AZ

Adəm İsmayıl Bakuvi: “Cənab Prezident İlham Əliyevin BMT Assambleyasındakı nitqi ölkəmizin yeni qlobal diplomatik xəttinin təqdimatı idi”



“Sentyabrın 25-də cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərin beynəlxalq aləmə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdı. Bu çıxışda səslənən hər fikir, əslində, Azərbaycanın həm müharibə, həm də sülh dövründə tutduğu prinsipial mövqlərinin bariz təzahürü idi. Bu çıxış, həm Vətən müharibəsindən sonrakı mərhələnin yekunlarını dünyaya bəyan etmək, həm də Azərbaycanın yeni qlobal diplomatik xəttini dünyaya daha aydın şəkildə təqdim etmək baxımından tarixi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev çıxışının əvvəlində bir daha xatırlatdı ki, Azərbaycan onilliklər boyu beynəlxalq hüququn tapdanması, işğal və etnik təmizləmə ilə üz-üzə qalmışdı: “Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan danışacağam.” Bu məqam, Azərbaycanın haqq işinin qələbə ilə nəticələnməsinin BMT tribunasından rəsmən dünyaya bəyan olunmasıdır. Dövlət başçısı açıq şəkildə vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yalnız hərbi gücün deyil, beynəlxalq hüququn tələb etdiyi ədalətin təntənəsidir.

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səsləndirib.

Fikirlərini davam etdirən partiya sədri bildirib ki, cənab Prezident nitqində 2020-ci ilin 44 günlük Vətən müharibəsini beynəlxalq hüquq müstəvisində izah edərək, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdiyini diqqətə çatdırdı: “Öz çıxışında cənab Prezident xüsusi olaraq qeyd etdi: “Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik.” Bu vurğulama, Azərbaycanın müharibəni işğalçı Ermənistanın təcavüzündən fərqli olaraq beynəlxalq hüquqa əsaslanaraq apardığını göstərir. Azərbaycanın zəfəri həm də beynəlxalq ədalətin təcəssümü idi. Cənab Prezident İlham Əliyev işğala son qoyulduqdan dərhal sonra Azərbaycanın sülhə hazır olduğunu bəyan etməsini BMT tribunasından da xüsusi qeyd etdi. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəli sürülən beş təməl prinsipin, ABŞ-da paraflanmış sülh müqaviləsinin və artıq bağlanan ATƏT-in Minsk qrupu mexanizminin tarixi əhəmiyyəti vurğulandı. Dövlət başçısı Vaşinqton sammitində imzalanmış sənədlərin, xüsusilə də Zəngəzur dəhlizini beynəlxalq əməkdaşlığa açan “Tramp Marşrutu”nun (TRIPP) regional təhlükəsizlik və iqtisadi inkişaf üçün yeni imkanlar yaratdığını bildirdi.”

Sonda politoloq cənab Prezidentİlham Əliyevin nitqinin yalnız regionla məhdudlaşmadığını, qlobal gündəlikdə Azərbaycanın fəal rolunu da nümayiş etdirdiyini diqqət mərkəzinə çəkib: “Cənab Prezident ölkəmizin COP29-a ev sahibliyini, “Bakı Maliyyə Hədəfi”nin qəbul edilməsini, enerji təhlükəsizliyində Azərbaycanın etibarlı tərəfdaş kimi təsdiqlənməsini dövlətimizin beynəlxalq nüfuzunun artdığını isbatlayan mühüm məqamlar kimi qeyd etdi. Dövlət başçımızın sözləri ilə desək: “Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib.” Bu, Azərbaycanın təkcə regional deyil, həm də qlobal enerji xəritəsində həlledici mövqe tutduğunu göstərir. Azərbaycanın humanitar yardımlar, postmünaqişə dövründə mina təmizləmə fəaliyyəti, qaçqınların qayıdışı və “Böyük Qayıdış” proqramı kimi təşəbbüsləri də Prezidentin çıxışında önə çəkildi. Bu, Azərbaycanın yalnız öz milli maraqlarını deyil, qlobal humanitar dəyərləri də müdafiə etdiyini göstərir. Cənab Prezidentin çıxışının ən güclü mesajlarından biri isə ədalətli beynəlxalq münasibətlər sisteminə çağırış oldu: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.” Bu, əslində yalnız Azərbaycanın deyil, bütün beynəlxalq ictimaiyyətin ortaq vəzifəsi kimi səsləndi. Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələrin beynəlxalq müstəvidə təsdiqi oldu. Bu nitq, Azərbaycanın ədalətli sülhün və beynəlxalq hüququn təminatçısı kimi qlobal siyasətdə güclü aktora çevrildiyini nümayiş etdirdi. Azərbaycan bu gün təkcə regional deyil, həm də qlobal diplomatiyada yeni mərhələyə qədəm qoyub. Sülh, təhlükəsizlik, enerji sabitliyi və ədalətli inkişafın dayaqlarından biri kimi özünü göstərir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Seçilən
11
1
aia.az

10Mənbələr