilib:

“Azərbaycanın müstəqilliyi Ulu Öndər üçün hər zaman ən prioritet məsələ idi. O, daim xalqın etimadından güc aldığını deyirdi. Bu inam səbəbsiz deyildi, çünki xalqımız Heydər Əliyevin Vətənə olan sarsılmaz sevgisini hər zaman hiss edir və yüksək qiymətləndirirdi. ‘Mən bütün təxribatların, terrorun qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam, qoruyacağam…’ sözləri Ulu Öndərin həyat amalının ifadəsi idi. Onun bütün ömrü müstəqil Azərbaycanın əbədiliyi və xalqımızın rifahına həsr olundu”.

K. Nurullayeva qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur eyni zamanda Heydər Əliyev ideyalarının gerçəkləşməsidir:

“Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Ulu Öndərin ən böyük arzusu – Azərbaycanın azad, müstəqil və ərazi bütövlüyü təmin olunmuş dövlət kimi mövcud olması – Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində reallığa çevrildi. Azərbaycanın bu gün güclü dövlət kimi tanınması, müstəqil siyasi iradə nümayiş etdirməsi, milli maraqlarını qətiyyətlə qoruması məhz bu siyasi kursun nəticəsidir. Dayanıqlı inkişaf sayəsində ölkəmiz torpaqlarını işğaldan azad etdi, tarixi ədaləti və suverenliyimizi bərpa etdi”.

Deputat vurğulayıb ki, Ulu Öndərin gənclər siyasəti də Vətən müharibəsində həlledici rol oynadı:

“Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi adlandırırdı. Onun həyata keçirdiyi düzgün gənclər siyasəti nəticəsində milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhlu gənc nəsil yetişdi. 44 günlük Vətən Müharibəsində də məhz bu gənclər əsas missiyanı yerinə yetirdi. Qələbəmiz Heydər Əliyev irsinin və azərbaycançılıq ideologiyasının parlaq təntənəsi oldu”.

Könül Nurullayeva sonda əlavə edib:

“2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi qələbə, habelə 2023-cü ildəki antiterror əməliyyatları Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun davamı kimi tariximizə həkk olundu. Xalqın dərin sevgisini qazanan Ulu Öndər Heydər Əliyev daim yaddaşımızda qurucu və xilaskar dövlət xadimi kimi yaşayacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
68
editor.az

1Mənbələr