Rusiya Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsində Ukraynadakı işğalçı müharibənin xərclərini ödəmək üçün bir sıra kritik addımlar planlaşdırıb. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu addımlardan biri 2026-cı ildən başlayaraq əlavə dəyər vergisi (ƏDV) dərəcəsinin 20 faizdən 22 faizə qaldırılmasıdır. Təklif ABŞ prezidenti Donald Trampın Rusiyanı “böyük iqtisadi çətinliklər” içində olduğunu iddia edərək “kağız pələng” adlandırdığı bir vaxtda verilib.
Rusiya hökuməti bəzi Kreml rəsmilərinin “hərbi büdcə” adlandırdıqları 2026-cı il üçün yeni büdcə layihəsini təsdiqləyib və 2025-ci il üçün yenilənmiş məlumatları açıqlayıb. Məlum olur ki, hökumət bu il iqtisadi artımın keçən ilki 4,3 faizdən 1 faizə düşəcəyini proqnozlaşdırır.
Maliyyə Nazirliyinin sənədlərinə görə, 2026-cı ildə milli müdafiə xərcləri postsovet məkanında 2025-ci ildə 13,5 trilyon rubl olan zirvədən 12,6 trilyon rubla (təxminən 150,5 milyard dollar-red.) qədər azalacaq. 2025-ci il büdcə kəsiri ÜDM-in 2,6 faizi səviyyəsində qiymətləndirilir ki, bu da müharibənin əvvəlindən bəri rekord hədddir.
Maliyyə Nazirliyi qeyd edib ki, ƏDV artımı 2026-cı ildə təxminən 1,2 trilyon rubl (təxminən 14,33 milyard dollar) əlavə gəlir gətirəcək. Hökumət həmçinin 2025-ci ildə borclanmanı 46 faiz artırmağı planlaşdırır. Nazirlik vergi artımından əldə olunacaq gəlirlərin ilk növbədə müdafiə və təhlükəsizliyin maliyyələşdirilməsinə yönəldiləcəyini bildirib. Bundan əlavə, qumar oyunlarına vergilərin artırılması və kiçik biznes üçün güzəştlərin aradan qaldırılması təklif olunur.
Ekspertlər xəbərdarlıq edir ki, bu, son aylarda azalan inflyasiyanı yenidən sürətləndirəcək və Mərkəzi Bankın əsas faiz dərəcəsinin daha da azaldılmasını çətinləşdirəcək. T-Bank analitiklərinin fikrincə, 2019-cu ildə ƏDV-də əvvəlki iki faizlik artım inflyasiyaya 0,6 faiz bəndi artırıcı təsir göstərib, 2026-cı ildə isə 2 faizlik artım inflyasiyanı 1,5 faiz bəndi artıra bilər. Rublun məzənnəsi hazırda 1 dollar üçün 83,75 rubl civarındadır. Yeni proqnoz 2026-cı ildə orta rubl-dollar məzənnəsini 92,2 rubl səviyyəsində proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan 8 faiz çoxdur.
Musavat.com