AZ

İTSDA-nın nümayəndələri Türkiyədə təcrübə mübadiləsi aparıblar - FOTO

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) nümayəndə heyəti agentlik ilə Türkiyənin Sosial Müdafiə Qurumu (SGK) arasında imzalanan Anlaşma Memorandumu və Birgə Fəaliyyət Planına əsasən təcrübə mübadiləsi məqsədilə Ankara şəhərində səfərdə olub. Agentliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti SGK-nın mütəxəssisləri ilə bir sıra görüşlər keçirib. SGK-nın Strateji inkişaf departamentinin rəhbəri Yakup Koç nümayəndə heyətini salamlayaraq onları qurumda görməkdən məmnunluğunu ifadə edib. Yakup Koç, həmçinin iki ölkə arasında icbari tibbi sığorta sahəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulayıb və öz təcrübələrini paylaşmağa hazır olduğunu bildirib.

Agentliyin Tibbi planlama departamentinin Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, ölkəmizdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə tibbi xidmətlərə əlçatanlığın artdığını qeyd edərək, sistemin təkmilləşdirilməsində Türkiyə təcrübəsinin önəmini vurğulayıb.

İki gün davam edən görüşlərdə tərəflər tibbi xidmətlərin maya dəyərinin hesablanması, tibbi xidmətlərin təminata alınması, tibb təchizatçıları ilə müqavilələrin bağlanması, xidmətlərin dəyərinin ödənilməsi, xidmət prosesinin monitorinqi, ictimaiyyətlə əlaqələrin təşkili, insan resurslarının idarəolunması, beynəlxalq əməkdaşlıq sahələrində təqdimatlar edərək qarşılıqlı fikir mübadiləsi aparıblar.

Təqdimatlar zamanı SGK-nın ən mühüm İT layihələrindən biri olan MEDULA sistemi barədə ətraflı məlumat təqdim olunub. Tibb təchizatçıları tərəfindən məlumat bazasına daxil edilən dərman vasitələri və tibbi xidmət nümunələri nümayiş etdirilib. Sistem üzərindən qeydiyyat, fakturalaşdırma və proseslərin izlənilməsi qaydası izah olunub, iştirakçıların sualları cavablandırılıb.

Təcrübə mübadiləsi iki ölkə arasında icbari tibbi sığorta sahəsində mövcud əməkdaşlığın inkişafına töhfə verib.

Seçilən
24
5
sia.az

10Mənbələr