ain.az bildirir, 525.az saytına əsaslanaraq.
Mirağa Qasımov haqq savaşımız başladığı gündən etibarən Vətən torpaqlarının azadlığı naminə düşmənə qarşı son damla qanına qədər döyüşüb, yaddaşlara əbədi yazılmış igidlik və mərdlik nümunəsi göstərib.
1995-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olan Mirağa Hafiz oğlu Qasımov yetkinlik yaşına çatdıqda, ilk arzusu düşmən tapdağı altında olan Vətən torpaqlarını azad görmək olub. Ermənilərin Qarabağda törətdiyi qanlı cinayətlərə heç vaxt laqeyd qala bilmirdi. Qanında və ruhunda daşıdığı Vətən sevgisi onu daim döyüşə səsləyirdi. Əsgərliyə yola düşərkən də düşməndən Vətənin qisasını alacağına and içmiş, yaxınlarına deyibmiş ki, "ordumuz tezliklə erməni işğalçılarına qalib gələcək, mən də yanınıza zəfər sevinci ilə, alnıaçıq, başıuca qayıdacağam".
Mirağa Qasımov 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərb sənətinə olan marağı və qəlbində çağlayan Vətən sevgisi onu 2015-ci ildə Dövlət Sərhəd Xidmətinə gətirib. O, Çevik Hərəkət Qüvvələrinin tərkibində xidmətə başlayaraq yüksək fiziki hazırlığı, intizamı və çalışqanlığı ilə qısa müddətdə peşəkar hərbi qulluqçu kimi formalaşıb. Xüsusi döyüş tapşırıqlarının icrasında və müxtəlif taktiki təlimlərdə yüksək nəticələr göstərərək yoldaşlarının etimadını qazanıb, igidliyi, mərdliyi və dürüstlüyü ilə hər kəsə nümunə olub.
2020-ci ildə Vətən müharibəsi başlayanda, Mirağa nəhayət arzusuna çatıb. O, 30 ilə yaxın işğal altında olan kəndlərin və rayonların azad olunması uğrunda rəşadətlə döyüşüb. Azad edilən ərazilərdə Azərbaycanın üçrəngli qələbə bayrağı dalğalananda, Mirağa daha da ruhlanıb, hər döyüşdə qələbə eşqi ilə cuşa gəlib və Vətənə olan sevgisini şücaətlə sübut edib. Füzuli və Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirib. Daha sonra Zəngilan şəhəri və ətraf ərazilərin azad olunmasında iştirak edən bölmələrin tərkibində xüsusi fərqlənib.
21 oktyabr 2020-ci il tarixində Zəngilanda gedən döyüşlər zamanı düşmən qüvvələrinin darmadağın edildiyi ərazidə ağır yaralanıb. Bakı şəhərinə təxliyə olunaraq ölkəmizin qabaqcıl tibb müəssisələrində müalicə alsa da, 12 noyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.
Vətənə və millətə əvəzsiz xidməti ilə ürəklərə köçən kiçik gizir Mirağa Hafiz oğlu Qasımov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "İgidliyə görə" medallarla təltif edilib.
Zəfər ORUCOĞLU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.