AZ

Tarixi zəfərin reallıqları - Şərh

 “27 Sentyabr - müstəqil Azərbaycan dövlətinin tarixində unudulmaz an, böyük dəyişikliklərin başlanğıc günüdür. 5 il bundan öncə, 2020-ci ildə ölkəmizi yeni ərazilər ələ keçirməklə təhdid edən Ermənistana qarşı start götürən əks-hücum əməliyyatı və bu əməliyyatın 44 gündən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə tamamlanması xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutacaq”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib. Müharibəni qaçılmaz edən səbəblərdən danışan deputat bildirib ki, 2019-cu ilin yayında Xankəndidə keçirilən mitinqdə Nkiol Paşinyanın dediyi “Qarabağ Ermənistandır və nöqtə” sözləri Azərbaycanın Qarabağ münaqişəsinin dinc yolla həlli gözləntilərinə zərbə vurdu:

“Bu bəyanat Ermənistanın danışıqlar formatını rədd etdiyini, üstəlik, hay başbilənlərinin “yeni torpaqlar uğrunda yeni müharibə” havası ilə növbəti təcavüz aksiyasına gedə biləcəyini sübuta yetirirdi. Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı onlayn çıxışı Azərbaycanın Qarabağ siyasətində yeni xətt seçmək məcburiyyətində qaldığı barədə dünya birliyinin məlumatlandırılmasına hesabalanmışdı. Prezident bölgədə gərginliyin artmasının bütün məsuliyyətinin Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyünü, rəsmi İrəvanın faktiki, danışıqlardan çıxdığını və yeni təcavüzkar planlarını gündəliyə gətirdiyini BMT tribunasından hər kəsə çatdırdı. Üstəlik, dövlət başçısı müharibədən öncə bir sıra xarici media orqanlarına verdiyi müsahibələrlə Azərbaycanın BMT Nizamnaməsinin 51-ci, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələri əsasında öz ərazi bütövlüyünü bərpa etmək üçün praktik addımlar atmaq hüququna sahib olduğunu deyərək hərbi əməliyyatların siyasi-hüquqi zəminini hazırladı.
Ermənistan tərəfinin yanlış qərarları, Bakını İrəvanla deyil, separatçı liderlərlə danışıqlara başlamağa çağırması, Azərbaycanın önünə “7 şərt” qoyması, işğal edilən ərazilərdə qanunsuz məskunlaşmanın həyata keçirilməsi və saxta seçkilərin təşkili kimi hadisələr Vətən Müharibəsinin start götürməsini şərtləndirən siyasi səbəblərdir. 2020-ci il iyulun 12-də, avqustun 23-də sərhəd bölgəsi və təmas xəttində törədilən 2 irimiqyaslı hərbi təxribat, 10 mindən çox “könüllü”dən ibarət hərbi dəstələrin düzəldilməsi və digər hərbi aksiyalar Azərbaycana əks-hücum əməliyyatına başlamaq üçün kart-blanş verdi. Beləliklə, İkinci Qarabağ savaşının əsas səbəbkarı məhz Ermənistan hakimiyyəti, onun məsuliyyətsiz bəyanatları və təxribat siyasətidir”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin sərkərdəlik məharəti sayəsində Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-də start verdiyi əks-hücum əməliyyatı 44 gündən sonra noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanması ilə başa çatdı. 

“Bu qələbə Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr sərəncamı ilə 27 sentyabrın Anım günü elan edilməsi qəhrəman şəhidlərimizə, tarixi zəfərin qazanılmasında müstəsna rol oynamış qəhrəmanlarımıza ehtiramın ifadəsi sayılmalıdır. 
Hərbi müstəvidə qazanılan qələbənin daha sonra siyasi müstəvidə davam etdirilməsi nəticəsində 3 rayon 
-noyabrın 20-də Ağdam, 
-noyabrın 25-də Kəlbəcər, 
-dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi, 
-2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 

27 sentyabrla başlanan zəfər epopeyası hesabına Ermənistanın 200 ildən çox davam edən düşmənçilik siyasətinə, Daşnaksütyun partiyasının Qərbi Azərbaycanda vaxtilə həyata keçirdiyi qanlı aksiyalara, “Dənizdən dənizə böyük Ermənistan” ideyasına, Azərbaycanın 20 faiz torpağının işğalına, Xocalı, Ballıqaya, Qaradağlı, Ağdaban, Başlıbel kimi dəhşətli soyqırımlara cavab verildi. Odur ki, çoxları 2-ci Qarabağ müharibəsini müasir hərb sənətində bənzəri olmayan hadisə kimi dəyərləndirir”.  

