AZ

Bakı şəhər prokurorluğunda “Açıq qapı” günü və seminar keçirilib - YENİLƏNİB

1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

APA xəbər verir ki, tədbirin məqsədi gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarına, nəzəri biliklərini praktik müstəvidə tətbiq etmələrinə və cəmiyyətdə prokurorluğun fəaliyyətinə dair maarifləndirici məlumatların artırılmasına şərait yaratmaq olub.

Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirələri bir dəqiqəlik sükutla anıldıqdan sonra açılışda çıxış edən Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov bu cür təşəbbüslərin gənclərin peşəkar formalaşmasında və gələcək fəaliyyətə hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O, rayon prokurorluqlarının səlahiyyətləri, gündəlik iş prinsipləri barədə ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışında prokurorluğun əsas fəaliyyət istiqamətləri və prioritetləri barədə danışıb.

Daha sonra Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Azərbaycan Prokurorluğunun inkişaf yolu: tarixi mərhələlər və müasir çağırışlar” mövzusunda təqdimatla çıxış edib.

Tədbir çərçivəsində Bakı şəhər prokurorluğunun əməkdaşları Yaqub Məmmədov, Əfqan Qafarov və Ramil Səfərov daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunçuluğa prokuror nəzarəti, prokurorluqda istintaqın təşkili və ona nəzarət, həmçinin prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaş məmnunluğu mövzularında çıxış edərək öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

Gənc hüquqşünaslar və media nümayəndələri ilə səmərəli müzakirələr aparılıb, iştirakçılara kriminalistik avadanlıqlar, habelə Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) nümayiş etdirilərək onların istintaq prosesində tətbiqi izah olunub.

Sonda iştirakçılar inzibati binada yaradılmış iş şəraiti ilə tanış olub, prokurorluğun gündəlik fəaliyyəti barədə əyani məlumat əldə ediblər. Tədbir xatirə fotosu ilə başa çatıb.

***

11.43

Bakı şəhər prokurorluğunda “Azərbaycan Prokurorluğu: Suverenliyin təminatında rolu” mövzusunda seminar təşkil olunub.

APA xəbər verir ki, tədbirdə Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşları, ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri, habelə media nümayəndələri iştirak edib.

Seminarı giriş sözü ilə açan Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıb, seminarın əsas məqsədinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan gənclərin peşəkar inkişafına dəstək vermək, prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanışlıq yaratmaq və cəmiyyətdə hüquqi maarifləndirməni artırmaq olduğunu vurğulayıb.

Daha sonra Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov seminarda çıxış edərək hüquqi maarifləndirmənin önəmini, prokurorluq orqanlarının müasir dövrdə qarşılaşdığı çağırışları, həmçinin cəmiyyətlə effektiv əlaqələrin prokurorluğun fəaliyyətindəki rolunu diqqətə çatdırıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli “Konstitusiya və Suverenlik İli: Azərbaycan dövlətçilik tarixində yeni mərhələ və Prokurorluğun dövlət suverenliyinin təminində rolu” mövzusunda çıxış edib.

Şöbə rəisi çıxışında Konstitusiya və Suverenlik ili çərçivəsində prokurorluğun fəaliyyətinin prioritet istiqamətlərini vurğulayıb, dövlət suverenliyinin qorunmasında prokurorluq orqanlarının hüquqi və praktiki funksiyalarını izah edib. Eyni zamanda, hüquqi nəzarət mexanizmlərinin rolu, qanunun aliliyinin təmin olunması üçün prokurorluq tərəfindən tətbiq olunan prosedurlar və istintaq proseslərinin səmərəliliyi barədə iştirakçılara məlumat verilib.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kafedra rəisi, dosent Səyyad Ağayev çıxış edərək dövlətçilik ənənələrinin möhkəmləndirilməsində hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin zəruriliyini, prokurorluğun bu istiqamətdə mühüm rolunu diqqətə çatdırıb.

Seminar interaktiv formatda davam edib. Tələbələrin çıxışçılara ünvanladıqları suallar cavablandərılıb.

Seminarda prokurorluq işinin praktiki nüansları, vətəndaş müraciətlərinə baxılması və ictimaiyyətlə əlaqələrin təşkili sahəsində real təcrübələr təqdim olunub.

Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı
Seçilən
12
5
apa.az

6Mənbələr