AZ

Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Xüsusi Olimpiya Festivalı keçirilib - VİDEO

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Xüsusi Olimpiya Festivalı keçirilib.

Festivalın açılış mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov, dövlət qurumlarının və qeyri hökümət təşkilatlarının təmsilçiləri, həmçinin olimpiya çempionları, tanınmış idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əlilliyi olan şəxslərin idmana cəlb edilməsi, onların cəmiyyətə inteqrasiyasının təşviq olunması, həmçinin bacarıq və istedadlarının geniş auditoriyaya təqdim edilməsi məqsədi daşıyan festivalda iştirakçılar əvvəlcə “İdmançı Ustalıqları” zonası ilə tanış olublar. Burada badminton, gimnastika, cüdo, tennis, pauerlifting və yüngül atletika üzrə xüsusi olimpiya idmançıları nümunəvi çıxışlar ediblər.

Sonra Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarlarının surdo müşayiəti ilə işarə dilində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Nazir Fərid Qayıbov Xüsusi Olimpiya idmançılarının nailiyyətlərinə diqqət çəkib. Bildirib ki, ölkə başçısının idmana və idmançılarımıza xüsusi qayğısı bu sahənin inkişafına zəmin yaradıb.

Qeyd olunub ki, Xüsusi Olimpiya hərəkatı bu gün 200-ə yaxın ölkədə uğurla tətbiq olunur və idmançılarımızın beynəlxalq xüsusi olimpiya yarışlarında nailiyyətlər qazanması sevindirici haldır.

Komitənin sədri Vüqar Behbudov bildirib ki, məhz dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və dəstəyin nəticəsi olaraq xüsusi olimpiyaçılarımız beynəlxalq yarışlardan medallarla qayıdırlar.

Sədr qeyd edib ki, Azərbaycanda Xüsusi Olimpiya Hərəkatı 1990-cı ildən fəaliyyət göstərir. Bu illər ərzində minlərlə xüsusi qayğıya ehtiyacı olan gənc idmana cəlb olunub, onların sosial həyata inteqrasiyasına dəstək göstərilib. Komitənin hədəfi bu kateqoriyadan olan daha çox gənci idmana cəlb etmək, yeni yarışlar təşkil etmək və beynəlxalq arenada ölkəmizi uğurla təmsil etməkdir.

 

Seçilən
75
qht.az

1Mənbələr