AZ

Azərbaycan “Tramp yolu”nun tezliklə açılması üçün bütün imkanlarını toparladı...


Ceyhun Məmmədov: “Bu gün Azərbaycan o prosesə tam hazırdır, bu istiqamətdə atılan bütün addımları dəstəkləyir”

Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində bir sıra mühüm məqamlara toxunub, o cümlədən də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”ndan (TRIPP) danışıb.

Prezident Əliyevin müraciətində bildirilir: “Cari ilin 8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti cənab Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış birgə bəyannamə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) əsasını qoydu. İnanıram ki, Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpaolunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər. Azərbaycan bu marşrutun yaxın zamanlarda reallaşması üçün bütün səylərini səfərbər edib”.

Prezident İlham Əliyev müraciətində bəyan edib ki,biz “Tramp yolu”nun tezliklə fəaliyyətə başlaması üçün bütün imkanlarımızı səfərbərliyə almışıq. Prezident görülən və görüləcək işlərdən, layihənin əhəmiyyətindən danışıb.

Azərbaycan Prezidenti növbəti dəfə bu istiqamətdə qətiyyətli bəyanat səsləndirib, amma hələlik Ermənistan tərəfindən belə qətiyyətli bəyanat eşidilmir.

“Bu, Azərbaycanın uğurlu siyasətinin, atdığı addımların növbəti göstəricisidir”

Millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, bu, hər zaman olduğu kimi, Prezident İlham Əliyevin özünün bir siyasətçi kimi bütün məsələlərə açıq, operativ, sistemli yanaşmasının göstəricisidir. “İlk dəfə deyil ki, cənab Prezident bu məsələni deyir və bu məsələni qaldırır. Bu gün Azərbaycan o prosesə tam hazırdır, bu istiqamətdə atılan bütün addımları dəstəkləyir, bu prosesə öz töhfəsini verməyə çalışır. Yəni bu gün Azərbaycan tərəfindən bu məsələ ilə bağlı bütün işlər görülür. Növbəti dəfə cənab Prezident ABŞ-da bu məsələni bir daha vurğuladı və onun əhəmiyyətinə geniş bir formada toxundu. Bu da məsələnin nə dərəcədə əhəmiyyətli və vacib olduğunu bir daha açıq-aydın göstərir. Bu, Azərbaycanın uğurlu siyasətinin, atdığı addımların növbəti göstəricisidir”.

Ermənistana gəlincə, millət vəkili qeyd etdi ki, biz Ermənistandan bu istiqamətdə real addımlar gözləyirik və Ermənistanın da real addımlar atmasını istəyirik. “Amma təəssüf ki, biz hələ Ermənistanın nümunəsində bunu tam görə bilmirik. Görünür, bunun da obyektiv səbəbləri var. Ermənistan seçkilərə hazırlaşır və Ermənistanda ictimai-siyasi vəziyyət müəyyən mənada mürəkkəbdir. Bu mürəkkəbliyə görə də biz Ermənistan tərəfindən bu məsələ ilə bağlı real addımlar atıldığını görə bilmirik. Amma bütün hallarda, Ermənistan da bu prosesə öz töhfəsini verməlidir. Bu istiqamətdə addımlar atmalıdır. Bizim bu gün Ermənistandan da gözləntilərimiz, yanaşmalarımız bundan ibarətdir. İnanırıq ki, Ermənistan da bu prosesə töhfə verməyə və real addımlar atmağa başlayacaq” - deyə C.Məmmədov bildirdi.

İradə SARIYEVA

Seçilən
23
baki-xeber.com

1Mənbələr