AZ

Azərbaycanda kasetli silahların yaratdığı təhlükələr araşdırılıb

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” (MOAK IB) ictimai birliyi Azərbaycanda kasetli sursatlar probleminin miqyası və zərərçəkənlərin vəziyyətinin müzakirəsi məqsədilə Dəyirmi Masa tədbiri təşkil edib.

QHT.az xəbər verir ki, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” (MOAK İB) ictimai birliyinin sədri Hafiz Səfixanov ölkə ərazisində kasetli sursatlarla bağlı aparılan təhqiqatın nəticələrini açıqlayıb. Onun sözlərinə görə, 1992–2025-ci illəri əhatə edən layihə işğaldan azad olunmuş bütün ərazilərdə (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa, Xocavənd, Xocalı, Ağdam, Kəlbəcər, Ağdərə, Xankəndi), keçmiş cəbhə xəttinə yaxın olan rayonlarda, həmçinin Mingəçevir, Yevlax, Bərdə və Ermənistanla sərhədyanı bölgələrdə həyata keçirilib:

"Layihə çərçivəsində kasetli silahlarla çirklənmiş ərazilərin monitorinqi aparılıb, zərərçəkənlərin müəyyənləşdirilməsi, infrastruktur layihələrinə təsirləri, eləcə də ANAMA və müvafiq qurumlarla əməkdaşlıq nəticəsində faktların toplanması təmin olunub. 56 gün ərzində aparılan çöl monitorinqlərinin nəticələri əsasında Azərbaycan və ingilis dillərində hesabat hazırlanıb".

Ermənistanın kasetli raket hücumları

H.Səfixanov bildirib ki, Ermənistan ordusu 2020-ci il Vətən müharibəsi zamanı Bərdə və digər yaşayış məntəqələrinə kasetli raketlərlə hücumlar edib.

  • 27 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qarayusifli kəndinə atılan kasetli raket nəticəsində 5 nəfər həlak olub, 14 nəfər yaralanıb.

  • 28 oktyabrda Bərdə şəhərinin mərkəzinə 3 raket zərbəsi nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb.

Hücumlar zamanı yüzlərlə ev, nəqliyyat vasitələri və obyektlərə ciddi ziyan dəyib.

Qurbanlar və statistika

1992–2025-ci illərdə aparılan araşdırmalar nəticəsində 233 mülki şəxs kasetli silah qurbanı kimi qeydə alınıb:

  • 51 nəfər (8-i uşaq, 13-ü qadın) həlak olub,

  • 182 nəfər (34-ü uşaq, 47-si qadın) müxtəlif dərəcəli xəsarət alıb.

Bundan başqa, 21 hərbçi də kasetli silah qurbanı olub (2-si həlak olub, 19-u yaralanıb). Ən kiçik qurban 5 yaşlı uşaq, ən yaşlısı isə 78 yaşlı şəxsdir.

Zərərçəkənlərin əksəriyyəti ağır yaralarla yanaşı psixoloji travma, depressiya və posttravmatik stress pozuntularından əziyyət çəkir. Əlavə olaraq, mülki qurbanların çoxu əlillik dərəcəsi ala bilmədiyi üçün sosial müdafiə imkanlarından məhrum qalıb.

Beynəlxalq təsdiqlər

“Human Rights Watch”, Amnesty International və digər təşkilatlar da Ermənistanın kasetli silahlarla hücumlarını sənədləşdirib. Ekspertlərin hesablamalarına görə, Azərbaycanda təxminən 80 km² ərazi kasetli sursatlarla çirklənmiş ola bilər.

Sosial-iqtisadi təsirlər

Hafiz Səfixanov bildirib ki, kasetli sursatlar nəticəsində fərdi evlər, nəqliyyat vasitələri, Mingəçevir İstilik Elektrik Stansiyası, hətta Bakı–Tbilisi–Ceyhan neft kəmərinin keçdiyi ərazi belə zərər görüb. Bu isə həm insan həyatına, həm də ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinə ciddi təhdid yaradıb. Qurbanların tibbi, psixoloji və sosial reabilitasiyaya, peşə hazırlığına və məşğulluq imkanlarına böyük ehtiyacı var. Layihənin həyata keçirilməsinə dəstək verən QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və onun rəhbəri Aygün Əliyevaya təşəkkürünü bildirib.

Seçilən
13
3
qht.az

4Mənbələr