Misli Premyer Liqasının VI turunda “Qarabağ” səfərdə “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib. Oyundan sonra qonaq komandanın baş məşqçisi Kaxaber Tsxadadze mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Qarabağ”ı qələbə münasibətilə təbrik edirəm. Öz futbolçularıma da təşəkkür edirəm. Çox mübariz oynadılar. İndiyə qədər deyirdilər ki, “Qəbələ”nin hücumu yaxşıdır, amma müdafiədə problemləri var. Bu qarşılaşma göstərdi ki, komandamız müdafiə olunmağı da bacarır. “Qarabağ” kimi güclü rəqibə qarşı 90 dəqiqəni azlıqda keçirdik, amma oyunçular taktiki baxımdan çox düzgün oynadılar. “Qarabağ”ın qarşıda Çempionlar Liqasında vacib oyunu var, onlara uğurlar arzulayıram. Bundan başqa, bugünkü matçda daha bir futbolçumuz – Qədir Ramazanov Premyer Liqada debüt etdi. Bu mövsüm debüt edən yerli oyunçularımızın sayı 5-ə çatdı”.
Yeni qapıçı transferi ilə bağlı suala isə gürcü mütəxəssis belə cavab verib:
“Hələlik konkret bir şey yoxdur. Bir qapıçı gözləyirdik, amma Ukraynada hərbi xidmətə aparıldığı üçün bu transfer baş tutmadı. Hazırda başqa variantımız yoxdur”.
Komandanın futbolçusu Prins Ovusuya göstərilən qırmızı vərəqə haqda danışan Tsxadadze bunları deyib:
“O, hələ çox gəncdir. Epizoddan sonra özünü çox pis hiss etdi, paltardəyişmə otağında hətta ağladı. Çətinliklə sakitləşdirdik. Həmin epizodda qəsdən qayda pozuntusu yox idi, sadəcə sürüşdü. Məncə, ‘Qarabağ’ın özü üçün də yaxşı olardı ki, vacib oyun öncəsi 11 nəfərə qarşı çıxış etsinlər. İngiltərədə belə epizodlarda dərhal qırmızı vərəqə verilmir. Matçın əvvəlində verilən belə qərarı şərh etmək çətindir”.
Sezon hədəfləri barədə danışan baş məşqçi, əsas məqsədlərinin Premyer Liqada yerini qorumaq olduğunu bildirib:
“Hər matçda döyüşəcəyik. Əsas məqsədimiz elitada qalmaqdır və inanıram ki, bunun öhdəsindən gələcəyik”.
Tsxadadze oyunda erkən qırmızı vərəqə ilə bağlı planların olub-olmamasına dair suala isə gülərək belə cavab verib:
“2-ci dəqiqədə bunu heç kim planlaşdırmır (gülür). Hücumçu qırmızı alanda oyun daha rahat qurulur. Amma müdafiəçi meydandan çıxanda məcbur dəyişiklik edirsən və bu da planları pozur. Qırmızıdan sonra 5-3-1 sistemi ilə oynadıq. Buna baxmayaraq futbolçularımı bir daha təbrik edirəm. “Qarabağ” tamamilə fərqli səviyyənin komandasıdır, belə bir rəqib qarşısında özümüzü yaxşı tərəfdən göstərdik”.