Musavat.com xəbər verir ki, Ailə və Sosial Xidmətlər Nazirliyi "Perperişan" mahnısının sözlərini nalayiq gördüyünü deyərək Mabel Matizlə bağlı tədbir görüb.
Nazirlikdən verilən məlumata görə, Ankara məhkəməsinə təqdim edilən ərizədə mahnının məzmununun ailəyə zərər verə biləcəyi, uşaq və gənclərin zehni inkişafına mənfi təsir göstərə biləcəyi, ictimai asayişi poza biləcəyi, ictimaiyyətin hiddətinə səbəb ola biləcəyi bildirilib.
Mabel Matiz haqqında məhkəmə nəzarəti tədbiri və ölkədən çıxış qadağası tətbiq edilib.
Qeyd edək ki, mahnının bloklanması qərarından sonra Mabel Matiz instaqram hesabında paylaşım edərək bu sözləri yazmışdı:
"Süfrədə bolluq, küçələrdə təhlükəsizlik, insanlarda dürüstlük və bir çox narahatlıqlarımız olsa da, sosial şəbəkələrdə günlərlə yazdığım mahnının sözləri sanki başqa bir dərdimiz yoxmuş kimi danışılır. Bu, son dərəcə pisniyyətlidir və ağlı başında olan insanın qavraması qeyri-mümkün olacaq şəkildə tamamilə başqa yerə aparılır. Mən heyrətlə izləyirəm".
Matiz bildirib ki, mahnı xalq ədəbiyyatı ənənəsinə əsaslanaraq metaforalarla sevgi hekayəsindən bəhs edir.