AZ

Dünya çempionatında 3 medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb - FOTO

Yunanıstanın Katerini şəhərində keçirilən dünya çempionatında 2 qızıl və 1 bürünc medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda komandanın qarşılanma mərasimi keçirilib.

Komandanın baş məşqçi Oyan Nəzəriani yarışla bağlı təəssüratlarını bölüşüb: “Yarışda oğlanlarda 4, qızlarda 2 çəkidə təmsil olunduq. Oğlanlarda komanda hesabında 3-cü, qızlarda isə 4-cü yeri tutduq. Əsas hədəfimiz gələn il keçiriləcək yeniyetmələrin Yay Olimpiya Oyunları olduğu üçün heyətimizi 15-16 yaşlı güləşçilərdən qurmuşduq. Məğlub olduğumuz rəqiblərin əksəriyyəti komandamızın üzvlərindən bir yaş böyük idi. Ümid edirik ki, hər bir idmançımız gələn il mötəbər yarışda yaxşı nəticələr qazanacaq. Gələn il əvvəlcə Avropa çempionatı keçiriləcək. Bu da Olimpiya Oyunları üçün bir sınaq rolunu oynayacaq. Ondan sonra sırf Olimpiadaya hazırlaşacağıq. Qeyd etmək istəyirəm ki, komandamızın vətənə dönüşü Anım Gününə təsadüf etdi. Medallarımızı şəhid ailələrinə həsr edirik”.

Dünya çempionu Ülviyyə Musayeva yarışda qızıl medal qazanması ilə bağlı fikirlərini bölüşüb: “Bu nəticəni gözləyirdim. U-17 Avropa çempionatında medal qazanmaq qismət olmadı. Şükür Allaha, bu yarışda arzuma çatdım. Finalda erkən qələbə qazanacağımı düşünməmişdim. Amma qələbə qazanacağıma inanırdım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Onlara Allahdan rəhmət diləyirəm. Növbəti hədəfim gələn il Olimpiadada medal qazanmaqdır”.

Dünya çempionu Nihad Süleymanlı da yarışla bağlı fikirlərini açıqlayıb: “Bu yarışa baş məşqçimizin nəzarəti altında çox yaxşı hazırlaşmışdıq. 6 görüş keçirdim. Rəqiblərimə xal vermədən dünya çempionu oldum. Şəxsi məşqçim Əlisa Abbasova təşəkkürümü bildirirəm. Qələbəmi şəhidlərimizə həsr edirəm. Gələn il Bakıda keçiriləcək U17 dünya çempionatında və Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağa çalışacağam”.

Dünya üçüncüsü Elgün Kərimli növbəti ildə bürünc medalı qızılla əvəzləməyə çalışacağını deyib: “Yarış çox yaxşı keçdi. İlk dəfə U-17 yaş qrupunda çıxış etdim. Şükürlər olsun, medalsız qalmadım. Çempion da ola bilərdim. Beş rəqiblə qarşılaşdım. Yorucu idi. Çempion olmağa bir qədər dözümlülük çatmadı. Növbəti il bu bürüncü qızılla əvəzləməyə çalışacağam”.

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr