AZ

İncəsənət mərkəzlərinə işə qəbulla bağlı müsabiqə elan edilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı xüsusi müsabiqə elan edilir.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2024-cü il 5 aprel tarixli 3-24/3-1-f-84/2024 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları"nın tələblərinə müvafiq olaraq aparılır.
Mədəniyyət Nazirliyi sistemindəki musiqi və incəsənət məktəblərində çalışan pedaqoji kadrların peşə səriştə və bacarıqlarının ölçülməsi, onların ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2025-ci ilin fevral ayından etibarən regionlar və ixtisaslar üzrə mərhələlərlə müəllimlərin attestasiyası keçirilib.
Attestasiya prosesi 4 000 nəfərə yaxın müəllimi əhatə edib, attestasiya komissiyasının qərarına əsasən, tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqavilələrinə xitam verilib. Kiçik səs çoxluğu (komissiya üzvlərindən iki nəfərin lehinə və üç nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər nazirlik tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı əldə ediblər.
Onlayn qeydiyyat
Xüsusi müsabiqəyə buraxılmış namizədlərin siyahısı Mədəniyyət Nazirliyi tərəfindən Dövlət İmtahan Mərkəzinə təqdim edilib. Namizədlər 1 - 17 oktyabr 2025-ci il tarixlərində DİM-in portalında "Şəxsi kabinet"lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman kabinetin pul hesabı açılır. Namizədin imtahanda iştirak etməsi üçün ödənişin məbləği 80 AZN (ƏDV daxil olmaqla) təşkil edir. "Şəxsi kabinet"də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
Qeydiyyat üçün xidmət qeyd edilən tarixlərdə aktiv olacaq.
Şəxsi kabinet yaradıldıqdan sonra imtahanda iştirak etmək üçün DİM-in rəsmi internet saytında "Musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin xüsusi müsabiqəsinin test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat" xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan keçmiş namizədlər imtahanda iştirak etmək üçün 21-25 oktyabr tarixlərində DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə "İmtahana buraxılış vərəqi"ni çap edərək götürməli və imtahan binasına gələrkən şəxsiyyəti təsdiq edən sənədlə birlikdə özləri ilə gətirməlidirlər.
Musiqi ixtisasları üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test proqramlarının klassik və milli musiqi üzrə differensiallaşdırılmış şəkildə hazırlandığını nəzərə alaraq, namizədlərin qeydiyyat zamanı ixtisaslarına uyğun müvafiq kitabçanı seçməsi tələb olunur.
Cədvəl 1: İmtahana qeydiyyat və imtahanın keçirilmə tarixi
Qeydiyyatın başlama tarixi
Qeydiyyatın bitmə tarixi
İmtahan tarixi
İmtahan
1 oktyabr 2025-ci il
17 oktyabr 2025-ci il
26 oktyabr 2025-ci il
İmtahanın keçirilməsi
1. Müəllimlərin xüsusi müsabiqə imtahanında namizədlərin aşağıdakı sahələr üzrə bilik və bacarıqları qiymətləndiriləcək:
İxtisas üzrə biliklər (müvafiq olaraq musiqi (klassik və ya milli)/ təsviri sənət)
Pedaqogika və pedaqoji psixologiya
Məntiq
Ümumi dünyagörüşü
İmtahanda namizədlərə yalnız qapalı tipli tapşırıqlar təqdim olunacaq. Test imtahanında namizədlərə ixtisas bilikləri üzrə 40 sual, pedaqogika üzrə 10 sual, məntiq üzrə 10 sual, ümumi dünyagörüşü üzrə 10 sual olmaqla 70 sual təqdim edilir. Hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düz cavabların nəticəsinə təsir göstərmir.
Ümumilikdə imtahan prosesi iki saat davam edəcək.
Xüsusi müsabiqə imtahanı 26 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50, TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.
İmtahan nəticələri növbəti mərhələnin keçirilməsi üçün Mədəniyyət Nazirliyinə təqdim ediləcək.
Cədvəl 2: İmtahanın strukturu
İmtahan mövzuları
Sual sayı
1. Namizədin ixtisasından asılı olaraq
40
Musiqi
Təsviri sənət
2. Pedaqogika və pedaqoji psixologiya
10
3. Məntiqi təfəkkürün yoxlanılması
10
4. Ümumi dünyagörüşü
10
Test imtahanında toplanılması mümkün olan maksimum nəticə 100 faizlə ifadə edilir.
İmtahanda təqdim edilmiş test tapşırıqlarından 50 faizini düzgün cavablandıraraq 35 bal toplamış namizədlər uğur qazanmış hesab edilirlər (Bakı, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər istisna olmaqla).
Bakı şəhərinin məktəbləri üzrə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 70 faizini düzgün cavablandıraraq 49 bal toplamış namizədlər, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə məktəblərə işə qəbul üçün imtahanda təqdim edilmiş test tapşırıqlarından 60 faizini düzgün cavablandıraraq 42 bal toplamış namizədlər uğur qazanmış hesab edilir.
Test imtahanı mərhələsinin nəticələri müvafiq arayışla rəsmiləşdirilir.
Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsinə buraxılır.
Cədvəl 3: Keçid balı
Keçid balı
Faiz
Bal
Bakı şəhərində yerləşən məktəblər üzrə
70
49
Sumqayıt və Gəncə şəhərlərində, Abşeron rayonunda yerləşən məktəblər üzrə
60
42
Digər məktəb və mərkəzlər üzrə
50
35
Seçilən
13
8
oxu.az

9Mənbələr