AZ

Reabilitasiya mərkəzlərinin narahatedici fəaliyyəti müşahidə olunur-RƏSMİ

Sağlamlığın qorunması hüququnun təmin edilməsi ilə bağlı vətəndaşların şikayətlərinin araşdırılması, monitorinqlərin keçirilməsi və qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi Ombudsmanın fəaliyyətinin mühüm tərkib hissəsidir. Bundan əlavə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti, psixoloji və sosial dəstəyin təmin olunması məsələləri Ombudsmanın diqqət mərkəzindədir. 

Bu barədə Ajans.az-ın baş redaktoru Tural Müseyibovun sorğusuna cavab olaraq Ombudsman Aparatından bildirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupu yaradılmışdır. Bu işçi qrupa müvafiq sahədə ixtisaslaşmış təcrübəli ekspertlər də cəlb olunmuş və ölkə üzrə əhalinin psixi sağlamlığının təmin edilməsi sahəsində fəaliyyət göstərən müəssisələrə başçəkmələr həyata keçirilmişdir.

Müxtəlif asılılıqlarla (narkomanlıq, alkoqolizm, qumar asılılığı və s.) bağlı reabilitasiya xidmətləri təklif edən mərkəzlərin fəaliyyəti, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar, tibbi xidmətin keyfiyyəti, pasiyentlərin hüquqlarının təmin olunması vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədilə İşçi Qrup tərəfindən paytaxt Bakıda və Abşeronda yerləşən bir neçə reabilitasiya mərkəzində monitorinqlər aparılmış və nəticələr barədə ictimaiyyət müvafiq qaydada məlumatlandırılmışdır.

Onu da qeyd edək ki, asılılıqdan əziyyət çəkən şəxslərin normal həyata qayıtması və cəmiyyətə adaptasiyası üçün reabilitasiya mərkəzlərinin fəaliyyəti çox vacibdir və dünyanın bir sıra ölkələrində belə mərkəzlər mövcuddur.

Lakin İşçi Qrup tərəfindən aparılan monitorinqlər və təhlil işi bu müəssisələrin fəaliyyətində insan hüquqları baxımından ciddi narahatlıq doğuran məqamların olduğunu aşkara çıxarmışdır.

Aparatdan bildirildi ki, monitorinqlərlə yanaşı, son dövrdə bir sıra reabilitasiya mərkəzlərinin başqa bir narahatedici fəaliyyəti müşahidə olunmaqdadır. Reabilitasiya prosesinə cəlb olunan şəxslərin görüntülərinin (foto və videolarının) sosial şəbəkələrdə və mediada paylaşılması halları artmaqdadır. Bu materiallar adətən həmin mərkəzlərin reklamı məqsədilə geniş auditoriyaya təqdim olunur, “müalicənin nəticələri” kimi nümayiş etdirilir. Lakin pasiyentlərin kimliyini əks etdirən bu cür görüntülərin onların öz razılığı olmadan ictimaiyyətə yayılması qanunla qadağandır və nəticə etibarilə həmin şəxslərin şəxsi toxunulmazlıq hüququnun pozulmasına səbəb olur. Reabilitasiya mərkəzlərinin öz maraqları naminə insanların ən həssas dönəmlərini əks etdirən görüntüləri yayması məxfilik prinsipinə və şəxsi həyata hörmət normalarına ziddir. Belə yanaşma həm də reabilitasiya prosesinin əsas məqsədlərindən olan pasiyentin cəmiyyətə ləyaqətli şəkildə reinteqrasiyası prinsipinə uyğun gəlmir. Unutmaq olmaz ki, asılılıqdan müalicə alan şəxs sonradan sağalıb normal həyata qayıdanda, vaxtilə onun haqqında yayılmış xoşagəlməz məlumatlar və görüntülər həmin şəxsin sosial adaptasiyasına mənfi təsir göstərə bilər.

Burada xüsusi olaraq vurğulanmalıdır ki, həm beynəlxalq, həm də milli hüquq normaları şəxslərin ləyaqətlə rəftar görmək və şəxsi toxunulmazlıq hüquqlarını qoruyur. BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının 22-ci maddəsinə görə iştirakçı dövlətlər sağlamlıq və reabilitasiya haqqında məlumatların məxfiliyini mühafizə edirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi isə birbaşa şəxsi və ailə həyatına hörmət hüququnu təmin edir. Azərbaycan Respublikasının Konstitusiyasında da şəxsi həyata hörmət və məlumatların gizliliyi öhdəliyi təsbit olunub. Konstitusiyanın 32-ci maddəsinin III hissəsinə əsasən, heç kəsin şəxsi həyatı haqqında məlumatlar (o cümlədən foto-video görüntülər) onun öz razılığı olmadan toplanıla, saxlanıla və yayıla bilməz. Eyni zamanda, “Psixiatriya yardımı haqqında” və “Narkoloji xidmət və nəzarət haqqında” qanunlarda pasiyentlərin müalicə məlumatlarının məxfi saxlanılması və onların şəxsi həyatına hörmət edilməsi barədə normalar mövcuddur. Bu hüquqi çərçivə ondan xəbər verir ki, reabilitasiya mərkəzlərində müalicə alan şəxslərin kimliyi, onların xəstəlikləri və müalicə prosesinə dair məlumatlar konfidensial hesab olunur və heç bir halda həmin şəxslərin razılığı olmadan ictimailəşdirilməməlidir.

Reabilitasiya xidmətləri təklif edən müəssisələrdə müalicə alan şəxslərin bütün fundamental hüquqları - yaşamaq, sağlamlıq, ləyaqətin müdafiəsi, şəxsi toxunulmazlıq hüquqları tam təmin olunmalıdır. Bu müəssisələrdə zorakılıq, alçaldıcı rəftar, qanunsuz azadlıq məhdudiyyəti kimi hallara qətiyyən yol verilməməli, pasiyentlərə qarşı münasibət həmişə insan ləyaqətinə uyğun olmalıdır.

Bunun üçün isə həmin müəssisələrdə insan hüquqlarının təminatı gücləndirilməli, onların fəaliyyəti şəffaf, qanuni və etik çərçivədə qurulmalıdır. Reabilitasiya mərkəzlərinə nəzarət mexanizmi gücləndirilməli, lisenziyalaşdırma proseduru təkmilləşdirilməlidir.

Seçilən
91
Ajans.az

1Mənbələr