AZ

Qayıdışın həyat simfoniyası...

Qarabağın çörəyinin ətri də özünə qayıdır

Qarabağda Böyük Qayıdışın ilk ünvanlarından olan Xocalı rayonunun Ballıca kəndi illər sonra yenidən əsl sahiblərinin yaşayış məskəninə çevrilib. Bir vaxtlar erməni quldurlarının tapdağı altında əzilən bu kənddə indi həyat qaynayır. Sakinlər həyətlərində əkib-becərdiklərini yerbəyer edir, təbiətin səxavətlə bəxş etdiyi, meşələrdə öz-özünə bitmiş qoz, zoğal ağaclarının bol məhsullarından, müxtəlif giləmeyvələrdən yığıb qışa hazırlıq görürlər.

Payızın həzin nəfəsi burada daha tez duyulmağa başlayıb. Səhərlər çiyinlərində çanta dərsə gedən uşaqların səsləri, gülüşləri aləmi götürür, yaşlıların hərəsi bir işlə məşğul olur, el arasında deyilən kimi, qarışqa kimi çalışırlar. Ballıca xoşbəxt günlərinə geri dönüb, hər yerdə insan nəfəsi duyulur, insan əlinin zəhmətinin ilkin bəhrələri göz oxşayır. Kənddə əkinçiliklə, heyvandarlıqla yanaşı, sahibkarlığın inkişafı, sakinlərin öz bizneslərini qurmaları üçün də hər cür şərait yaradılıb, müxtəlif təyinatlı obyektlər, iaşə müəssisələri fəaliyyətə başlayıb.

Elə Ballıcanın yeni simvoluna çevrilmiş “bal pətəyi”nin yanında payız qoxusunu üstələyən çörək ətri də belə müəssisələrdən birindən, Xocalı rayon sakini, qazi, ikinci qrup əlil Elçin Həsənova məxsus çörək və şirniyyat sexindən ətrafa yayılır. Bu ətri duyub yanından laqeyd ötmək mümkün deyil. Odur ki, Ballıcaya budəfəki səfərimizdə yaxınlaşıb Qarabağ çörəyinin ətrini geri qaytaranlarla salamlaşdıq, “bərəkətli olsun!” deyərək söhbətə başladıq.

Öyrəndik ki, E.Həsənov Xocalı rayonunun vaxtilə erməni separatçılarına qan uddurmuş qəhrəman Kosalar kəndindəndir. Doğma yurd-yuvasından didərgin düşəndə cəmi 9 yaşı olub. Uzun illər ailəsi ilə birlikdə məcburi köçkün kimi Gəncə ətrafında məskunlaşan Elçin həqiqi hərbi xidmət yaşı çatdıqda Vətən borcunu ödəməyi özünə şərəf bilərək ordu sıralarına yollanıb. Çətin relyefli Murovdağ silsiləsindəki “N” saylı hərbi hissədə xidmətini başa vursa da, öz təbirincə desək, müqəddəs borcunun bitmədiyinə qərar verib.

Daha 8 il müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi Murovun qarlı səngərlərində torpaqlarımızın keşiyində dayanıb. Öz ata-baba yurdunun da erməni işğalında olması onun ürəyində mənfur düşmənə qarşı qəzəb və qisas hissini alovlandırıb. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun şanlı qələbəsi ilə bitən 44 günlük savaşın iştirakçısı olmuş Elçin müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb və 2021-ci ildə ikinci qrup əlil kimi ordu sıralarından təxris edilib.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra Vətən həsrəti sona çatan, doğma yurda qayıtmaq arzuları gerçəkliyə çevrilən Elçin Həsənov 2024-cü ilin sonlarında Xocalı rayonunda çörək sexi açmaq xahişi ilə aidiyyəti qurumlara müraciət edib. Müraciəti qısa müddətdə müsbət cavablandırıb və artıq bir neçə aydır ki, Ballıcada işə başlayıblar. İndi təkcə sakinlər deyil, kəndin çoxsaylı qonaqları da isti təndir çörəyi üçün bu ünvana üz tuturlar. Elçin Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərində iştirak etməyin qürurverici olduğunu dedi:

– Bu gün möhtərəm Prezidentimiz, böyük Sərkərdəmiz sayəsində işğaldan azad edilmiş torpaqlarımızda yeni tarix yazılır. Həm doğma yurda qayıtmaq, həm də görülən işlərin şahidi və iştirakçısı olmaq mənim üçün böyük şərəfdir. Fəxr edirəm ki, Ballıcada öz camaatımızın xidmətindəyəm.

Uşaq vaxtı ayrı düşdüyüm Vətənimə iki övlad atası kimi dönmüşəm. Bizim bu gözəl yerlərdə yarımçıq qalmış uşaqlığımızı, gəncliyimizi onlar biz əvəzdən də yaşayacaqlar. Bax, bu duyğular sözlə ifadə ediləcək deyil!

Yeni müəssisə həm də yeni iş yerləri deməkdir. Çörək sexində hazırda 4 nəfər çalışır. Dadlı, ətirli Qarabağ çörəyini bişirən Gülşən Bayramova da təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşdü:

– Ailəmiz Xocalıdan didərgin düşdükdən sonra Ucar rayonunda məskunlaşmışdı və mən dünyaya məcburi köçkün kimi gəlmişəm. Ona görə də nə Xocalını, nə Kosaları, nə də Ballıcanı görmüşdüm. Ancaq ailəmizdə ata-baba yurdlarımız haqqında söhbətlər bu yerləri mənə sevdirmişdi. Çox şükür, artıq neçə aydır ailəmlə, iki balamla daimi olaraq Ballıcaya qayıtmışam və bu sexdə ürəklə, sevinclə işləyirəm. Çalışıram elə çörəklər bişirim ki, yeyənlərin ağzı dada gəlsin.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, ordumuzu qorusun! Bugünkü xoşbəxtliyi, sevinci, qüruru bizə bəxş edən Prezidentimizlə fəxr edirik, gecə-gündüz ona duaçıyıq.

... Ballıcadakı çörək sexinin işçilərinə işlərində uğurlar arzulayıb, söhbətimizi də beləcə yekunlaşdırmış olduq. Yadımdadır, hələ uşaq vaxtı kəndimizdə təndirdə çörək bişirən analar, nənələr xeyli uzaqdan keçənləri də səsləyirdilər ki, gəlin, təzə çörəyimizdən kəsin. Səbəbini soruşanda mənasını sonralar daha dərindən dərk edəcəyim cavab almışdım: Xalis buğda çörəyinin ətri xeyli uzaqlara qədər yayılır. Ona görə yoldan keçənləri çörəkdən yeməyə dəvət edirlər ki, birdən ac olar, o ətri hiss etmiş insanın meyli çəkər. Bax, xalqımız belə müdrik, belə böyük xalqdır! Sanki torpaqlarımız işğal altında olanda Qarabağ çörəyi də öz ətrini itirmişdi. Bu gün isə əzəli sakinləri öz yurdlarına qayıtdıqları kimi, çörəyimizin də ətri, dadı, bərəkəti özünə qayıdır. “Torpaq çörəyi ilə, insan əməyi ilə” deyib atalarımız. Əməyimizin bəhrəsi olan çörəyimiz bol, süfrələrimiz hər zaman bərəkətli olsun, Qarabağımız bir daha təzə çörək ətrinə həsrət qalmasın!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri,
Xocalı

Seçilən
22
1
xalqqazeti.az

2Mənbələr