AZ

20 il əvvəl tapılan qadının kimliyi müəyyən edilib

Ajans.az xəbər verir ki, 2023-cü ildə İnterpol tərəfindən başladılan və Avropada müəmmalı şəraitdə həyatını itirən qadınların kimliyini müəyyənləşdirmək məqsədi daşıyan “Məni Tanı” kampaniyası çərçivəsində şəxsiyyəti müəyyən edilən üçüncü haldır. Lyudmila Zavadanın cəsədi 2005-ci ilin iyulunda Barselona vilayətində yol kənarında aşkar edilmişdi. O zaman üzərində çəhrayı güllü bluz, çəhrayı şalvar və çəhrayı ayaqqabılar olan qadın polis tərəfindən "çəhrayı paltarlı qadın" kimi adlandırılmışdı. Yerli hüquq-mühafizə orqanları ölüm səbəbinin şübhəli olduğunu bildirmiş, cəsədin tapılmadan təxminən 12 saat əvvəl başqa yerdən gətirildiyini qeyd etmişdi. Lakin uzun müddət qadının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdı. 2024-cü ildə İnterpol ilk dəfə ictimaiyyətə təqdim etdiyi “qara bildirişlər” – yəni şəxsiyyəti naməlum olan meyitlərlə bağlı məlumatları – beynəlxalq hüquq-mühafizə orqanları ilə paylaşaraq işə yeni nəfəs verdi. Bu ilin əvvəlində isə Türkiyə polisi qadının barmaq izlərini milli məlumat bazasında yoxlayaraq onun şəxsiyyətini aşkara çıxardı. Daha sonra Rusiyada yaşayan yaxın qohumu ilə DNT analizi nəticəsində uyğunluq təsdiqləndi. İnterpolun baş katibi Valdesi Urquiza bu hadisəni “itkin düşənlərin ailələrinə və yaxınlarına yeni ümid”, istintaqçılara isə “yeni imkanlar” kimi qiymətləndirib. “20 ildən sonra bu naməlum qadına adı qaytarıldı”, – deyə o bildirib. Hazırda Lyudmila Zavadanın ölüm səbəbi və ətrafındakı şübhəli şəraitlə bağlı polis araşdırmaları davam edir. “Məni Tanı” əməliyyatı çərçivəsində ilk tanınan şəxs 1992-ci ildə Belçikada qətlə yetirilmiş Uels vətəndaşı, 31 yaşlı Rita Roberts olmuşdu. Ailəsi onu BBC-nin təqdim etdiyi döymə şəkli vasitəsilə tanımışdı. Daha bir hadisədə İspaniyada, bir quş tövləsində cəsədi tapılan qadının 33 yaşlı Paraqvay vətəndaşı Ainoha İzaga İbieta Lima olduğu müəyyən edilib. Onun ölüm səbəbi hələ də açıqlanmayıb. Hazırda hüquq-mühafizə orqanları Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya və İspaniyada ölü tapılan daha 44 qadının şəxsiyyətini müəyyən etməyə çalışır. Onların əksəriyyətinin 15-30 yaş aralığında olduğu və qətl qurbanları ola biləcəyi ehtimal edilir. İnterpol bildirir ki, artan qlobal miqrasiya və insan alveri səbəbindən insanlar daha çox öz ölkələrindən kənarda itkin düşür, bu da cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsini çətinləşdirir. Agentlik qeyd edir ki, qadınlar məişət zorakılığı, cinsi istismar və insan alveri kimi gender əsaslı zorakılıq hallarından qeyri-mütənasib şəkildə təsirlənirlər.

 

Seçilən
425
19
Ajans.az

10Mənbələr