AZ

Bakı Şəhər Prokurorluğunda “Açıq qapı” günü keçirilib - FOTOLAR

1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunda hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin və media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçirilib. SİA xəbər verir ki, tədbirin məqsədi gənc hüquqşünasların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarına, nəzəri biliklərini praktik müstəvidə tətbiq etmələrinə və cəmiyyətdə prokurorluğun fəaliyyətinə dair maarifləndirici məlumatların artırılmasına şərait yaratmaq olub.

Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anıldıqdan sonra açılışda çıxış edən Bakı şəhər prokurorunun müavini Toğrul Muxtarov bu cür təşəbbüslərin gənclərin peşəkar formalaşmasında və gələcək fəaliyyətə hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O, rayon prokurorluqlarının səlahiyyətləri, gündəlik iş prinsipləri barədə ətraflı məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Bakı şəhər prokurorunun köməkçisi Famil Axundov çıxışında prokurorluğun əsas fəaliyyət istiqamətləri və prioritetləri barədə danışıb.

Daha sonra Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Azərbaycan Prokurorluğunun inkişaf yolu: tarixi mərhələlər və müasir çağırışlar” mövzusunda təqdimatla çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən hüquq islahatlarının dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin olunmasına və prokurorluq orqanlarının müasir tələblərə uyğun fəaliyyətinə xidmət etdiyini qeyd edib.

Tədbir çərçivəsində Bakı Şəhər Prokurorluğunun əməkdaşları Yaqub Məmmədov, Əfqan Qafarov və Ramil Səfərov daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunçuluğa prokuror nəzarəti, prokurorluqda istintaqın təşkili və ona nəzarət, həmçinin prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaş məmnunluğu mövzularında çıxış edərək öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

Gənc hüquqşünaslar və media nümayəndələri ilə səmərəli müzakirələr aparılıb, iştirakçılara kriminalistik avadanlıqlar, habelə Elektron Prokurorluq İnformasiya Sistemi nümayiş etdirilərək onların istintaq prosesində tətbiqi izah olunub.

Sonda iştirakçılar inzibati binada yaradılmış iş şəraiti ilə tanış olub, prokurorluğun gündəlik fəaliyyəti barədə əyani məlumat əldə ediblər.

Seçilən
0
5
sia.az

6Mənbələr