AZ

Bakı-Berlin Yol Xəritəsi illik 1,3 trilyon dollarlıq maliyyə artımını hədəfləyir

Hazırda biz Berlinlə birlikdə Bakı-Berlin Yol Xəritəsini hazırlayırıq ki, bütün mənbələrdən illik 1,3 trilyon dollar səviyyəsinə qədər maliyyənin artırılmasını təmin edək.

Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.

O xatırladıb ki, bir il əvvəl Azərbaycan COP29-a ev sahibliyi etməyə hazırlaşırdı: "O vaxt dünya diqqətini bizə yönəltmişdi. Çoxları kiçik bir ölkənin bu qədər böyük məsuliyyəti uğurla daşıya biləcəyinə şübhə edirdi. Həmçinin, beynəlxalq ictimaiyyətin dərin bölünmələr fonunda hələ də birgə qərar qəbul edə bilib-bilməyəcəyi də sual altına alınırdı. 2024-cü il seçkilər, müharibələr və iqtisadi böhranlarla beynəlxalq əməkdaşlıq üçün ən çətin illərdən biri oldu.

Lakin Prezident İlham Əliyevin aydın rəhbərliyi altında biz bu vəzifəni həm mənəvi borc, həm də strateji fürsət kimi qəbul etdik. Qarşımıza məqsəd qoyduq və uğurla nəticələndirdik. COP29-a ev sahibliyi etmək bizim üçün kiçik, lakin iddialı bir ölkə kimi çox mühüm idi. Bu, hər bir dövlətin liderlik edə və nəticə göstərə biləcəyini sübut etmək imkanı idi. Azərbaycan bu prosesdən böyük qazanc əldə etdi. 70 mindən çox iştirakçı və 80 dünya liderini qəbul edərək tarixdə ikinci ən böyük COP-u keçirdik və regionumuzu dünyaya tanıtdıq. İnsan kapitalımıza sərmayə qoyaraq yeni nəsil danışıqlar aparıcıları, siyasət ekspertləri və təşkilatçılar yetişdirdik. Beynəlxalq dostluqlar və tərəfdaşlıqlar qurduq, qlobal tədbirlərin və mürəkkəb diplomatik danışıqların uğurla idarəçisi kimi reputasiya qazandıq. Konfransın sonunda dünyaya sübut etdik ki, ən böyük çağırışların öhdəsindən gələ bilirik".

M. Babayev vurğulayıb ki, COP29-da tarixi nəticələr əldə olundu:

"Uun müddət təxirə salınan karbon bazarları üzrə danışıqları başa çatdırdıq. Bu, inkişaf etməkdə olan ölkələrdə iqlim layihələrinə trilyonlarla dollar sərmayə yönəldəcək. Azərbaycan bank sektoru 1,2 milyard ABŞ dolları həcmində "yaşıl layihələr"lə çıxış etdi. Asiya İnkişaf Bankı buzlaqların əriməsi ilə mübarizə üçün 3,5 milyard dollar ayırdı. Beynəlxalq maliyyə institutları 2030-cu ilə qədər ildə 170 milyard dollar ayırmağı öhdəsinə götürdü. 10 trilyon dollardan artıq vəsaiti idarə edən qlobal aktiv menecerlər bizim təşəbbüslərimizə qoşuldular.

Bununla yanaşı, zərər və itkilərə dair fond fəaliyyətə başladı və artıq bu ildən vəsaitlərin bölgüsünə hazırdır. Ən mühüm nəticələrdən biri isə Bakıda yeni maliyyə məqsədinin - donor ölkələrin 2035-ci ildən etibarən illik ən azı 300 milyard dollar iqlim maliyyəsi səfərbər etməsi öhdəliyinin qəbul edilməsi oldu. Bu, BMT prosesi çərçivəsində indiyədək qoyulmuş ən böyük hədəfdir. Hazırda biz Berlinlə birlikdə Bakı-Berlin Yol Xəritəsini hazırlayırıq ki, bütün mənbələrdən illik 1,3 trilyon dollar səviyyəsinə qədər maliyyənin artırılmasını təmin edək.

Əziz həmkarlar, bu böyük rəqəmlər real nəticələr verəcək. Biz eyni zamanda sülh, enerji anbarları, şəbəkələr, zonalar və dəhlizlər, hidrogen, rəqəmsallaşma, metan, şəhərlər, turizm, su və digər sahələr üzrə təşəbbüslər başlatdıq. Ticarət və investisiya, insan inkişafı, kənd təsərrüfatı və şəffaflıq sahəsində də yeni proqramlar işə salındı ki, onlar uzun illər davam edəcək".

M. Babayev qeyd edib ki, bu gün COP29-un sədrliyi hələ də aktivdir:

"Biz ölkələri Bakıda verdikləri sözlərə görə məsuliyyətə cəlb edirik. Bu ay Nyu-Yorkda BMT Baş Assambleyasında Baş katib Antonio Quterreşlə birlikdə donorların öhdəliklərini xatırlatdıq. Yeni tərəfdaşlıqlar üzərində işləyirik və 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhər Forumuna hazırlaşırıq.

Hörmətli qonaqlar, COP29-un uğuruna töhfə verən hər kəsə ən dərin minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin vizyonu və liderliyi, nazirliklərin və dövlət qurumlarının birgə fəaliyyəti, biznes nümayəndələrinin dəstəyi, vətəndaş cəmiyyətinin fəallığı, minlərlə könüllünün göstərdiyi qonaqpərvərlik və mədəniyyətimiz, həmçinin gecə-gündüz çalışan COP29 komandası - bunların hamısı bu uğurun ayrılmaz hissəsi oldu. Bu, əsl milli həmrəylik nümunəsi idi.

Biz göstərdik ki, bir millət ortaq məqsəd ətrafında birləşəndə hər şeyə nail ola bilər. Sübut etdik ki, ölkələr razılaşa bilər, çoxtərəfli sistem işləyə bilər və Azərbaycan qlobal səhnədə öz sözünü deyə bilər.
İndi bizim məsuliyyətimiz - Bakıda verilən vədlərin yerinə yetirilməsini təmin etmək, yeni tərəfdaşlıqlar qurmaq və ümumi gələcəyimizi qorumaqdır.

İkinci Bakı İqlim Fəaliyyəti Həftəsini açarkən gəlin COP29-un ruhunu - həmrəylik və iddialılıq ruhunu davam etdirək. Unutmayaq ki, hər bir fəaliyyət önəmlidir, hər bir yerinə yetirilən vəd ümid yaradır, hər yeni tərəfdaşlıq isə daha təhlükəsiz, daha yaşıl və daha dinc bir dünya qurmaq şansımızı möhkəmləndirir".

Seçilən
55
1
day.az

2Mənbələr