AZ

Ağdamda Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olundu

Yazını böyüt
Yazını kiçilt

Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi qeyd edilib.

Hafta.az xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatları Aqil Abbas, Elman Məmmədov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının və ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər Mənsum İbrahimovu 65 yaşının tamam olması münasibətilə təbrik edərək onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs ediblər. Tədbirdə Ağdam Musiqi kollecinin “Qarabağ instrumental ansamblı”nın müşayiəti ilə tanınmış muğam ifaçıları tərəfindən xalq və bəstəkar mahnıları iştirakçılara təqdim edilib. Sonda yubilyar çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.

Qeyd edək ki, Mənsum İbrahimov 1960-cı il oktyabrın 1-də Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olub. 1982-1987-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun muğam şöbəsində, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəni Maarif” fakültəsində təhsil almışdır. 1993-cü ildən “Leyli və Məcnun” operasında Məcnun rolunu oynayır.

Opera səhnəsindəki fəaliyyəti ilə bərabər həm də xalq və bəstəkar mahnıları, muğamların mahir ifaçısıdır. Azərbaycan muğam sənətini dünyanın müxtəlif ölkələrində təmsil edir. Bununla yanaşı pedaqoji fəaliyyətlə məşğul olur.

Azərbaycan Milli Konservatoriyası və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin müəllimi kimi gənc muğam ustalarının yetişməsinə böyük əmək sərf edir. 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə isə Xalq artisti fəxri adına layiq görülüb. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni, 30 dekabr 2020-ci ildə isə “Şərəf” ordeni ilə təltif olunub.

Azərbaycan Milli Konservatoriyasının professoru, Muğam kafedrasının müdiridir.






Seçilən
40
7
hafta.az

9Mənbələr