AZ

“Prezident çıxışında Azərbaycanın işğal faciəsindən qələbəyə aparan yolunun ətraflı təsvirini verdi”

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

“Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi nitq Azərbaycanın müasir tarixindəki dönüş nöqtələrini və gələcək perspektivlərini əks etdirən mühüm sənəd kimi qiymətləndirilir. Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Azərbaycanın otuz illik işğal faciəsindən qələbəyə aparan yolun ətraflı təsvirini verməklə başladı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının öz doğma yurdlarından didərgin salınması, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsi və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti kimi faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

N.Həmzəyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq humanitar hüquqa tam riayət etməsi, mülki əhalinin qorunması və qeyri-hərbi obyektlərin hədəfə alınmamasından çəkinməsi xüsusi vurğulandı: “Bu, Azərbaycanın hərbi əməliyyatları apararkən belə beynəlxalq hüquq normalarına sadiq qaldığının sübutudur. 2020-ci ildən sonra Azərbaycanın sülh prosesinə yanaşması çıxışın ən diqqət çəkici hissələrindən birini təşkil etdi. Ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təşəbbüsü, beş təməl prinsipə əsaslanan sülh müqaviləsi layihəsinin təqdimi beynəlxalq diplomatiyada Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirdi. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda əldə edilən tarixi razılaşmalar xüsusi önəm daşıyır. Sülh müqaviləsinin paraflanması, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) yaradılması və Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar regionda yeni geopolitik reallıqların formalaşdığından xəbər verir”.

Deputat vurğulayıb ki, Prezidentin çıxışında Azərbaycanın qlobal iqlim proseslərində oynadığı rol xüsusi yer tutdu: “COP29-a ev sahibliyi etməklə əldə edilən nəticələr - Bakı Maliyyə Hədəfi, Paris Sazişinin 6-cı maddəsinə uyğun karbon bazarlarının formalaşması və İtki və Zərərlərə Cavab Fondunun fəaliyyəti - Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı lider mövqeyini təsdiqlədi. Lakin prezident həm də realist yanaşmanın vacibliyini vurğuladı. Dünyanın bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməyəcəyini qeyd edərək yaşıl keçidə sadiq qalmaqla yanaşı, real olmayan hədəflər qoymamanın vacibliyini xatırlatdı”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr