AZ

Anım Günü: Qəhrəmanlıq, Hüzn və Qələbənin İşığında

Azərbaycan xalqının tarixi yaddaşında elə günlər var ki, onlar həm hüznün, həm də qürurun təcəssümünə çevrilir. 27 sentyabr bu mənada ən mühüm günlərdən biridir. 2020-ci ilin məhz bu tarixində Ermənistanın silahlı qüvvələrinin davamlı hərbi təxribatlarına və yeni işğal cəhdlərinə cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın davam edən işğala son qoyacaq, tariximizin ən böyük qələbəsini təmin edəcək hərbi əməliyyatlara başladı. 44 gün davam edən bu mübarizə xalqımızın şərəf salnaməsinə qızıl hərflərlə yazıldı. Bu gün hər il şəhidlərimizin müqəddəs xatirəsi yad edilir, onların fədakarlığı xalqın mənəvi varlığında və milli yaddaşında əbədi yaşayır.

2020-ci ildə qazanılan möhtəşəm Zəfərin əsası Ulu Öndərin hakimiyyətə ikinci qayıdışı zamanı qoyulmuşdur. Belə ki, həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində qurduğu möhkəm dövlətçilik bünövrəsi və xalqla dövlət arasında bərqərar etdiyi etimad bu Zəfərə gedən yolun əsasını təşkil edirdi. 
1990-cı illərin əvvəlləri Azərbaycanın ən faciəli dövrlərindən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə qeyri-sabitlik girdabına düşmüş, hakimiyyət siyasi idarəetmə və peşəkarlıqdan çox uzaq, məsuliyyətsiz qüvvələrin əlinə keçmişdi. Bu gün daha çox ifrat radikallığı ilə büruzə verən AXCP-Müsavat cütlüyü 1992-93-cü illərdə hakimiyyətdə olduğu qısa zaman kəsiyində ölkədə xaosun hökm sürməsinə, dövlət institutlarının iflic vəziyyətə düşməsinə, orduda nizamsızlığın geniş vüsət almasına səbəb olan bir siyasət yürütmüşdü. Ən dəhşətlisi isə həmin yarıtmaz siyasətin nəticəsində Azərbaycanın dilbər guşəsi olan Qarabağın böyük bir hissəsinin işğal olunması idi. Qarabağ və ətraf rayonların düşmən tapdağı altına düşməsi həmin hakimiyyətin zəifliyi, bacarıqsızlığı və məsuliyyətsizliyinin birbaşa nəticəsi idi.
Elə bu səbəbdən də xalq xilası Ulu Öndər Heydər Əliyevdə gördü. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkə dağılmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyev dövlətçiliyin təməl sütunlarını möhkəmləndirdi, ordu quruculuğunu prioritet vəzifə elan etdi, beynəlxalq aləmdə Azərbaycanın mövqelərini bərpa etdi. Əgər o vaxt bu xilasedici addımlar atılmasaydı, müstəqil dövlətimiz belə tarix səhnəsindən silinə bilərdi. Onun yaratdığı güclü dövlətçilik ənənəsi gələcəkdə qələbə üçün dayaq nöqtəsinə çevrildi.
Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev isə bu təməli inkişaf etdirərək Azərbaycanı qalib dövlət səviyyəsinə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi baxımdan regionun ən güclü ölkəsinə çevrildi, ordu müasir silahlarla təchiz edildi, diplomatik müstəvidə Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı. Vətən müharibəsində məhz bu hazırlığın nəticəsi olaraq Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərdi. Ali Baş Komandanın dəmir iradəsi, xalqın birliyi və ordunun gücü 44 gün ərzində torpaqlarımızı azad etdi. Prezidentin “Qarabağ Azərbaycandır!” ifadəsi sadəcə şüar deyil, tarixi gerçəkliyin rəsmi möhürü oldu.
Bu gün Azərbaycan xalqı şəhidlərini böyük ehtiramla anır. Onların qanı bahasına torpaqlarımız azad edildi, milli qürurumuz bərpa olundu. Onların qəhrəmanlığı gələcək nəsillərə vəsiyyətdir – Vətəni qorumaq, dövlətinə sahib çıxmaq, milli birliyi möhkəmləndirmək. Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik irsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər Azərbaycan tarixində əbədi yaşayacaq.
27 sentyabr Azərbaycan xalqının yaddaşına həm hüzn, həm qürur, həm də ümid dolu bir gün kimi həkk olunub. Bu tarixdə biz Vətən müharibəsinin başlanğıcını xatırlayırıq, şəhidlərimizin ruhunu anırıq, dövlətimizin gücünü və xalqımızın birliyini bir daha dərk edirik. Şəhidlərimizin müqəddəs qanı bahasına qazanılmış qələbə xalqımızın tarixində silinməz iz qoydu. Bu gün bir tərəfdən itkilərimizin hüznünü yaşadır, digər tərəfdən qürurumuzu yüksəldir, gələcəyə inamımızı möhkəmləndirir.

Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, ədalətsizlik qarşısında geri çəkilməyəcək, öz haqqını sona qədər müdafiə edəcək. On illərlə düşmənin törətdiyi işğal, dağıntı və etnik təmizləməyə rəğmən, xalqımız milli iradəsini sarsıtmadı. Müharibə dövründə xalq və dövlət bir yumruq kimi birləşərək tarixi ədaləti bərpa etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, müasir ordumuzun gücü, gənclərimizin fədakarlığı, şəhidlərimizin canı ilə yazılan bu səhifə, Azərbaycanın müasir tarixində ən şanlı qələbəyə çevrildi.

Bu günün ən mühüm mesajı gələcək nəsillərə ünvanlanmış müqəddəs bir çağırışdır: Azərbaycan əbədi müstəqildir, Qarabağ əbədi Azərbaycandır! Bu çağırış təkcə bir siyasi şüar deyil, tarixi gerçəkliyin, milli iradənin və şəhidlərin ruhuna sadiqliyin ifadəsidir.

27 sentyabr həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram günü, həm dövlətimizin gücünün təsdiqi, həm də gələcək nəsillərə vəsiyyət olunan milli əmanətdir. Bu əmanətin əsas şüarı birdir: Şəhidlər ölməz, Vətən bölünməz, Müstəqillik dönməzdir!

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı

Seçilən
25
4
ikisahil.az

10Mənbələr