Deputat  bildirib ki, 27 sentyabrla başlayan Böyük Zəfərin memarı Prezident İlham Əliyevdir: “Dövlət başçısı son müsahibələrində tez-tez artıq yeni tarixi dövrə qədəm qoyduğumuzu bəyan edir. Bu dövr quruculuq, inteqrasiya, əməkdaşlıq, sülh dövrüdür. Bir sözlə, müharibədə qazanılan qələbənin müəllifi olan Azərbaycan lideri postmüharibə reallıqlarının da əsas yaradıcısı, dayanıqlı və yekun sülhün təşəbbüskarıdır. Vətən müharibəsi və antiterror əməliyyatları sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təmin edən Prezident İlham Əliyev indi də bu zəfəri diplomatik müstəvidə davam etdirir. Son bir neçə hadisə - avqustun 8-də Vaşinqtonda imzalanmış sülh razılaşması, avqustun sonu-sentyabrın əvvəllərində Prezidentin Çin səfəri, nəhayət, bu həftə Prezidentin Nyu-Yorkdan – BMT Baş Assambleyasının 80-ci sessiyasından dünyaya verdiyi sülh mesajları Azərbaycanın bugünkü qlobal proseslərdəki yerini və rolunu müəyyən edir. 

Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan İkinci Qarabağ savaşında əldə etdiyi nailiyyətləri postmüharibə dövrünün hədəfləri ilə möhkəmləndirir. Ermənistanla yekun sülh qarşıya qoyulan yeni dövr hədəflərinin əsas təminatçısı olacaq. Çünki, hələ də hay məmləkətində müxtəlif oyunlar quran bəzi beynəlxalq güclər 5 il bundan öncə zəfər çalan Azərbaycanın qələbəsi ilə barışmaq istəmir, Cənubi Qafqazın sülh arxitekturasını zədələməyə çalışır, regional konfiqurasiyaya öz yanlış əlavələrini etməyə çalışırlar. Amma Prezident İlham Əliyevin Nyu-York səfəri, ilk növbədə, ABŞ prezidenti Donald Trampın rəsmi qəbul zamanı Azərbaycan liderinin ünvanına söylədiyi xoş fikirlər bir həqiqəti ortaya qoyur: supergüclər və qlobal liderlər Prezident İlham Əliyevi regional sülhün təminatçısı, müəllifi kimi qəbul edir, onun sülhyaratma fəaliyyətindən faydalanmağı məqsədəuyğun hesab edirlər.

Bu gün dünya dəyişir, dünya birliyinin hədəfləri də dəyişir. Rusiya-Ukrayna müharibəsi ilə dəyişən beynəlxalq münasibətlər sisteminin bərpası, dünyanın sülh arxitekturasının qurulması ağır zəhmət, güclü səylər tələb edir. Uzun illər mövcud olan, əksər hallarda ayrı-ayrı qlobal güclərin siyasi sifarişlərini yerinə yetirən təşkilatlar, haqqında danışdığımız bərpa prosesinin flaqmanı ola bilməzlər. Belə bir vəziyyətdə dövriyyəyə “orta güclər”-Azərbaycan kimi dövlətlər daxil olur ki, BMT çərçivəsində keçirilən tədbirlərdə Prezident İlham Əliyevlə görüşə edilən çoxsaylı təşəbbüslər ölkəmizin bu statusda qəbul edildiyinə şübhə yeri qoymur. 
Bəli, dünya birliyi Azərbaycanı artıq nəinki regional, hətta qlobal müstəvidə qəbul olunan qərarların əsas və fəal iştirakçılarından biri hesab edir. Prezident İlham Əliyevin regional sülh gündəliyinin ilk dəfə BMT tribunasına çıxarılması Azərbaycanın postmüharibə imperativlərinin tam qəbul olunduğunun sübutudur. Minsk qrupunun ləğvi, Qarabağ mövzusunun beynəlxalq gündəmdən çıxarılması, rəsmi Bakının regional nəqliyyat-enerji layihələrinə qlobal dəstək, Azərbaycanın COP29 təşəbbüslərinin yeni mərhələdə “yol xəritəsi” kimi qəbulu və digər faktlar Prezident İlham Əliyevin BMT-dəki çıxışının son mesajlarına dünya ictimaiyyətindən daha həssas yanaşmanı tələb edir. “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”. Belə bir dünyaya isə hamımızın ehtiyacı var”.

Mürtəza

Seçilən
16
4
olke.az

5Mənbələr