AZ

Nilay və Ali Baş Komandan

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kubra Məhərrəmova yazır...
Biri var idi, biri yox idi.
Balaca bir Nilay idi. Heç nədən xəbərsiz, ana-atasının qayğısı ilə hər gün bir buğda dənəsi qədər böyüyürdü. Güllü-çiçəkli, sevgi dolu yuxularda.
Günlərin bir günü divlər Nilayın yaşadığı evə odlu daşlar atdılar. O daşlar Nilayın atası ilə anasını öldürdü. Nilay onda bir il on aylıq idi.
Zaman keçdi. Düz beş il. Tarix 27 sentyabr 2025-ci ili göstərir.
Nilay həm müharibədə, həm də sülhdə qələbə qazanan Ali Baş Komandanla görüşdü.
Vətən müharibəsinin başlanmasından beş il keçir. Əslində, bu gün üçün nəsə yazı yazmağa özümdə mənəvi güc tapmadım. Çünki hər ildönümündə əldə etdiyimiz qələbənin arxasında nə qədər qurban verdiyimizi yadıma salanda istər-istəməz əllərim-qollarım boşalır. Ürəyimə anlada bilmədiyim kədər çökür.
Qarabağ dərdi 30 ildən çox hər bir azərbaycanlının həyatına toxundu.
Bu dərd hər kəsin evindən kimisə oğurladı, apardı. Özü də Azərbaycanın hər nöqtəsindən, cəbhədən uzaq olan ərazilərdən belə.
İkinci Qarabağ savaşında da gördük ki, işğalçıların, ermənilərin məqsədi təkcə Qarabağ və döyüş meydanı deyildi. 44 gün ərzində Gəncə, Tərtər, Bərdə şəhərləri dəfələrlə raket atəşinə məruz qaldı, dinc insanlar həyatdan, yaşamaq haqqından məhrum oldular.
Amma insanlar Ali Baş Komandana, orduya güvənib qorxmadılar, qaçmadılar.
Elə Nilayın valideynləri də qaçmadılar. Evləri məzarları oldu.
Nilay isə nağıllardakı möcüzə kimi sağ qaldı.
Sağ qaldı ki, bu gün ölkəsinin gücünü, qələbəsini görsün.
Bu gün əlindən tutduğu Ali Baş Komandanla görüşsün.
Balaca əlləri ilə nəsə göstərsin, danışsın. Arzularından bəhs etsin.
Nilay bu gün, bəlkə də, tarixi reallığı tam anlamır, lakin əminəm ki, balaca qəlbi ilə hər şeyi hiss edir.
Valideynlərinin, bu 30 illik savaşda həlak olan günahsız körpələrin, qadınların, qardaşların, ataların qisasının döyüş meydanında alındığını da, ölkəsinin güclü, Prezidentinin qüdrətli olduğunu da.
Hiss edir ki, əlindən tutduğu adam nə qədər yol qət edib bu günün qələbəsi üçün.
Havada qəribə hüzur, eyni zamanda, sevinc, qürur və kədər var. Elə Nilayın Ali Baş Komandanla olan fotosunda da.
Bu fotoda böyük bir ümid, əminlik də var. Ümid və əminlik ondan ibarətdir ki, verdiyimiz qurbanlar əbəs deyil. İtirdiyimiz heç bir kəs unudulmur və unudulmayacaq.
Bunu öz siyasəti, öz sözü, öz imzası, öz hərəkətləri ilə müharibəni qalib kimi başa vuran Ali Baş Komandan təsdiqləyir.
Yenə xəyalən beş il əvvələ, 2020-ci ilin sentyabrın 27-nə qayıdanda içimdə qəribə bir sızıltı hiss edirəm. Bəlkə də, bu sızıltını döyüşə övladlarını, həyat yoldaşlarını, qardaşlarını yola salan qadınlar, analar, bacılar hiss edirdilər.
Bunu, bəlkə də, döyüşə gedənlər də hiss edirdilər. Bilərək ki, bu yolun gedişi var, gəlişi yoxdur.
Gedənlər bunu minlərlə Nilaylar üçün etdilər. Müharibəni körpələrə miras qoymadan.
30 illik haqqı qanla alıb Nilaylar üçün sülh və əmin-amanlıq dolu Azərbaycan qoydular.
Bu hüzur, şükranlıq, qələbə, qürur hisslərinin bir-birinə qarışdığı gündə hər bir şəhidimizə Allahdan rəhmət diləyir, onları ehtiramla yad edir, qazilərimizə cansağlığı arzu edir və gedənləri yola salanlar üçün Allahdan böyük səbir diləyirik.
Seçilən
30
oxu.az

1Mənbələr