AZ

Mehriban Ələkbərzadənin quruluşunda "Baş" tamaşası: Premyeradan qeydlər

Əzizə İsmayılova yazır...

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.

Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf edilib.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Əslində bu, tamaşaya ikinci baxışım idi, çünki iyun ayında baş tutan ictimai baxışında iştirak etmişdim. Premyera ictimai baxış zamanı beynimdə sual kimi qalan bəzi məqamlara da aydınlıq gətirmiş oldu və məhz bu gün öz təəssüratımı bölüşmək istəyi yaratdı.

Şəxsi baxış bucağımdan doğan mülahizələrimə keçməzdən əvvəl xüsusi vurğulamaq istəyirəm ki, teatr biliciləri, necə deyərlər, "qüsurlarıma baxmasınlar". Bu, sıradan bir tamaşaçı baxışı, tamaşaçı təəssüratıdır - heç bir halda bu sahədə söz sahibi olmaq göstəricisi deyil...

Səhnə əsərində təkcə tarixi hadisələr deyil, həm də metafizik müstəvi ön plana çıxarıldığı üçün janr olaraq "Baş" tamaşası tarixi-metafizik dram janrındadır.

Bir məsələni vurğulamaq istərdim, səhnə əsəri tamaşaçısından müəyyən hazırlıq - ən azı, tarixi hadisələrin xronologiyası, obrazların tarixdəki kimlikəri barədə minimum biliyə sahib olmağı tələb edir. Rejissorun ötürmək istədiyi mesajların heç bir fon biliyi olmayan tamaşaçı üçün nə dərəcədə effektiv ola biləcəyi haqqında fikir söyləmək bir qədər çətindir.

Məsələn, tamaşanın iyun ayında baş tutan ictimai baxışından sonra, rejissorun hadisələrə baxış bucağı, proseslərə yanaşması məcbur etdi ki, verilən mesajları tam qavramaq üçün həm də əsərin özünü oxuyum, həm də bəzi tarixi hadisələrə göz gəzdirim.

Yazının sonda deməli olduğum nəticələrindən birini əvvələ gətirməli olsam, deyə bilərəm ki, əsərin əsas ana xətti olan Qafqazın rus imperiyası tərəfindən işğalı dövrünü, gürcüəsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı olan Sisianovun Bakıya yürüşü və ondan sonra baş verən faciəvi hadisələrlə yanaşı, Azərbaycan insanının tarixi yaddaşı, milli kimlik və işğal qarşısında davranışlarını tamaşaçıya çatdırmaq üçün M.Ələkbərzadənin bütün imkanlarını səfərbər etməyə çalışdığı diqqətdən yayınmır.

"Baş"ın süjet xətti Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr fonunda qurulub.

Gəncəli Cavad xanın Sisianovla qarşılaşması zamanı aralarında keçən dialoq, Cavad xanın və qarabağlı İbrahim xanın öldürülmə səhnələri, Sisianovun kəsilmiş başının Qacarın sarayına gətirilməsi kimi səhnələr tamaşanın ən təsirli səhnələrindən hesab oluna bilər.

Tamaşanın mahiyyətinə vardıqca aydın olur ki, rejissorun əsas məqsədi yalnız mövcud tarixi hadisələri səhnədə canlandırmaq deyil, həm də "insan - hakimiyyət - işğalçı" münasibətlərini simvolik planda tamaşaçıya çatdırmaqdır. Bu mənada tamaşa həm tarixi, həm də fəlsəfi məna daşımış olur.

Zənnimcə, rejissorun əsərə bu cür üçlü prizmada yanaşmasını, onun daim qabartmağa çalışdığı milli kimlik və bundan sonra "hakimiyyət - insan - tarix" üçbucağının səhnədə inikası kimi də səciyyələndirmək olar.

Ümumilikdə, M.Ələkbərzadənin quruluş verdiyi tamaşaları izləyən, yaradıcılığı ilə yaxından tanış olan hər kəs onun hadisələrə yanaşmada özünəməxsus dəst-xəttinin olduğunun fərqindədir. O, bir növ klassikanı modern interpretasiya etməyi, tamaşaçını komfort zonasından çıxarmağı və səhnədə baş verən hadisələrin mərkəzinə gətirməyi, düşünməyə vadar etməyi sevən rejissorlardan hesab olunur.

Məsələn, qısa bir haşiyə çıxaraq deyim ki, onun Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırladığı "İblis və..." tamaşasındakı dekonstruktiv yanaşma, metaforik vizuallıq və dinamik mizanlı səhnələr tamaşaçının özünü bir növ hadisələrin mərkəzində hiss etməyə və düşünməyə vadar edir - əslində kimdir, nədir İblis?...

Seçilən
18
3
publika.az

8Mənbələr